Arxiv
12 May 2021, 16:50 | REPORTAJ
Yaddan çıxmış sənətkarlar: Bəyi oğurlanan gəlin - Natəvan Məmmədova haralardadır?..- FOTOLAR

Azərbaycan kinematoqrafiyasının incilərindən hesab olunan "Bəyin oğurlanması" filminə 30 ildən çoxdur ki, sevə-sevə baxırıq, amma yorulmuruq.

Axı Həsənağa Turabov, Səyavuş Aslan, Nəsibə Zeynalova, Nəcibə Behbudova, Səməndər Rzayev, Hacı İsmayılov, Yaşar Nuri, Arif Quliyev, Firəngiz Mütəllimova, Mirzə Babayev, Ələsgər Məmmədoğlu, Vidadi Həsənov, Muxtar Maniyev, Şamil Süleymanov kimi məşhur aktyorların oynadığı filmə baxmaqdan necə yorulmaq olar?..

Çəkilişləri 1985-ci ildə Şamaxının Məlhəm kəndində lentə alınan və 1986-cı ildə ekranlara çıxan bu əyləncəli kinokomediyanı Azərbaycan tamaşaçıları arasında populyar edən məqamlardan biri də filmin qəhrəmanları arasındakı dialoqlardı. O dialqolar ki, insanlar arasında hətta zərb-məsələ çevrilib və yeri gələndə bu gün də işlədilir. Onlardan bəzilərini bir daha xatırladaq:

- Bu kino ki var, çox qəliz məsələdi, həm qəlizdi, həm də ki vacib.
- Sənə əjdaha lazımdı?
- Səkkiz min pul alıblar mənnən, oynamaqlarına bax...
- Adə, bir az diri oynuyun da!
- İstəmərsən ki, səni, ucqar dağ kəndinin sakinini uzaq Liviya səhrasında görsünlər, alqışlasınlar?
- Düz deyirsən, elə səni görməsələr yaxşıdır!
- Evdə də uşaqlar deyir, atamız işə gedib!
- Salam, sağol!
- Sabah bir yağış yağacaq ki, tut ucundan, çıx göyə".
- Ələsgər, ay Ələsgər!
- Nə var e, Ələsgər, Ələsgər...
- Əşşi, nə tafootu var səs hardan gəlir, burdan eşit, burdan da oyna da...


Rejissorlar Ceyhun Mirzəyevlə Vaqif Mustafayevin ekranlaşdrdığı filmdə əsas qəhrəmanlardan birini - İsrafilin qızı Yasəməni oynayan cazibədar xanımı xatırlayırsınız?

Yəqin ki, həmin gənc aktrisanın sonrakı taleyi çoxlarını maraqlandırır: o gözəl qız kimdir, indi haralardadır, nə işlə məşğul olur?..

Modern.az saytı “Yaddan çıxmış sənətkarlar” layihəsində bu dəfə "Bəyin oğurlanması"ndakı Yasəmən rolunu oynamış cazibədar aktrisadan bəhs edəcək.

Söhbət Natəvan Məmmədovadan gedir.


Natəvan Məmmədova 7 mart 1966-cı ildə Bakı şəhərində anadan olub. 
Bakıdakı Moda Evinin işçisi olan anası Flora Məmmədova tanınmış dərzi-dizaynerdir. Natəvan kinoda debütünü 17 yaşında edib. 1983-cü ildə o, rejissor Rasim Ocaqovun çəkdiyi “Park” filmində əsas rollardan birini ifa edib. Daha sonra “Tənha narın nağılı”, “Bəyin oğurlanması” və “On yeddi yaşlı oğlan” filmlərində müxtəlif obrazlar yaradıb.

Lakin Natəvan xanımın kino karyerası uzunmüddətli olmayıb və cəmi 4 filmdə çəkiləndən sonra bu sahədən həmişəlik uzaqlaşıb.

O, Bakı Memarlıq və İnşaat Unversitetinin Memarlıq fakültəsinə daxil olaraq ali təhsil alıb, memarlıq üzrə magistr dərəcəsinə yiyələnib.

Maraqlıdır ki, Natəvanın həyatında idmanla da bağlı faktlar var. Memar olan Natəvan 90-cı illərin əvvələrində Azərbaycanda populyar olan Şərq əlbəyaxa döyüş növləri ilə maraqlanıb. Bakı idman məktəblərinin birində kunq-fu ilə məşğul olan Natəvan bu yöndə olan yarışlara qatılaraq, parlaq nəticələr əldə edib. O, kunq-fu üzrə Azərbyacan çempionatında iki il ard-arda ölkə çempionu olub.

