Modern.az

“Gürcüstanda azərbaycanlılarla bağlı konflikti qızışdıran üçüncü qüvvə var” - Sabiq deputat

“Gürcüstanda azərbaycanlılarla bağlı konflikti qızışdıran üçüncü qüvvə var” - Sabiq deputat

17 May 2021, 17:00

Ötən gün Dmanisi rayonunda azərbaycanlıların yaşadığı ərazidə kütləvi dava baş verib. Milliyyətcə svan olan bir qrup şəxs azərbaycanlı sahibkar Qəşəm Şamilovun işlətdiyi mağazanın qarşısına gələrək ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum edib. Baş verən kütləvi qarşıdurma ciddi müzakirələrə səbəb olub.


Gürcüstan parlamentinin sabiq deputatı Azər Süleymanov məsələ ilə bağlı Modern.az-a danışıb.


O, baş verən təxribatın səbəbini Azərbaycanla Gürcüstan arasında problem yaratmaq istəyən üçüncü qüvvədə görür:


“Artıq Gürcüstanda yaşayan millətlərə münasibət dəyişir, xüsusən də azərbaycanlılara... Bu ilk insident deyil. Bir neçə gün əvvəl Marneulidə də buna oxşar hadisə baş verdi. Svanlar azərbaycanlı kəndlərinin birində asdıqların xaçın kimlərsə tərəfindən əzilməsinə etiraz edirdilər. Amma bunu da özləri etmişdi. Üçüncü qüvvə var ki, Azərbaycanla Gürcüstan arasında problem yaratmaq istəyir. Yəqin ki, belə təxribatların səbəbi Azərbaycan Prezidentinin və Azərbaycan Ordusunun qələbəsini Gürcüstanda yaşayan bəzi dırnaqarası Azərbaycana dost olan insanlar həzm edə bilmədilər.

Gürcüstan hakimiyyətində və Gürcüstan parlamentində çoxlu ermənilər var. Bacardıqları qədər Azərbaycanla Gürcüstan arasında problem yaratmaq istəyirlər. Gürcüstanın üz qarası olan prezidenti Salome Zurabişvili də sərhəddə Azərbaycana qarşı xoşagəlməz çıxış etmişdi. Görünür ki, maraqlı qüvvələr münasibətlərin pisləşməsini istəyirlər”.


Sabiq deputat qeyd edib ki, Gürcüstanda yaşayan azərbaycanlıların evləri qarət olunur, cibləri soyulur, amma heç bir cinayət işi açılmır:

“Hakimiyyət istəsəyidi, baş verən konflikt bu həddə çatmazdı. Hiss olunur ki, bu konfliktin daha da dərinləşməsini istəyən səlahiyyətli şəxslər bilərəkdən qaşısını almırlar. Gürcüstanda azərbaycanlının ciblərini soyurlar, evlərini qarət edirlər. Amma heç birinə cinayət işi açılmır.

Yayılan kadrlarda da açıq-aşkar görünür ki, polis də bu məsələyə qarışmaq istəmir. Polislər belə bir konfliktin olmasına özləri şərait yaradır. Bölgələrdə yaşayan bütün svanlar Dmanisidəki azərbaycanlılara hücum etmək üçün ora gəlmək istəyirdilər.

Gürcüstanda yaşayan biz azərbaycanlılar buna icazə vermərik. Çünki bu dövləti gürcü xalqı ilə bərabər biz qurmuşuq. Biz bu torpağa məxsusuq. Gürcü xalqı da azərbaycanlılarla dil tapıb yaşamağa məcburdu. Gözləyək, görək axırı necə olur”.


Fidan İlqar

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?