Arxiv
13 May 2021, 14:06 | AKTUAL
Sevinc Orucova: “Ən böyük arzum Şuşadan torpaq gətirib Raqifin məzarına səpmək idi”

 “Ən böyük arzum Cıdır düzündən bir parça torpaq gətirib Raqifin məzarı üzərinə tökmək idi”

Modern.az xəbər verir ki, bu sözləri “Zəfər” Şəhid Ailələrinə Yardım İctimai Birliyinin sədri Sevinc Orucova Şuşaya dünənki səfərindən danışarkən deyib. 

 

Onun sözlərinə görə, dünənki gün sözlə ifadə olunacaq bir xatirə deyil:

“Dünənki gün həm mənim, həm də Azərbaycan xalqı üçün qürurverici eyni zamanda xoşbəxt bir gün idi. Şuşa azadlığımızın, qələbəmizin rəmzidir. Xalqımız 29 illik erməni işğalından sonra Zəfər bayramını Şuşada qeyd edirdi. Nə xoş mənə ki, belə bir təntənənin iştirakçılarından biri də mən idim. İnanırsız ki, yol boyu mənimlə birgə gedən yoldaşlarımız Şuşanı görəcəkləri üçün çox həyəcanlı idilər. Bu ifadə olunmaz bir hissdi. Mən Şuşanı görməmişdim. Bizlə birgə səfər edən şuşalı yoldaşlarımız da var idi. Onlar 29 il keçməsinə baxmayaraq Şuşada hər daşın altını xatırlayırdılar. Şuşalıların keçirdiyi hissləri görüb xalqımızın nələr qadir olduğunu görürdüm. Bizim xalq hər şeyin ən gözəlinə layiqdir. Şuşalıların hər birinin işlətdiyi tək söz var idi: “Ölmədik, bu günü gördük”. 

 

Qeyd edək ki, dünən həm də Sevinc Orucovanın doğum günü idi. O, Raqif Orucov şəhid olduqdan sonra keçirdiyi ilk doğum günü olduğunu bildirib:

“Dünən mənim üçün xüsusi və özəl gün idi. Yoldaşım Raqif Orucov şəhid olduqdan sonra heç vaxt ad günümü qeyd etməmişəm. Amma dünən Şuşada sevinc, fərəh hissi ilə doğum günümü qeyd etdim. Bundan sonra qeyd edəcəyim heç bir doğum günüm Şuşadakı sevincin yerini verə bilməz.  Gün gələcək biz Şuşaya şəhid ailələri, qazimizlə gedəcəyik. Onların iştiraki ilə tədbirlər keçirəcəyik”. 

 

S.Orucova gələn həftə Raqif Orucovun doğma yurdu Ağdama səfər edəcəklərini deyib:

“Torpaqlarımız işğaldan azad olunanda əhd etmişdim. Azad olunmuş ərazilərimizi ziyarət etdikcə bir qarış torpaq gətirib, Raqifin məzarının yanında gül əkirik. Ən böyük arzum Şuşadan bir parça torpaq gətirib Raqifin məzarına səpmək idi.  Dünən Şuşada bir əsgərdən xayiş etdim ki, Cıdır düzündən mənə bir qarış torpaq gətirsin. Mən torpağı gətirdim, artıq bu gün həmin torpaqla gül əkəcəm. İnşallah, gələn həftə Raqifin ana vətəni olan Ağdama səfər etməyi planlaşdırırıq.  Biz səfər etdikcə, arzu edirəm ki, bütün şəhidlərimizin ruhu şaddır”.

 

Fidan İlqar

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?