Natəvan Məmmədova 90-cı illərin ortalarında ailə həyatı qurub, sonra həyat yoldaşı və azyaşlı oğlu ilə birgə Azərbaycanı tərk edib.

O, 1998-ci ildən İsraildə yaşayır. Bu il Natəvan xanımın 55 yaşı tamam olub.


Artıq 23 ildir İsrailin Netayna şəhərində yaşayan Natəvan Məmmədova birgə yola çıxdığı həyat yoldaşından orada ayrılıb. Əri başqası ilə evlənsə də, özü ikinci dəfə ailə həyatı qurmayıb.

Milliyətcə azərbaycanlı olan Natəvan Məmmədova hazırda İsrail vətəndaşıdır. O, İsraildə nə kino sahəsində, nə də ixtisası üzrə memar işləyir.


Özünün dediyinə görə, hələ Bakıda Kunq-fu Federasiyasında məşqçi olduğu müddətdə masaj etmənin sirlərini öyrənməyi İsraildə köməyinə çatıb. Belə ki, orada masaj kursu keçən azərbaycanlı xanım hazırda həm kineziologiya ilə, həm də kosmetologiya ilə məşğuldur.


Filmlərə çəkilməyinin tarixçəsindən danışan keçmiş aktrisanın sözlərinə görə, gənc yaşlarında anası Flora xanımın çalışdığı Bakı Moda Evində model kimi tikilən paltarları nümayiş etdirirmiş. Günlərin birində rejissor Rasim Ocaqovun assistenti onun şəkillərini jurnalda görüb. O ərəfədə də R.Ocaqov “Park” filminə çəkmək üçün gənc qız axtarırmış və rejissor öz assistentinin köməyi ilə Natəvanı çəkilişlərə dəvət edib.

“Əslində, mən çəkilmək istəmirdim, çünki məqsədim ali məktəbə daxil olmaq idi. Bəlkə də bəzilərinə qəribə görünə bilər - çoxları, xüsusən də o yaşda filmlərdə rol almağı xəyal edir, amma həqiqətən mənim üçün maraqsız idi, aktrisalıq etmək ümumiyyətlə, planlarıma daxil belə deyildi.
O zaman mən sevdiyim oğlanla qərara almışdıq ki, hər ikimiz ali məktəbə daxil olandan sonra evlənək. O da mənim kinoya çəkilməyimin qəti əleyhinə idi.
Bilmirəm rejissor assistenti sevdiyim oğlana nə dedi, nə demədi və o da başladı məni dilə tutmağa ki, təklif olunan roldan imtina etməyim. Sonra da məni “Azərbaycanfilm” kinostudiyasına - rejissor Rasim Ocaqovun yanına apardılar. Biz onunla xeyli söhbət etdik. Rasim müəllim çox mədəni insan idi və eyni zamanda öz işinin ustasıydı. O, söhbətimizin gedişində məni filmə çəkilməyə razı sala bildi... “Park” filminə çəkiləndən sonra digər rejissorlardan da dəvət almağa başladım”,-deyə keçmiş aktrisa ötən günlərlə bağlı xatirələrini bölüşərkən bildirib.

“Park”a çəkiləndən bir il sonra Natəvan Məmmədovanı “Tənha narın nağılı” filminə dəvət edirlər.

“Onda mən dedim ki, yox, bir filmə çəkildim bəsdir! Oxumaq, ali təhsil almaq istəyirəm! Amma yekunda yenə məni yola gətirə bildilər”.

Beləliklə, o, daha üç filmdə: “Tənha narın nağılı”, “17 yaşlı oğlan” və “Bəyin oğurlanması”na çəkilib.

N.Məmmədovanın sözlərinə görə, “Bəyin oğurlanması” filmin çəkilişləri zamanı bir sıra maraqlı hadisələr baş verib:


"Çəkilişlər Şamaxı rayonunda üzüm yığımı mövsümündə aparılırdı. Bizə söyləmişdilər ki, qaldığımız oteldən çıxmayaq, əks halda, “oblava”ya düşüb üzüm yığımına aparıla bilərik.
Arif Quliyev bu məsləhətə qulaq asmayıb gəzməyə çıxanda polis onu yaxalayıb dərhal üzüm bağına aparmışdı. O, aktyor olduğunu və filmdə çəkilmək üçün Şamaxıya gəldiyini nə qədər izah etməyə çalışsa da, Arif müəllimə inanmamışdılar. Yalnız üç saatdan sonra polislərindən biri Arif Quliyevi tanımış və onu sərbəst buraxmışdılar. Amma insafən yola salarkən hədiyyələr də vermişdilər. 
Arif müəllim çəkiliş heyətinə başına gələnləri danışanda hər kəs gülməkdən uğunub getmişdi.

