Arxiv
17 May 2021, 16:00 | MÜSAHİBƏ
Şuşadakı uşaqlıq fotosu ilə gündəm olan dirijor öz hekayəsini Modern.az-a DANIŞDI - MÜSAHİBƏ

Şuşada 12-13 may tarixlərində keçirilən “Xarıbülbül” musiqi festivalına bir çox sənət adamları da qatılmışdı. Onlardan biri də Fuad İbrahimov idi. Sənətçinin 29 il əvvəl şəhəri tərk etdiyi yerdə çəkdirdiyi şəkil sosial şəbəkələrdə gündəm olub.

1982-ci ildə Şuşa şəhərində doğulan musiqiçi 10 yaşında doğma yurdunu Cıdır düzündən havaya qalxan helikopterlə tərk etməyə məcbur olub.


Əməkdar artist, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və Münhen Yeni Filarmoniya Orkestrinin baş dirijoru Fuad İbrahimov Modern.az-a müsahibə verib.


- Şuşadan paylaşdığınız  foto gündəm oldu, bu şəklin tarixçəsi barədə nə deyə bilərsiniz?

 

- Şəkil 1991-ci ilin iyun ayında çox gərgin bir mühitdə təəsadüfən çəkilib. Şuşada hər axşam həyəcan siqnalı verilirdi və həmin vaxtlar sakinlər  məcburən zirzəmilərdə gecələyirdi.  Ona görə də biz səhər yuxudan duran kimi Cıdır düzünə qaçırdıq ki, görək nələr salamat qalıb. Şəkil də həmin günlərin birində çəkilib. Sonra isə bizi 1992-ci ilin yanvar ayında vertalyot ilə evakuasiya etdilər. Bəziləri elə bilir ki, elə həmin gün çəkilən şəkildir, amma bu şəkil biz Şuşadan çıxmazdan bir il qabaq çəkilib.

 

- 29 il sonra evə qayıtmaq necə hiss idi?

 

- Bu hisləri həqiqətən ifadə etmək bir az mənim üçün çətindir. Onu gərək yaşayasan. 29 il həsrətlə gözləyirsən və bir gün gəlir ki, yenidən həmin evə qayıdırsan. Hər bir şuşalı kimi mən də bu günü səbirsizliklə gözləyirdim. Bu hisləri  bizə raşadətli ordumuz yaşatdı. İlk olaraq demək istəyirəm ki, bizə bu günləri yaşadan şəhidlərin ruhu şad olsun, onların qanı bahasına bu torpaqlar alınıb. Sağ qalan əsgərlərə, zabitlərə çox sağ ol deyirəm. Başda Ali Baş Komandan olmaqla, sağ olan əsgərlərin, zabitlərin hər birinin qarşısında baş əyirəm. Yenə vurğulayıram ki, onlarsız biz bu hisləri yaşaya bilməzdik. Bütün sevincimizi onlara borcluyuq.

 

- Evinizin vəziyyəti necə idi?

 

- Təəssüf ki, evimiz həminki kimi deyildi. Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadə ilə birlikdə bizim evə getdik. Görəndə həqiqətən təəccübləndim. Evin sadəcə iki tərəfdən divarı qalmışdı. O da tam deyildi. Çox bərbad bir vəziyyət idi. Amma yenə də oranı görmək, o daşlara toxunmaq mənim gözlərimin qarşısına bütün uşaqlığımı gətirdi. Mən Şuşadan çıxanda o qədər də balaca deyildim. 9 yaşım var idi, artıq hər şeyi anlayırdım və yaddaşımda da hər  şey çox yaxşı qalıb. Ona görə də mənim üçün ikiqat sevinc idi gedib oranı görmək.

 

 

- Uşaqkən tərk etdiyiniz Şuşaya musiqiçi olaraq qayıtdınız. Sizin musiqi hekayaniz Şuşada başlamışdı?

 

- Mənim musiqi həyatım demək olar ki, beşikdən başlayıb. Ailəm musiqiçilərdən ibarətdir. Babam Şuşada tanınmış xanəndə olub, anam isə Bakı Musiqi Akademiyasını bitirib. Yəni ailədə çox adam musiqiçi idi. Amma mənim ilk musiqi alətimi bizim dahi bəstəkarımız Süleyman Ələsgərov bağışlamışdı. Mən uşaq olarkən o mənə demişdi ki, sən öz üzərində çalış, dahi musiqiçi olacaqsan. Amma təəssüflər ki, çox keçmədən müharibə başladı. Ona görə də dərslər ləğv olundu, musiqinin ləzzətini ala bilmədim. Bizi ordan köçürəndə hər şeyimiz şəhərdə qaldı, o cümlədən mənə bağışlanan həmin skripka da…

Sonra isə mənim musiqi həyatımda çox adamın əməyi oldu.  Vurğulamaq istəyirəm ki, köçkün, evsiz-eşiksiz bir uşağın xaricdə təhsil alması ağla sığılası bir şey deyildi. Amma bu təşəbbüsü Heydər Əliyev Fondu irəli sürdü və mən Almaniyada iki təhsil aldım. 42 ölkədə olmuşam, bir dirijor kimi öz vətənimə, doğma yurduma qayıdıb səhnəyə çıxmışam. Bunlar hamısı bir-biri ilə əlaqəli olan şeylərdi, heç biri təsadüf deyil. Çəkilən o şəkil də düşünmürəm ki təsadüfdür.

 

- İndiyə qədər çıxış etdiyiniz səhnələrlə Şuşadakı səhnəniz arasında fərq vardı?


- Yerlə göy arasında fərq qədər idi. Səhnə həyatım başlayandan arzu edirdim ki, öz doğma torpağımda çıxış edim.

 

- Festivalda iştirak etməklə bağlı  təklif gözləyirdiniz?

 

- Festival cənab prezident İlham Əliyevin təşəbbüsü ilə bərpa olundu. İşğaldan əvvəl də bu festival keçirilib, uzun fasilədən sonra yenidən bərpa olundu. Mən bir şuşalı kimi əslində bu təklifi gözləyirdim. Hiss edirdim ki, mənim payıma da Şuşadakı konsertdə çıxış etmək düşəcək.



Aysel Məhərrəm

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv