Modern.az

Qənirə Paşayevanın “Addım-addım Yaponiya” kitabı təqdim olundu

Qənirə Paşayevanın “Addım-addım Yaponiya” kitabı təqdim olundu

8 May 2021, 12:36

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın müəllifi olduğu “Addım-addım Yaponiya” kitabının onlayn təqdimatı keçirilib.

Onlayn təqdimatın aparıcısı, MM Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı təqdimatda iştirak edən səfirləri, millət vəkillərini, alimləri və tədbirin iştirakçısı olan bütün ziyalıları salamlayaraq, bu nəfis nəşrin özəllikləri barədə yığcam məlumat verib, müəllifin Azərbaycan yaponşünaslığına önəmli bir əsər qazandırdığını vurğulayıb.

Kitabın yaranma zərurəti haqqında danışan müəllif – MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Yaponiyaya 2017-ci ildə baş tutan səfəri barədə məlumat verərək, belə gözəl ölkə, mükəmməl cəmiyyət haqqında yazmağı özünə borc bildiyini söyləyib. Azərbaycan-Yaponiya Parlamentlərarası İşçi Qrupunun üzvü kimi iki dost ölkə arasında ictimai-siyasi əlaqələrin inkişafını yaxından izlədiyini vurğulayan Qənirə Paşayeva, 16 illik parlament üzvlüyü ərzində həmişə bu qrupun üzvü olduğunu məmnuniyyətlə söyləyib.

Komitə sədri xüsusi qeyd edib ki, Yaponiya Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib, regionda və dünyada sülhün, tərəqqinin tərəfdarı kimi çıxış edib: “44 günlük Vətən müharibəsinə, eləcə də, müharibəsonrası başlayan quruculuq işlərinə münasibətdə Yaponiyanın konstruktiv yanaşmasının şahidi olduq. Fürsətdən istifadə edib Yaponiyanın Azərbaycandakı, Azərbaycanın Yaponiyadakı səfirliklərinə, şəxsən cənab səfirlər Cuniçi Vada və Gürsel İsmayılzadəyə, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Əminə xanım Ağazadəyə və qrup üzvlərinə könül dolusu təşəkkürlərimi yetirirəm.

Heç şübhəsiz ki, Azərbaycan-Yaponiya münasibətlərinin müasir vəziyyəti və inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin, prezident İlham Əliyevin adı ilə sıx bağlıdır. Çox şadam ki, parlamentlər arasında da yaxşı əməkdaşlıq mühiti və imkanları var. Sahibə xanım Qafarovanın rəhbərliyi ilə parlamentimiz də dost ölkələrin əməkdaşlığına öz töhfələrini verməkdədir.

Sizin hər birinizə bugünkü təqdimatda iştirakınız və ifadə edəcəyiniz fikirlər üçün öncədən təşəkkür edir, uğurlar arzulayıram”.

Yaponiyanın Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri cənab Cuniçi Vada öz çıxışında iki ölkə arasındakı ictimai-siyasi, mədəni əməkdaşlığın tarixindən, ölkələrimiz arasında imzalanmış mühüm hüquqi sənədlərdən söz açıb.

Səfir qeyd edib ki, “Addım-addım Yaponiya” kitabı Yaponiyaya, qədim yapon mədəniyyətinə müəllifin məhəbbətini və bələdliliyini əyani şəkildə göstərir. Müəllifə belə bir kitab üçün təşəkkürünü bildirən səfir, ölkələrarası münasibətlərin indiki yüksək səviyyəsinə vurğu edib. Səfir Azərbaycanın 44 günlük Vətən Müharibəsində həyatını itirmiş insanların xatirəsini sayğıyla yad edib, başsağlığı diləklərini yetirib.

Səfir bildirib ki, yapon şirkətləri Qarabağda yaşıl enerji zonasının yaradılması işində iştirak edəcək, artıq bununla bağlı müvafiq razılaşmalar əldə edilib, sənədlər imzalanıb.

Azərbaycanın Yaponiyadakı Fövqəladə və səlahiyyətli səfiri cənab Gürsel İsmayılzadə təqdim olunan kitabın ABŞ antropoloqu Ruz Benediktin “Xrizantema və Qılınc” kitabı (1946) ilə xoşməramlı müqayisəsini apraraq, yaponşünaslığın yeni bir mənbə qazandığını deyib.

Səfir bildirib ki, Qənirə Paşayevanın “Addım-addım Yaponiya” kitabı Azərbaycan oxucularını bizə dost olan Yaponiyanın təbiəti, tarixi, zəhmətkeş xalqı, mədəniyyəti və ənənələri ilə hərtərəfli tanış edərək könül səyahətinə aparır. Səfir sözügedən kitabın beynəlxalq aləmdə ikitərəfli münasibətlərə də töhfə verəcəyinə inam ifadə edib.

Beynəlxalq Türk Akademiyasının daimi katibi Asxat Kesikbayev, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Əminə Ağazadə, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri – MM Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Prof.dr. Jalə Əliyeva, Vüqar İskəndərov, Prof.Dr. Kamilə Əliyeva, Tokiodakı Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova, ADPU Quba filialının direktoru Dos.Dr. Yusif Alı Afşar, “Addım-addım Yaponiya” kitabının rəyçiləri – Dos.Dr. Təranə Turan Rəhimli və AzərTac-ın Yaponiya təmsilçisi Vüqar Ağayev təqdimatda çıxış edib. Qeyd olunub ki, müəllif Qənirə Paşayeva Yaponiyanın bölgələrinə qısa müddətli səfərlər etməsinə baxmayaraq, hər bir region, şəhər və kənd, eləcə də regional adət-ənənələrlə yaxından tanış ola bilib; oxucu onun yaratdığı dolğun təəssürat əsasında Yaponiya ilə tanış olur, yapon özünəməxsusluğunu anlayır.

Azərbaycan-Yaponiya Parlamentlərarası İşçi Qrupu və Yaponiya-Azərbaycan Parlamentlərarası Dostluq Liqasının fəaliyyəti, eləcə də, dövlətlərarası əlaqələrin mövcud müqavilə-hüquq bazası haqqında məmnunluqla söz açan çıxışçılar, yeni fəaliyyətlər üçün potenisalın mövcud olduğunu söyləyib.

Çıxışlarda “Addım-addım Yaponiya” kitabı dost ölkələrin mədəni əlaqələrinə bir töhfə kimi xarakterizə olunub və bu cür nəfis kitaba görə müəllifə təşəkkür bildirilib, uğurlar arzulanıb.

Tədbirin sonunda xanım Paşayeva və cənab Vada bağlanış sözü söyləyərək, təqdimatda iştirak edən hər kəsə təşəkkür edib, Azərbaycan-Yaponiya əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə inandıqlarını vurğulayıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir