Modern.az

Telekanallarda tanış olub, evlənən jurnalistlər - SİYAHI

Telekanallarda tanış olub, evlənən jurnalistlər - SİYAHI

25 Sentyabr 2012, 15:16

Jurnalistika elə bir sahədir ki, bu peşədə istənilən an ekstremal vəziyyətə hazır olmalısan. Media nümayəndələrini, bir növ, hərbçilərlə də müqayisə etmək olar. Çünki hər iki sahədə bilmək olmur ki, bir neçə saniyədən sonra hansı hadisə olacaq. Və sən hadisənin xarakterindən asılı olmayaraq, gərgin iş rejiminə hazır olmalısan. Bəlkə də bu səbəbdən jurnalist xanımların əksəriyyəti ailə həyatı qurarkən bu sahədən uzaqlaşır. Və ya əksinə, bu peşəyə bağlılığı səbəbindən heç ailə həyatı da qura bilmir. Çünki günün çox hissəsini işdə - reportaj, müsahibə hazırlamaqla keçirən qadın, hətta evdə də mövzu tapmaq, ya da işi evdə də davam etdirməklə keçirir. Qarşı tərəf də təbii ki, öz narazılığını bildirir. Belə olan vəziyyətdə deyirlər ki, jurnalisti elə jurnalistin özü yaxşı başa düşər. Maraqlıdır bir-birini başa düşən, redaksiyalarda tanış olub ailə həyatı quran jurnalist cütlüklərimiz kimlərdir? Bir müddət öncə qəzet redaksiyalarımızdan xəbər vermişdiksə bu dəfə də Modern.az vasitəsilə televiziyalarımızda tanış olub ailə həyatı quran cütlüklərimizi tanıyaq.

İlk olaraq başlayaq ANS telekanalından. Bu telekanalda evlənən cütlüklər arasında tanınmış simaları görmək olar. “Ağıl dəryası” proqramının aparıcısı Zəhra ilə “DJ Cavidlə birlikdə” adlı səhər proqramının aparıcısı Cavid Osmanov televiziyanın ən gənc ailə cütlüklərindən biridir. Bu evliliyin maraqlı tarixçəsi var. Bunu elə Zəhranın özündən öyrəndim.
“Hələ istəyirik ki, karyeramızı inkişaf elətdirək. Ev və başqa maddi məsələləri həll edəndən sonra uşaq planlaşdırırıq. Bizim tanışlığımız radioya stajor kimi gələndən sonra başlayıb. Tofiq Həsənsoy və Cavid məni radioda öyrədirdilər. Beləcə, münasibətlər yarandı. Mənə evlilik təklif olunma isə avtobusda olub. Dedi ki, mənimlə ailə həyatı qurmaq istəyir. Amma biz bir çox problemlərlə üzləşdik. Necə deyərlər, əsl sərgüzəştlər yaşadıq. Bizdə yalnız bircə dəfə görüş olub. Bu görüşdən sonra da atamın xəbəri olmuşdu. Ona görə əsəbiləşmişdi, məni Gəncəyə aparmışdı. Beləcə, məni cəzalandırmışdı. Cavidin anası Şahnaz xanım elçi gəldikdən sonra razılıq verildi. Əslində, bizlərdə görüşmək, sevgili olmağa bir az pis baxırlar. Bizim ailə mühafizəkar idi. Belə şeylərə ciddi yanaşan valideynlərim var. Atam təklif edirdi ki, birincisi qız oxumalıdır, təhsil almalıdır, ondan sonra ailə həyatı qurmalıdır. Ona görə əsəbiləşmişdi ki, sən işə yeni başlamısan, artıq iş yoldaşınla görüşürsən. Bunu da ona kimsə çatdırmışdı. Mənim naz etməyə heç vaxtım da olmayıb. Bir də gözümü açdım ki, nişanlıyam, barmağımda üzük var. Şükür Allaha ki, xoşbəxtəm. Qarşı tərəf də məni başa düşür. Nişanlı vaxtı problemlər olurdu, bir-birimizi tanımırdıq. Yəni uyğunlaşana qədər problemlər olurdu. İndi isə hər şeyin öhdəsindən gəlmişik. Hər bir insana da belə bir ailə həyatı arzulayıram. Bir yerdə işləmək çox yaxşıdır. Elə olur ki, ya montaj vaxtı və ya işə gələndə mən onu dinləyirəm, onda mən öz iradlarımı bildirirəm, o da həmçinin. Bir yerdə işləməyin pis işi odur ki, aramızda bir balaca inciklik olan kimi bütün şirkət bilir. Soyadımı isə “Rüstəm–Osmanova” kimi qoymuşam. Çünki nə atamdan keçə bildim, nə də ərimdən”.

ANS-in tanınmış cütlükləri bununla kifayətlənmir. Mirşahin Ağayev və Səbinə Heydərova, Aytən Səfərova və Zəki, müxbir Lalə ilə operator Hikmət, Eldəniz Elgünlə Gülnarə, Gündüz Abbaszadə və İntizar, Gülnarə və Füzuli, Ramin Yaqubov (operator ) və müxbir Aynur... bu telekanalda evləniblər.

