Modern.az

“Günəş şəfəq saçsa ziyasındayam...” - Bu dünyaya  Mehman kimi gələn ŞƏHİDİMİZ

“Günəş şəfəq saçsa ziyasındayam...” - Bu dünyaya  Mehman kimi gələn ŞƏHİDİMİZ

Reportaj

19 May 2021, 09:26

Vətəni şərəfləndirən şəhidlər


Bu dəfə oxucularıma  1979-cu ildə Tovuzun Bayramlı kəndində dünyaya göz açmış , Xüsusi Təyinatlı Qüvvələrin baş giziri Mehman Musa oğlu Yusifov haqqında danışmaq istəyirəm. Mehman öz yurdunun, elinin-obasının milli adət-ənənələrini, təbiətini çox sevirdi. Buna görə də hələ lap uşaqlıqdan böyük görəndə qabağına gedər, kiçik görəndə yıxılmaması üçün əlindən tutardı. Hələ Azərbaycanın televiziya efirlərində intellekt olyunları olmayanda, Mehman kənddəki uşaqları başına yığıb, onlarla intellekt oyunları yarışı keçirərdi.  Dünya ədəbiyyatının dərin bilicisi idi. İstəyirdi ki, ətrafında olan hər kəs kitab oxuyub, mütaliə ilə məşğul olsun.  Fenomenal yaddaşı həm də şairlərimizin şer xəzinəsi idi. Güclü natiqlik qabiliyyətinə malik qəhrəmanım Mehman Yusifov elə bir məclis olmazdı ki, Zükr Bayramlının, Azaflı Mikayılın, Zəlimxan Yaqubun şerlərini orada səsləndirməsin.  Buna görə də  məclislərdə hamı onun başına yığışardı. Onun üçün bəsit mövzu yox idi. Hər kəsi öz maraq dairəsinə salırdı. Oxuduğu kitablar və yaşadığı həyat onu kamilləşdirmişdi. Xoşbəxt o kəsdir ki, həyatk kitabından da dərs ala bilir.


Gəncliyindən könlünü Ordu sıralarına bağladı. Çalışdığı hərbi hissədə də xüsusi hörmətə malik idi. Təsüdfi deytil ki, hərbi qulluqda xidmətlərinə görə “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı,  II və  III dərəcəli “Qüsursuz xidmətə görə” medalı ,“Azərbaycan Silahlı Qüvvələrin 95 illiyi” yubley medalı, “Azərbaycan Silahlı Qüvvələrin 100 illiyi” yubley medalı ilə təltif olunmuşdu.


Ailənin altıncı övladı olan Mehmanın özündən başqa üç qardaşı və dörd bacısı var idi. 1985-ci ildə Tovuz rayon Elşad Orucov adına Bayramlı kənd tam orta məktəbinin birinci sinfinə getmiş, 1996-ci ildə həmin məktəbin on birinci sinfini bitirmişdi. 1998-cı ildə həqiqi hərbi xidımətə çağırılan Mehman Yusifov 2000-ci ildə iki illik xidmətini başa vuraraq təxris olunmuş, daha sonra 2002-ci ildə yenidən Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qayıtmışdı. Əmizadəsinin qızı Günellə toyları  2009-cu ilin 4 aprel tarixində olmuşdu.  Günel  seçimində yanılmamışdı. Mehman ailəcanlı, dostcanlı və könlü, əli açıq bir insan idi. 2011-ci ilin 14 sentyabrında  ilk oğlu dünyaya gələndə adını Məhəmməd qoydular. Bir az keçmiş, uşağın inkişafında gerilik hiss olundu. O gün-bu gün, Mehman bütün gücünü, enerjisini Məhəmmədin ayağa durub, öz-tay tuşları ilə birlikdə gəzə, danışa, oxuya bilməsi üçün sərf etdi. Sonra  Fatimə, daha sonra isə Süleyman dünyaya gəldi.  Bu övladları Tanrıdan sevinc payı kimi qəbul edib, qədərinə şükr etdi.  Məhəmmədin qayğıları çox, Fatimə ilə Süleymanın da sevincləri hədsiz idi.