Filmdə nişanlım rolunu oynayan Şamil Süleymanov çəkilişlər arasında mənə kiçik bacı kimi yanaşır, hər cür qayğı göstərirdi.
Bizi çəkilişlərə görə səhər saat 4.00-da yuxudan oyadırdılar. Bəzilərimizi ayaqüstündə yuxu basırdı. Çəkiliş anlarından birində sözün əsl mənasında başımı Şamilin çiyninə söykəyib necə yatdığımı heç unutmayacağam, o da mən oyanmayım deyə, tərpənməmişdi.
Hətta rejissor Ceyhun Mirzəyev məni çəkiliş üçün oyatmaq istəyəndə Şamil demişdi ki, "oyatma, qoy uşaq hələ yatsın"”.


Natəvan Məmmədovanın sözlərinə görə, Azərbaycanda bir neçə filmdə çəkilməsinə baxmayaraq, aktrisalığı davam etdirməyə həvəsli olmayıb və incəsənətin bu sahəsini həmişəlik atıb.


Amma kinodan uzaqlaşmazdan öncə o, 1993-cü ildə rejissor-aktyor Ceyhun Məmmədovun çəkdiyi “Fəryad” filmində rejissor assistenti də olub.

"80-ci illərin sonlarında - yenidənqurma dövründə kinematoqrafiya da daxil olmaqla hər yerdə böhran yaşanırdı, çox az film çəkilirdi. Hətta peşəkar aktyorlar da iş tapa bilmirdilər.
Mən institutu bitirərək, memar işinə düzəlmişdim.
1993-cü ildə Ceyhun Mirzəyev məni “Fəryad” filmində çalışmağa dəvət edəndə sevindim. Çünki bu film Azərbaycanın ağrı-acısını əks etdirirdi. “Fəryad”ın süjeti real hadisələrə əsaslanır - əsir götürülən və hər cür zorakılığa məruz qalan ağır yaralı bir Azərbaycan əsgərinin taleyindən bəhs edirdi.


“Fəryad” filmində maraqlı bir epizod var. Hava hücumlarından birində ermənilərin sığındığı evdə olan hər kəs qaçıb zirzəmidə gizlənir. Bu zaman azyaşlı erməni uşağını özləri ilə aparmağı unudurlar. Erməni əsirliyində olan yaralı komandir İsmayıl düşmənlərlə birlikdə özünü də məhv etmək üçün evi yandırmağa çalışır. Ancaq evdə qalan uşağın ağlamaq səsini eşidib dərhal yanğını söndürür. Zirzəmidən çıxan ermənilər İsmayılın evi yandırmağa çalışdığını, ancaq uşağa görə etmədiyini başa düşürlər.
Bax, həmin o uşağın rolunu həmin vaxt 1 yaş 8 aylıq olan oğlum Anar oynadı. Həmin epizodda o  ağlamalı idi, amma yedizdirilib rahatladılan uşaq üçün bunu necə necə etmək olardı?
Onda Ceyhun Mirzəyev kiçik bir hiyləyə əl atdı - uşaq mənim yanıma gəlmək istəyəndə ona qışqırdı: "Anaya gedə bilməzsən!". Oğlum ağlamağa başladı və bu kadr lentə alınıb filmə salındı. Sonra Ceyhun onu uzun müddət sakitləşdirdi, qucaqladı, öpdü, oxşadı, oynadı. O, çox yaxşı adam idi. Allaha şükürlər olsun ki, Qarabağ uzun illər sonra işğaldan azad olundu - bu böyük bir xoşbəxtlikdir".

“Fəryad” filmində çəkilən həmin uşaq artıq böyüyüb, bu-gün sabah evlənəcək.

Qaynana olmağa hazırlaşan Natəvan Məmmədova hazırda İsraildə oğlu ilə birgə yaşayır.



Natəvan Məmmədova və oğlu Anar...


A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?