Bədii və Publisistik Verilişlər Departamentinin baş redaktoru Samirə Səfərəliyevanın da həyat yoldaşı Andrey Semyonovla tanışlığı ANS ÇM-də təcrübə keçdiyi zamanlara təsadüf edir.

Samirə Səfərəliyeva: “1998-ci il ANS ÇM radiostansiyasına stajor kimi gedirdim. Andrey o zaman direktor işləyirdi. Doktor Ziyanın yanında təcrübə keçirdim. Axşamlar işdən çox gec çıxdığıma görə qaranlıq olurdu və qorxurdum. Mən də yaxınlaşdım baş prodüserə ki, mənim axşamlar işdən evə qayıtmağıma valideynlərim icazə vermir, ya məni gündüz növbəsinə keçirdin, ya da işə gəlmirəm. O da dedi ki, direktorumuz siz tərəflərdə yaşayır, o sizi evə aparar. Elə o aparan hələ də aparır.

İlk dəfə studiyaya daxil olanda mənimlə çox kobud danışdı. “Studiyada danışmaq olmaz!” sözünü elə kobud dedi ki, çox pis oldum. Bir ay, iki ay mən onu qaraqabaq insan kimi tanıyırdım. Yolda isə onun tamam başqa bir insan olduğunun şahidi oldum. 2 ilə yaxın görüşdük. 10 ildir ki, evliyik. İki uşağımız var. Böyük oğlumuzun 8 yaşı var, qızımız Mədinə isə yaş yarımlıqdır”.

“Lider” televiziya kanalında tanış olub ailə həyatı quran cütlüklər sırasında hazırda 3 qız anası olan, vaxtı ilə “Səda ”informasiya proqramının aparıcısı Günay Novruzqızını və indi Prezident Administrasiyasında operator işləyən Kənan Məhərrəmovu, daha sonra rusca xəbərin aparıcısı Leyla Hüseynovanı və operator Anarı, aparıcı Nərgiz Məmmədzadəni və “Lider” radionun direktoru Emini göstərmək olar.

“Space” telekanalının cütlüklərini də tanımaq, bir neçəsinin evlilik tarixçəsini  bilmək maraqlı olar. Elə isə başlayaq bu kanalda tanış olan Günay Malikqızı və Bəhruz Nəzərlidən .

Günay Malikqızı: “Mən həyat yoldaşım Bəhruz Nəzərovla 1997-ci ildə “Space”ə işə düzələndə tanış olmuşam. Əslində bir yerdə işləmək çətindir və ya yaxşı deyil desələr də, məncə, əksinə, bu halda insanlar bir-birini daha yaxşı tanımaq imkanı qazanır. Bizdə bütün ənənəvi Azərbaycan ailələrində olduğu kimi evlilik təklifi kişidən Bəhruzdan gəlib. Mən bir şeyi həmişə fəxrlə deyirəm ki, Bəhruz qeyri-adi tərzdə mənə olan münasibətini göstərirdi. Məni hirsləndirsin, bütün günü dalıma düşsün... belə şeylər etmirdi.
Bəhruz bunu demirdi, həmişə hərəkətləri ilə bildirirdi. Mən sözü sevən insanam. Elə buna görə də jurnalistikaya gəlmişəm. Bəhruz da bilirdi ki, mən qəşəng yazıları xoşlayıram. Maraqlı yazılar yazırdı. Və bu mənim xoşuma gəlirdi. Adam var ki, söz ilə ortada bir əməl yoxdur. Bəhruz isə tək söz ilə deyil, əməli ilə də mənə olan münasibətini göstərirdi .Və ona görə də mən onu bəyəndim. Təklifə “hə” deməyim yaxşı olub. 11 illik ailə həyatım çoxlu maraqlı və ən əsası peşman olmayacağım qərarlarla yadda qalıb. Gözəl qızımız var. Mənə elə gəlir ki, harda tanış olmağından asılı olmayaraq, əsas xoşbəxt olmaq və bu xoşbəxtliyi saxlamaq bacarığıdır. Bunu isə iş yox, həyat öyrədir”.

Digər evlilər sırasında texniki işçilər Fikrət və Mətanət Əzimovanı, müxbir Fərqanə Bayramova və operator Etibar Qurbanovu, müxbir Xəyalə və operator Elçini, montajçılar Ramiz OsmanovAynuru, Dadaş Abbasov və Firuzəni, Hüsniyə Əliyevə və Zaur Həsənovu görmək olar. 

ATV telekanalında isə bir-birini görüb tanıyan, bəyənən və nəhayət, ailə həyatı quran tanınmışlardan biri Samirə Mustafayeva və Vaqif Aydınoğlu cütlüyüdür.

Samirə işə başlayanda heç ağlına da gəlməzdi ki, həyat yoldaşı ilə elə bu televiziyada tanış olacaq.