Belə bir qəhrəman oğulu ,Mehman Yusifovu  da Azərbaycan tarixində yaşatmaq üçün Sumqayıtın 10-cu mikrorayonunda yerləşən evlərinə  gəlmişəm. Bu 5-mərtəbəli binanın bir blokunda  4 şəhid evi var. Birinci şəhid  Əlizamin Hüseynov Əli oğludur, 1992-ci ildə Ağdərənin Dranbon kəndində şəhid olub. İkincisi isə Samir Siyafər oğlu Məhərrəmovdur. 1993-cü ildə Murov istiqamətində şəhid olub.  Digər iki şəhiddən biri Mehman Yusifov, digəri isə Mehmandan  üç gün əvvəl , oktyabrın 2-də şəhid olan Ruslan İmanquliyevdir.  Ordumuzun baş giziri Mehman Yusifovun həyat yoldaşı Günelin qonağıyam.  Hansı şəhid evinə gedirəmsə üzümə qapını qara paltarlı qadınlar açır. Bu evlərin kişisi yoxdur deyə, qadınları, anaları, qızları qaraya bürünüblər. İndi qara paltarlı bu gəlin  üç körpə uşağını ovuda bilirmi, bilmirmi? Görəsən “atamı istəyirəm”-deyəndə onlara nə deyir? Bu fikirlərimə cavab almaq üçün Günelin gətirdiyi ətirli çaydan içib, söhbətimizə körpü salırıq.



Gunel deyir ki, biz ailə quranda bir-birimizə söz verdik ki, ən ağır günlərdə belə bir-birimizi atmayacağıq. O məni, mən də onu çox sevirdim. İndi çox çətindir. Uşaqlarla lap çətindir. Bilmirəm necə ovudum, necə aldadım, necə yatırım, yuxudan oyanandan sonra, başlarını necə qatım, “Atam nə zaman dönəcək”- soruşanda, necə aldadım?! İndi gecələrim keçmir, indi divarlar sıxır məni.


-Günel, ömründən, həyatından ömürlük ayrılan ömür yoldaşından  danış.


-  Xüsusi Təyinatlı Qüvvələrin qrupunü ümummilli liderimiz Heydər Əliyev yaratdığı gündən Mehman da Yaşmada həmin qrupda işləməyə başlamışdı. Hər adam o kursu keçə bilmirdi.  Bütün XTQ-çilər kimi Mehman da evə elə qonaq kimi gəlirdi, hər zaman evdə görə bilmridik ki... Dağda-daşda, aranda-boranda olurdu. Onların  yataqları daş, yorğanları qar olur. O qədər xeyirxah insan idi ki, özündən başqa hər kəsə yardım edərdi.  Süfrə arxasında çay içdiyi, yemək yediyi yerdə  hərbçilərdən və ya əsgərlərdən kimsə zəng vurub  nəsə xahiş etsəydi, süfrəni yarımçıq qoyub, durub həmin adamın işini yarıtmağa gedərdi.  Tovuz hadisəlrində çox gərgin idi.  Əslində bu hadisələrdən sonra Mehman da evə az-az gəldi. Sən demə Ordumuz generalın qisasını almağa hazırlaşırmış.  Həmin hadisələr vaxtı Mehman  çox məyus olmuşdu.  Deyirdi ki, Polad müəllim əvəzolunmaz insan idi.  Tanışımızın başına gəlmiş bir hadisəni danışdı. “General Polad Həşimov  Gəncə-Şəmkir yolunda öz maşını ilə gedirmiş.  Yolda görüb ki, bir qadın çarəsiz  dayanıb, maşını xarab olub. Sürücüsünə əmr edib, qadının maşınının yanında düşüb kömək edib, maşının yağını dəyişib,  motorunu işə salıb.  Məlum olub ki, qadın da Şəmkirdəki hərbi hissəyə oğlunun görüşünə gedir. Sonra deyib ki, sür dalımca, yolu göstərəcəm. Hərbi hissəyə çatanda qadın baxıb ki,  onun maşınını düzəldən kişi hərbi hissəyə girəndə hər kəs ona hərbi təzim edir.  Oğlundan soruşub ki, o kimdir?   Deyib ki, mənim xidmət etdiyim hərbi hissənin generalıdır.”.  Bu əhvalatı yana-yana danışırdı. Deyirdi ki,  bax Polad Həşimov  həm də bu qədər sadə, xalqın  qeyrətini, təəssübünü çəkən oğul idi. Belə oğullar öləndə Vətən sarsılır.


-  Mehman aprel döyüşlərində də iştirak edib. Elə deyilmi?


