Modern.az

ANS-i ANS edən kim olub: Mirşahin, Vahid Naxış, yoxsa...

ANS-i ANS edən kim olub: Mirşahin, Vahid Naxış, yoxsa...

Media

11 May 2021, 18:36

Keçmiş ANS telekanalı ilə bağlı müxtəlif dəyərləndirmələr irəli sürülür. ANS brendini kimin formalaşdırdığı ilə bağlı fikir ayrılıqları ortaya atılır. Sanki iki qütb var: bir qisim ANS-i brend edənin Mirşahin, digər bir qisim isə Vahid Naxış (Mustafayev) olduğunu hesab edir.


Bəs, maraqlıdır, media mütəxəssisləri, ANS-in populyar olduğu dönəmdə və indi hadisələri yaxından izləyən jurnalistlər necə düşünürlər?

 

ANS-in brend olması dövrlə bağlı idi...

 

Bununla bağlı Modern.az-a danışan "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid hesab edir ki, ANS-in brend olması, imici tarixlə, zaman, dövrlə bağlı olub:

 

 

"ANS elə dövrdə yarandı ki, o zaman fərqli, müstəqil sözün ekranlarda eşidilməsi heyrətamiz və təəccüblü idi. Tamaşaçılar SSR dövründə bu cür diksiyanı, təhkiyəni, danışıq tonunu eşitməmişdilər.

 

Vahid Mustafayevlə Mirşahin vaxtilə Qarabağa Xalq Yardımı Komitəsinin nəzdində olan, xalq şairi Sabir Rüstəmxanlının rəhbəri olduğu “Azərbaycan” qəzetində "Koroğlu kəşfiyyatı" adlı səhifə hazırlayırdılar. Bu gənclər, o vaxt elə də tanınmayan cavanlar fərqli yazılar ortaya qoyurdular. Sonra bildiyimə görə, ilk kameralarını oradan götürüb, səs-küylü müsahibələr hazırlamışdılar.

 

Yadımdadır ki, Vahid Mustafayev bir neçə səs-küylü müsahibənin müəllifi idi. Mirşahinin isə reportajları insanların yadında qalırdı.
Dövr elə dövr idi ki, hər şey çalxalanırdı. Azərbaycan qəzeti Milli Hərəkatın öncüllərindən biri idi.

 

Bütün bunlardan sonra ANS yarandı. ANS-in efirdə görünən siması şübhəsiz ki, Mirşahin olub. Amma ANS-in idarəedicisi kimi Vahid Mustafayevin biznes qabiliyyəti, kreativ beyni öndə idi. Sonralar Seyfulla Mustafayev də onlara qoşulmuşdu. Seyfulla bəyin təmkinli mövqeyi ilə bu üçlük formalaşmışdı".

 

 

ANS tarix olmaqla yanaşı əfsanəyə çevrilib...

 

ANS-in tarix olmaqla yanaşı əfsanəyə çevrildiyini söyləyən baş redaktorun fikrincə, ANS-in rolunu dəyişmək mümkün deyil:

 

"Yadıma gəlir, Yesintukidə gecə gəzirdik, azərbaycanlıların toyu var idi. Toya yolumuz düşdü, uzun illər Azərbaycandan çıxmış azərbaycanlılar belə Mirşahini görən kimi tanıdılar, suallar verdilər, sohbətləşdilər. Mirşahin daha çox tanınsa da, Vahid Mustafayevin də rolunu kiçiltmək olmaz. Yeni mediadan çoxdur, amma o dövrü qaytarmaq mümkün deyil. İnsanlar həyəcanlı, təşvişli idi. Onda yaranan media, fərqli fikir söyləyənlər insanların yaddaşında daha çox qalırdı. İstedad həmişə özünə yol açır. Mirşahin ANS-də olduğu kimi REAL TV-də də jurnalist fəaliyyətini fərqli biçimdə davam etdirir. Vahid Mustafayev isə rejissor kimi maraqlı filmlər çəkdi, kitab yazdı, dublajlarla məşğul oldu. İstedadlı bir insan kimi fəaliyyətini davam etdirir".

 

ANS-i xalqın sevgisi və ən əsas da zəmanə yaratdı...

 

 

Media eksperti Zeynal Məmmədli də düşünür ki, ANS-i populyar edən, brendə çevirən zaman olub:

 

"O zaman alternativ media yox idi, bir Azərbaycan Televiziyası vardı. Birdən-birə o televiziyanın  daxilində müxtəlif prodakşnlar  yarandı.1994-cü ildə ANS ayrıca televiziyaya çevrildi. İnsanlar alternativ olana, fərqli şəkildə təqdim edənə inanırlar.

Birsəsli Azərbaycan televiziyasının dönəmində çoxsəsli paralel televiziya ANS oldu. ANS-i müəllifləri ilə yanaşı xalqın sevgisi və ən əsas da zəmanə yaratdı".

 

Bu günün  "Facebook”u  o, dövrün ANS-i idi…

 

Z. Məmmədli Vahid Naxışın və Mirşahinin rolunun az olmadığını qeyd etsə də,  vurğulayıb ki, onlar ilk televiziya olduğu üçün diqqət çəkdilər:

 

"Haqlı olaraq həmin dövrdə məşhurlaşdılar. Həmin dövrdə üç televiziya yaransaydı, biz 3-nü də məşhur sayardıq. Seçənək verilirdi və həmin dövrdə insanlar kommunizm yuxusundan ayılıb, birdən-birə gerçəklərlə qarşılaşan zaman bu telekanal yarandı. ANS kimi televiziyanın dəyərləndirilməsi üçün həmin dövrün  atmosferi, 1990-cı illərin tamaşaçısı olmalıdır. ANS-i məşhurlaşdıran başlıca səbəb verilən xəbərlər idi. Xəbərlər verən indi ARB-24, Real TV kanalları var, ancaq 1990-cı illərin tamaşaçısı yoxdur. Seçim çoxdur, ancaq əvvəlki illərdəki kimi xəbərlərin doğruluğu, dolğunluğu yoxdur. Xəbəri verəndə düşünürsən ki, kim necə baxar və daxili senzura önə çıxır. Bu günün  "Facebook”u  o, dövrün ANS-i idi".

 

Aysel Aslan 

Humay İsgəndərova

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?