Samirə Mustafayeva: “Həyat doğurdan da qəribə təsadüflərlə doludur. İşə düzəldiyim zaman ailə qurmaq planımda yox idi. Hər şey sanki paralel getdi. Heç də peşman deyiləm, əksinə. Çünki o, bütün meyarlarıma cavab verən şəxsdir. Yaxınlığa gəldikdə, kollektivdə yalnız onunla münasibət qurmaqda, söhbət etməkdə çəkinirdim, utanırdım. Mənim üçün çox fərqli idi. Deyim ki, bax o əvvəlki pərdə hələ də götürülməyib, bəlkə də daha da qalınlaşıb.
Bir işçi kimi mənim icazə almaq, gecikmək, xahiş etmək və bu kimi qanuna yazılmayan hüquqlarım pozulur. Mənim üçün bu tərəfdən bir az çətindir. Başqa hər şey qaydasındadır”.

Hazırda “Xəzər” televiziyasında “Nuş olsun” verilişinin aparıcısı Aytən Əliyeva və vaxtilə ATV-də xəbər aparıcısı olmuş Namiq Əliyev, Mirsalam və Fidan (rejissor), efir rejissoru İslam Həsənov və redaktor Şəbnəm də iş həyatında tanış olub evlənənlərdəndirlər.

Keçən ay toyu olan müxbir Aytən Tağıyeva və hazırda “İnterfaks” agentliyində çalışan İlkin Əhmədov da bu televiziyanın redaksiyasında bir-birlərini görüb bəyəniblər.

Aytən Tağıyeva: “İlkinlə ATV telekanalında iki il bundan qabaq tanış olmuşuq. Mənim “hə”m məndən xəbərsiz alınıb. Sonradan deyiblər ki, sənin artıq “torban tikildi”. Artıq toyumuz olub. Çox xoşbəxtik. Mən bəzi şeylərdən qorxurdum, yəni işlə ailə həyatını bir yerdə çatdırmaq məsələsinə görə istəyirdim ki, toyum gec olsun. Amma indi evliyəm, həm də işləyirəm görürəm ki, hamısını balansda saxlamaq olur”.

“Xəzər” telekanalında aparıcı kimi çalışan Billurə Aslan isə həyat yoldaşı operator Ramillə lap çoxdan əvəllər fəaliyyət göstərmiş SYV-Bakı televiziyasında çalışarkən tanış olub.

Billurə Aslan: “Biz dost olmuşuq. İndinin özündə də biz dostuq. Dostluq həddi bizdə həmişə qalıb. Bizdə seriallardakı kimi bir baxışdan məhəbbət olmayıb. İlk təklifi də təbii ki, oğlan edib. Bəli, naz hissəsi olub, amma süründürməçilik olmayıb. İndi 6 yaşında bir oğlumuz var” .

“Xəzər” televiziyasının qrafik işçisi Elnarə Qədirova və operator Bəxtiyar Babayev də çoxdan evlənənlərdəndirlər.

İctimai Televiziyada evlənənlər sayca digər kanallardan çox olsa da, yalnız bir neçəsinin adını öyrənə bildik. Füzuli və Reyhan, Fərəh və Fərmayıl, Turanə və Natiq, Natəvan və Şəhriyar da bu kanalın evli cütlükləridir. Aparıcı Leyla və rejissor Abbas cütlüyü isə İctimai Televiziyanın ən tanınmış simalarındandırlar.  

Leyla Əliyeva: “İctimai Televiziya nə qədər mənə müsbət cəhətlər veribsə, biri də mənim ailəmdir. Burada tanış olmuşuq, bərabər işləyirik, hətta bərabər “Eurovision”a getdik. Bütün səfərlərə biz birlikdə gedirik, o rejissor, mən bəzən müxbir, bəzən aparıcı kimi. Bəlkə də bizim burada birlikdə işləməyimiz bizə bir çox cəhətlərdən sərf edir. İncəsənət sahəsində işləyən xanımlara ailə qurmaq çətin olur, çünki birinci növbədə gərgin qrafik, bütün vaxt səfərlər, gec qurtaran çəkilişlər, müəyyən ezamiyyələr və s. çox zaman anlaşılmır. Amma əgər ailənin hər iki üzvi bərabər işləyir və o işi görürsə, problem olmur. Bizdə də yoldaşım mənimlə işləyir, səfərlərə birlikdə gedirik, bilir mən kimlə işləyirəm, hardayam və ya hansı çəkilişdəyəm. Dəqiq say bilmirəm, amma İctimai Televiziyada ailələrin çoxu burda tanış olub yaranan ailələrdir. Onu deyə bilərəm ki, buranın mühiti ailə qurmaq üçün münbitdir. Unutdum, bir də balaca qızım var, mayın 16-da 1 yaşı oldu, adı İradədir”.

Şahanə Rəhimli

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müdafiə xətti yarıldı,Ordumuz irəlilədi- Bu ərazilər nəzarətimizə keçdi