- Aprel döyüşlərindən əvvəl də, sonra da xeyli müddət evə gəlmədi. Gələndən sonra isə Məhəmmədin otağında yatdı. Aptekdən özü ilə dəva-dərman alıb gətirmişdi. Bir gün kiçik bacısı Zəkiyə  Mehmanın öz qolunu  sarıdığını gördü, nə baş verdiyini soruşanda , söhbəti yayındırdı. Sonradan bildik ki, ayağından  və qolundan yaralanıbmış. Aprel döyüşlərində yaralndığını bilən böyük bacısı çox pis oldu, yanıb-yaxıldı. Hansı bacı qardaşını yaralı görsə canı inciməz ki? Ona dedi ki, sənə bu lazım idi? O zaman elə həmin yaralı qolunu hirslə stolun üstünə çırparaq ,ona acıqlandı və dedi: “Bacı, məndən böyüksən, heç vaxt üzünə ağ olmamışam. Bir də nə vaxtsa, çaşıb belə bir sözü ağzına alsan, özümə cavabdeh deyiləm. Sən axı yaxşı bilirsən ki, bu torpaq uğrunda nə oğullar gedib, mən onlardan artıq deyiləm”. Aprel döyüşlərində həlak olan dostlarına görə çox hirsli idi. Deyirdi ki, çox az qalıb, alacağıq onların qanını, qisasını.  Mən  Mehmanın nə vaxtsa şəhid olacağını ağlımın ucundan belə keçirməmişdim.  Elə bilirdim ki, hara getsə, qayıdıb evinə, balalarının üstünə gələcək. O ailəsni, evini, doğmalarını çox istəyirdi. Bacardığı qədər hər kəsə qayğı, diqqət göstərirdi.


Bəli, belə olur Yaşmada qulluq edən oğulların xarakteri. Onlar itirdikləri hər bir dosta görə gizlində ağrı çəkirlər və bu ağrını kimsəyə bildirmirlər. Yalnız qisas alanda, düşməni yerlə -yeksan edəndə, birin əvəzinə 10, 100, 500 nəfəri məhv edəndə ürəkdən gülə bilirlər. Vətən üçün döyüşə atılan hər bir Xüsusi Təyinatlı əsgəri bilir ki,  şəhid olarsa,  dostları qisaslarını alacaqlar. Onlar döyüşə girəndə ölümü deyil, döyüşdən sonrakı həyatı, Tanrı haqqını , Torpaq ,Vətən haqqını düşünürlər.


Günel söhbətinə davam edərək deyir ki, Mehman bir dostlarına  görə kədərlənər, bir də oğlum Məhəmmədə görə ağlayardı. Uşaq çətin xəstəlikdən əziyyət çəkir.  Deyirdi ki, əlmdə elə bir imkan olaydı, deyəydilər ki, böyrəyini çıxart ver, ürəyini çıxart ver, təki bu uşaq sağalsın. Evimizin təmiri elə 2020-ci ilin avqustunda qurtardı. Təmir deyəndə ki, yüngülcə təzələdik.  Təmiri bitirən kimi bizi kənddən evə çağırdı. Yenə iki gün bizimlə qalıb, getdi.  Heç bir həftə bu təzə təmirli evdə oturmadı.


Sentyabr ayının 25- idi deyəsən. Telefonla səs göndərdi mənə. Deyirdi ki, paltarlarımı hazırla, təzə corablar al qoy. Yemək bişir, bir neçə gün evdə olmayacağam. Mən də onun tapşırığını alan kimi durub bir qazan kotlet bişirdim.  Axşam gəldi evə. Səhərə yaxın telefonuna zəng gəldi. Qalxıb geyindi, yol çantasını götürdü. Sonra  geri dönüb, yatmış uşaqları öpüb-qoxladı. Qapının ağzında əlini kürəyimə vurub : “Nəsə gözlənilməz bir xəbər olsa, hər şey hazır gələcək. Narahat olma”- dedi. Həmin vaxt dediklərinin fərqinə varmamışdım. Axı bizə deməmişdi ki, döyüşə gedir. Elə bilirdim ki, yenə həmişəki kimi ya təlimə, ya da əməliyyata gedir.


Bir-iki gündən sonra isə belə bir mesaj yazdı mənə: “Günelim, bilirəm, sənə çox yüklənirəm. Həm qadın kimi, həm kişi kimi yüklənmək zorunda qalırsan. Bəlkə də mən yaxşı həyat yoldaşı ola bilmədim. Nə sənin, nə də uşaqların istədiyi kimi qayğınıza qala bilmədim. Sən də sağ ol, ki, bunu problemə çevirmirsən. Çünki sən bir mələksən... Nə isə... Fikir etmə, özünü çox sıxma.  Əgər nəsə gözlənilməz bir şey baş versə, bil ki, özümü alçaldacaq heç nəyə yol verməmişəm. Əgər nəsə bir hadisə olsa, sən də qürurunu alçaldacaq heç nəyə yol vermə. Uşaqlara buyur və əxlaqı, tərbiyəni düzgün aşıla. Unutma ki, sən Mehmanın həyat yoldaşı, Məhəmmədin anası, Yunusun qızısan...”.


