Modern.az

Azərbaycanda hansı banklar yaxşı işləyir? - İqtisadçılar siyahı AÇIQLADILAR

Azərbaycanda hansı banklar yaxşı işləyir? - İqtisadçılar siyahı AÇIQLADILAR

İqtisadiyyat

8 May 2021, 12:53

Azərbaycanda fəaliyyət göstərən banklara birmənalı münasibt yoxdur. Maraqlıdır, iqtisadiyyat sahəsinin ekspert və jurnalistləri hansı bankları daha nüfuzlu sayır, onların işini qənaətbəxş hesab edirlər?

Modern.az-ın əməkdaşı bu sualla bir neçə nəfərə müraciət edib.

 

İqtisadçı deputat Vahid Əhmədov ümumi bank sistemində “PaşaBank”, “Beynəlxalq Bank”, “Xalq Bank”, “Rabitə Bank”ın fəaliyyətini müsbət qiymətləndirir:

“Bu bankların da müəyyən problemləri var. Lakin ümumi bank sisteminin problemlərini, Azərbaycan əhalisinə münasibəti, kredit faizlərini nəzərə alsaq, onlar daha yüngül banklar hesab oluna bilərlər. Bankların reytinqi beynəlxalq aləmdə yüksəkdir, təcrübəli kadrları və kifayət qədər dövriyyə vəsaitləri, kredit ehtiyatları var. Hətta şəhid ailələri və qazilərlə əlaqədar məsələlərdə çox diqqətlidirlər”.

 

Report.az informasiya agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Namiq Hüseynov “Bank Respublika”, “Kapital Bank”, “VTB Azərbaycan”, “Unibank” və “Accesbank”ın öz müştərilərinə keyfiyyətli xidmət göstərdiyini bildirib. Onun  sözlərinə görə, bu banklar müştəri məmnuniyyətinə önəm verir, bazara yaxşı məhsullar çıxarır, maliyyə göstəriciləri də yüksəkdir.

“Yeni Müsavat” qəzetinin iqtisadiyyat yazarı Dünya Sakit Azərbaycanda bankların iqtisadi-maliyyə göstəricilərinə əsasən, onların peşəkar olub-olmadığını deməyin ədalətli yanaşma olmadığını söyləyib:


“Azərbaycanda iqtisadiyyatın digər sahələrində olduğu kimi, banklar arasında da qeyri-sağlam rəqabət mühiti və himayədarlıq sistemi hökm sürür. Buna görə də maliyyə-iqtisadi göstəriciləri yüksək olan bankların peşəkar olduqlarını söyləmək olmaz. Onlar yüksək göstəriciləri sağlam rəqabət mühitində, öz peşəkarlıqları hesabına deyil, himayədarlarının sayəsində əldə ediblər. Bu baxımdan, 2015-2016-cı illərin böhranından sonra zəif himayə ilə ayaqda qalmağı, öz göstəricilərini yaxşılaşdırmağı bacaran bəzi banklar digərlərinə nisbətən daha peşəkardırlar. Bunlardan “Bank of Baku”, “Rabitəbank”, “Unibank”, “Accessbank”ın adını çəkmək olar. Banklar arasında xidmət səviyyəsinə görə “PaşaBank”ı qeyd edə bilərəm. Əlbəttə, bu bank da ölkədə mövcud olan himayədarlıqdan kənarda qalmayıb, lakin oradakı xidmət səviyyəsini digər banklarda görmək mümkün deyil. Xidmət səviyyəsini də peşəkarlıq göstəricisi kimi qəbul edirəm”.

 

İqtisadçı ekspert Natiq Cəfərli ümumi bank sisteminin inkşafı üçün orada yeni texnologiyaların tətbiqinə, bank məmulatlarının istehlakçılara təqdim olunmasına ehtiyac duyulduğunu vurğulayıb:


“Rəqabətli mühitin yaranması, kredit faizlərinin azaldılması da bu ehtiyaclardan biridir. Bank sisteminin dayanıqlılığı zəifdir və bu problemlər həll edilməlidir.

Hansı bankların öndə olduğunu qeyd etsək, deyə bilərəm ki, dövlət bankları daha öndədir. İki dövlət bankı var ki, “Beynəlxalq Bank”, “Azər-Türk Bank” dövlətin nəzarətindədir və onlara özəl münasibət var. Bəzi dövlət ödənişləri onlar vasitəsilə həyata keçirildiyi üçün əlavə qazanc imkanları yaranır və daha önə çıxırlar”.

 

 

Mehri Qurban

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi