Arxiv
8 May 2021, 13:40 | DİASPOR
Azərbaycan diasporu 8 may tarixini necə qeyd edir…

Bu gün 8 May Şuşanın işğal günüdür.

 

Xalqımız 30 il müddətində 8 may tarixini Şuşanın işğal günü kimi anıb. Bu il isə Şuşanın işğal gününü qalib xalq kimi yad edirik.

2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları 8 noyabrda Şuşanın azad olunması ilə sonlandırıldı. Şuşamız azadlığına qovuşdu. Həmin günü artıq hər il Zəfər günü kimi qeyd edəcəyik.

Lakin Şuşanı azad etməyimizə baxmayaraq, 1992-ci il 8 may işğalını da unutmamalıyıq….

 

Modern.az saytının əməkdaşı mövzu ilə bağlı Azərbaycanın ayrı-ayrı ölkələrdəki diaspor rəhbərləri ilə danışıb.


Ukraynanın Dnepr vilayətində ilk diaspor təşkilatının qurucusu Eldar Tağıyev
8 may tarixini artıq matəm günü kimi qeyd etməyəcəklərini bildirib:


“Laçının işğaldan azad olunması münasibəti ilə nömrələrlə 100 döş nişanı hazırlatmışıq. Bir ay yarımdır ki, 8 maya hazır olmasına çalışırdıq. Onları  Laçından olan dostlarımıza paylayacağıq.

Ukraynada 8 may tarixi Qələbə günü kimi qeyd olunur.  İİ Dünya müharibəsinin başa çatması ilə əlaqədar Qələbə bayramı 9 mayda yox, 8 mayda qeyd edilir. Biz isə indiyə kimi 8 mayı matəm günü kimi qeyd edirdik.

Bizim bundan ağır günümüz yox idi. Bu il 8 mayı təntənəli şəkildə qeyd edəcəyik. Ukraynalılar Avropa ilə birlikdə 8 mayı Qələbə bayramı günü kimi qeyd edirlər. Biz də artıq işğal gününü tariximizdən silirik. Düşmənə öz gücümüzü göstərib cavablarını vermişik. Bu gün abidə ətarfında toplaşıb Qələbə bayramını qeyd edəcəyik”.

 

Gürcüstan Tələbə Parlamentinin Diaspor və Qafqaz məsələləri komitəsinin sədri Elvin Tağıyev deyib ki, indiyə kimi Şuşada törədilmiş qətliamlar Gürcüstanda yaşayan azərbaycanlılar tərəfindən 7-8 may tarixlərində xüsusi ehtiramla anılırdı:


“Öncə dünyada yaşayan bütün Azərbaycan xalqını 44 günlük Vətən müharibəsində qazandığı Zəfər münasibətilə ürəkdən təbrik edir, gələcəkdə daha böyük nailiyyətlər arzulayıram. Xüsusi olaraq da döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərimizə müqəddəs Ramazan ayında Allahdan rəhmət diləyir, ailələrinə və xalqımıza başsağlığı verirəm.
Vətən müharibəsində Qafqazın cənnət məkanı olan Şuşa şəhəri Ermənistan işğalından azad edildi. 2020-ci ilin 8 mayında Şuşa işğaldan azad edilən zaman bütün məhdudiyyətlərə baxmayaraq, buradakı soydaşlarımız qələbəni çox böyük sevinclə qeyd etdilər. O zamana kimi Şuşanın işğal gününü böyük məyusluq içərisində qeyd edirdik. Amma artıq vəziyyət dəyişib.

Təəssüf ki, bu il Gürcüstanda yaşayan soydaşlarmız qlobal problemə çevrilən pandemiya səbəbindən xüsusi tədbir keçirə bilmirlər”.

 

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov da hər il 8 mayda tədbir keçirdiklərini xatırladıb:


“Ukraynalı velosipedçilərlə Krımda velotur keçirmişdik. Veloturda olan idmançılar xüsusi köynəklərdə iştirak edirdilər. Köynəkdə “Susha Is Azerbaijan” yazılmışdı.

Bununla yanaşı, müxtəlif Kütləvi İnformasiya Vasitələrində yazılarımız çıxırdı.. Lakin indi işğal gününü qeyd etməyə dəyməz. Artıq bizim Şuşanın azad olunma günümüz var. Bundan sonra qələbə günləri ilə yaşamaq lazımdır”.

 

Moskva Azərbaycanlıları İcmasının rəhbəri Şamil Tağıyevin sözlərinə görə,  8 may tarixində ermənilər Rusiyada və dünyada böyük miqyaslı tədbirlər keçirirdilər. İndi situasiya fərqlidir:


“Əslində İkinci Dünya müharibəsində qələbə 8-9 may tarixləri arasında qazanılıb. Rusiya bunu 9 mayda, Avropa ölkələri isə 8 mayda qeyd edir. Ermənilərin Şuşanı məhz 8 may günü işğal etməsi əvvəlcədən planlaşdırılmış bir hiylə idi. Yəni ki, dünya 8 mayda qələbəni qeyd edəndə bunlar da guya Şuşanı azərbaycanlılardan “azad ediblər”. Belə bir saxtakarlıqla bu məsələni dünya tarix kitablarına saldırıbıar.

Rusiyada hər il 8-9 may tarixində konsertlər, tədbirlər keçirilir. 2000-ci ilin əvvəllərində bu tarix ərəfəsində ermənilər və azərbaycanlılar arasında qarşıdurmalar olurdu. Son illərdə bu məsələlər bir qədər səngimişdi. Amma ermənilər öz evlərində, işlədikləri idarələrdə Şuşanın işğalı günün təntənəli şəkildə qeyd edirdilər. Nəhayət Azərbaycan ordusunun Qarabağ zəfəri onların təntənəsinə son qoydu. Artıq onlar məğlub bir ölkənin psixologiyasını yaşayırlar. Bu psixologiya gələcək erməni nəsillərində də formalaşacaq. Bu kompleks onlarda ömürlük sürəcək. Biz azərbaycanlılar 8 may artıq heç bir önəm daşımır. Bizim üçün artıq bir qələbə tarixi var. Öz qələbə tariximizi, qəhrəmanlarımızı daim yaşatmalıyıq”.


Nəzrin Vahid

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?