Bu məktubu  yazanda Mehman Yusifov  ön çəbhədə qızğın döyüşlərdə idi. Ətrafında həlak olan və yaralanın dostlarını görürdü. Eyni zamanda qalibiyyət sevincini yaşayırdı. Özü də bu döyüşlərdə artıq yaralanmışdı.Başında sarğı ilə gəzirdi. Ona nə qədər desələr də ki, get hospitala, dostlarını döyüş meydanında qoyub, hospitala getməmişdi. Bu məktubu yazanda isə  bilirdi ki, ağır döyüşlərin birində bu şəhidlik  onun üçün də ola bilər. Mehmanın bu məktubunu oxuyan Günelin ürəyi  uçum-uçum uçunur. Tez əlləri titrəyə-titrəyə ona belə bir cavab yazır: “Elə demə Mehman, mən səni çox sevirəm. Allah səni qorusun, yolunu gözləyirik səbirsizliklə. Evimizə gələcəksən. Hər şey üçün, məni yaşatdığın üşün çox sağ ol. Sənin haqqın bizlərdə böyükdür. Səninlə yaşadığım ömür boyunca nə qədər  haqqım varsa, hamısı halalın olsun, min kərə halalın olsun. Elə söz demə. Sən fəxr olunası həyat yoldaşısan. 02.10.2020”.


Gunel deyir ki, Mehmanın bir həyat meyarı var idi:  yaxşılıq etmək və vətəni sevmək. Deyirdi ki, dövləti qorumaq üçün, Vətəni qorumaq üçün ordu və oğullar lazımdır. Cəmiyyəti düzgün yetişdirməyin birinci yolu savadlı müəllim və Vətəni qoruyan igid oğulların olmasıdır. Bunlar olmasa, Vətən çökər.  Deyirdim ki, ay Mehman, yaxşılıq etdiyin adamlardan bəzən pislik görürsən, ancaq, elə yaxşılığından qalmırsan. Yorulmursan sənə qarşı edilən pisliklərdən?! Deyirdi ki, Günel, yaxşılıq etdiyim adamlardan onundan səkkizi unudursa, itirirsə, ikisi mənim qədrimi bilsə, o iki mənim qazancımdır.


O  qara xəbəri aldığı anları anlatmağa çalışdı Günel. Səsi titrəyə-titrəyə, vücudu əsə-əsə danışırdı. Kədərini, ağrısını gizlətməyə çalışsa da gizlədə bilmirdi. Bəlkə də də həyat yoldaşının ona verdiyi öyüdləri xatırlayırdı. Axı Mehman ona demişdi ki, heç kəsin qarşısında özünü sındırma.



Mehman şəhid olan anda  Günel oğlu Məhəmmədi müəllim yanına hazırlıq kursuna aparmışdı. Müəllimə birdən dərsdən özünü yayındırıb, Günelə dedi: “Sizin həyətdə şəhid var idi... Elə bildim ki, Məhəmmədin atasıdır. Sonra oğlumu göndərdim, gəlib dedi ki, başqasıdır.”. Eşitdiyi sözdən Günelin nitqi tutuldu : “Nə, nə...”-deyə bildi.  Müəllimə necə bir ehtiyasızlıq etdiyini indi başa düşdü. Tez sözünü dəyişdi. İki gün bundan əvvəl olmuşdu deyəsən, -deyə bildi. Günel özünə gəlib dedi: “Hə qonşumuzun  24 yaşlı oğlu şəhid oldu...”. Lakin Günelin sanki daxilində nəsə qırılmışdı. Öz-özünə fikirləşdi: “Yox, heç vaxt, heç vaxt Mehman şəhid ola bilməz. O Məhəmmədin yanına qayıdıb gələcək. O hələ Məhəmmədi sağlatmalıdır...”.


