Arxiv
11 May 2021, 10:52 | DÜNYA
Görün Koçaryan nəylə öyündü - Ermənistanda pislə ən pis arasında seçim...

Ermənistanda növbədənkənar parlament seçkilərinə rəsmən start verilib.

Modern.az xəbər verir ki, seçkilər 2021-ci il iyunun 20-nə təyin olunub.

İşğalçı ölkədə növbədənkənar seçkilərə qatılanlardan biri də keçmiş prezidenti Robert Koçaryandır. O dünən, mayın 9-da paytaxt Yerevandakı Azadlıq meydanında ilk mitinqini keçirib.

Robert Koçaryan seçkiyə “Daşnaksutyun” partiyası və “Dirçələn Ermənistan” hərəkatı ilə “Ermənistan” adlanan vahid blokda gedir.

Hazırkı Paşinyan iqtidarının ən qatı müxalifəti hesab olunan Koçaryan və tərəfdarlarının dünənki mitinqində izdiham müşahidə olunmayıb. Ermənistan mətbuatı meydana cəmi 9 minə yaxın müxalifət tərəfdarının toplandığını yazır

Ermənistanın "Fakt" qəzeti yazır ki, mitinqdən əvvəl Koçaryanın mühafizə xidməti eks-prezidentə zirehli jilet geyminməyi məsləhət görüb. Lakin o bundan imtina edərək öz xalqı arasında çıxmaq üçün əlavə təhlükəsizlik tədbirinə və narahatlığa ehtiyac duymadığını deyib.

Koçaryan tərəfdarları qarşısında mitinqə zirehli jilet taxmadan çıxmaqla öyünüb.


Ermənistandakı müstəqil ekspertlət növbədənkənar seçkidə Koçaryanın qalib gəlmək şansının yüksək olmadığını deyirlər. Bununla belə, əsas mübarizə Paşinyan tərəfdarları ilə Koçaryan tərəfdarları arasında gecəcək.

Yerevandakı Regional Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Giraqosyan hesab edir ki, Koçaryan öz gücünü şişirdərək cəmiyyətə təqdim edir.
Onun fikrincə, Koçaryanın Ermənistan cəmiyyətində nüfuzu hələ ki çox aşağıdır.

Ekspert bildirir ki,  hazırda Nikol Paşinyan və onun komandasını Ermənistan cəmiyyətin 30 faizə qədəri dəstəkləyir.

“Bu elə də çox deyil, amma müxalifəti dəstəkləyənlərdən daha çoxdur”.

Riçard Giraqosyana görə, Qarabağda məğlubiyyətlə bitən 44 günlük müharibədən sonra Ermənistanın daxili siyasətində ciddi gərginlik var, ölkə iflic duruma düşüb, əhalinin Paşinyan hakimiyyəti ilə bağlı fikirləri haçalanıb. Amma hətta belə bir durumda da Koçaryanın azad və ədalətli seçkilərlə hakimiyyətə qayıdacağı real görünmür.

Robert Koçaryanın korrupsiyada ittiham olunması, barəsində cinayət işinin açılması onun nüfuzuna ciddi zərbə vurub.

Erməni ekspertlər deyirlər ki, müxalifət liderlərinin seçkiöncəsi birləşməməsi onların şansını daha da azaldır.

Lakin Rusiyanın Koçaryanı dəstəkləməsini işarə edənlər də var və onların fikrincə, bu, eks-prezidentin qələbə qazanmaq şansını xeyli artırır.


Robert Koçaryan Ermənistanda revanşist düşüncədə olan müxalifət liderlərindəddir. O, hakimiyyətə qayıdacağı halda Qarabağda itirilən torpaqları, o cümlədən Hadrut və Şuşanı geri alacağı barədə sadə ermənilərə populist vədlər verir...

Ermənistanın tanınmış QHT sədri Georgi Vanyan bildirir ki, əslində Ermənistan cəmiyyəti seçkilərdə pislə ən pis arasında seçim edəcək.

Onun sözlərinə görə, 44 günlük mahribədəki məğlubiyyət Nikol Paşinyan iqtidarının nüfuzunu çox aşağı salıb, amma eks-prezidentlərə inamsızlıq bundan da çoxdur.

“Adamlar Nikol Paşinyana sadəcə olaraq ona görə səs verəcəklər ki, keçmiş iqtidardakılara nə qədər nifrət etdiklərini göstərsinlər”.

G.Vanyanın fikrincə, qələbəsinə heç Koçaryanın özü də inanmır...

Ermənistan politoloqları seçkilərə keçmiş milli təhlükəsizlik naziri Artur Vanetsyanın “Vətən” partiyası ilə vahid blokda gedən digər eks-prezident Serj Sarkisyanın imkanlarının daha zəif qiymətləndirirlər. Onu Robert Koçaryanla birgə hərəkət etməməkdə günahlandıranlar da var.

“Qraparak” qəzeti yazır ki, “Maariflənmiş Ermənistan” partiyasının sədri Edmon Marukyan və "Erməni milli konqresini"nin rəhbəri, sabiq prezident Levon Ter-Petrosyan üçüncü qüvvənin yeri uğrunda mübarizə aparacaq, yəni keçmiş və indiki hakimiyyəti rədd edən seçicilər üçün çalışacaqlar.


A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?