Evə gələn kimi Mehmana zəng vurdu. Telefona zəng çatsa da, onu açan yox idi. Təlaşlandı. Baldızı Zəkiyəni yığdı.  Zəkiyə də ona ürək-dirək verib dedi ki, Mehmandan xəbərimiz var. Hər şey normaldır. Güorta saat 4 radələrində özünə yer tapmadı. Sanki evdə boğulurdu.  4-cü mərtəbəyə qalxdı, oktyabrın 2-də şəhid olan Ruslan İmanquliyevin evinə . Ruslan Ramiyənin tək övladı idi. Gedib onunla oturdu ki, təsəlli versin. Lakin təsəlli vermək əvəzinə dəliyə dönən anaya baxıb, o ki var ağladı. Ətrafda oturan qadınlar da Günelin bu ağlamağına matdım-matdım baxırdılar. Günel bilmirdi ki, niyə belə ağlayır? Onu içəridən sıxan, tərpədən nədir axı?  Gənc şəhidin yas mərasimindən evə qayıdıb, uşaqların çayını-çörəyini verdi. Az TV-nı açdı. Düşmənin üzərində Azərbaycan Ordusunun etdiyi ilk həmlələrdən, döyüşlərdən  danışırdılar. Bütün TV kanallarından xoş-əhval ruhiyyə axırdı. ,əhid xəbərləri gəlsə də, insanlarda ruh yüksəkliyi var idi.   Axşam yatağına uzandı. Gözünə yuxu getmədi. Beyni açıq idi. Yata bilmirdi ki... Lakin bir andaca elə bil ki, huş onu apardı. Yuxusunda bir  qatma-qarışıq yerdə bir yaralı əsgərin yerə uzandığını gördü.  Ətrafda başqa yaralılar da var.  İrəlidə isə bir topa əsgər gedir. Günel yaralı əsgərlərin yanında dayanıb qışqırır ki, bu yaralılara kömək edin. Qabağda gedən əsgərlər ona fikir vermirlər. Kimsə deyir ki, biz Qarabağı almışıq. Qələbəni qeyd etməyə gedirik. Günel nə illah edirsə, yaralı əsgərlərə köməyə gələn olmur. Yuxunun xofundan gözlərini açıb ətrafa baxdı.Gözü divardakı saata sataşdı  5-10 dəqiqə keçmişdi yuxlamağından.  Bir daha əmin oldu ki, gördüyü yuxu deyildi. Bu gözlərinə görünən röya nə idi? Bu qan nə idi? O yaralı əsgərlər haradan gəldi gözlərinin qabağına? Durub  mətbəxə keçdi.  Gecə saat 00:45 dəqiqə idi. Pəncərədən çölə baxdı. Eyvanının  altında, blokun  qapısında tanımdaığı kişilər var-gəl edirdilər.  Yenə Mehmanın telefonunu yığdı, telefon çağırsa da, Mehman cavab vermirdi.  Yenə baldızının nömrəsini yığdı. Ağlaya-ağlaya dedi ki, Mehman telefona cavab vermir. Telefonun o başında baldızı onu sakitləşdirdi : “Günel narahat olma. Yəqin elə yerdədir ki, telefona cavab verə bilmir. Harada olsa, səhərə qədər zəng vurar”- dedi.


Gəlib yenə pəncərədən nigaran-nigaran çölə boylandı.  Qaranlıq düşdüyündən həyətdə dayanan adamları seçə bilmədi. Gecənin qaranlığında  ailə dostu Röyalı da seçməmişdi. Həmin gün  Röyalın  oğlunun  5 yaşı tamam olurdu , həm də toy gününün  10 illiyin qeyd edirdi.  Elə süfrəyə təzəcə oturmuşdular ki, qəfil telefon zəngi ilə aldığı xəbərdən bütün  əhvalı alt-üst oldu. Telefonun o biri başındakı adam özünü təqdim edərək dedi ki, Sumqayıt Şəhər Hərbi Komisarlığındandır. Mehman Yusifov şəhid olub. Ətrafda hər kəs Mehmanı Röyalın dayısı bilirdi. Əslində isə onlar  bir-birinə qonşu  kənddən idilər. Qovlar kəndində yaşayan atası Mehmanı yaxşı tanıyırdı. 2007-ci ildə Röyal hərbi xidmətə gedən gündən iki nəslin dostluğu daha da güclənmişdi. Röyal Mehmanı özünə həm böyük, həm məsləhətçi, həm dayı, həm qardaş sayırdı. Çünki Mehman çox sınaqlardan çıxmışdı. Bacısı Günayın qan qardaşına çevrilmişdi. Bacısında qan xəstəliyinin aşkar olunduğunu biləndə, ona ilk qan verən də Mehman olmuşdu. Və həmin gün Bakıdakı Qan İnstitutu xəstəxanasında Günya demişdi ki, bacı, arxayın ol, nə qədər ki, mən sağam sən də yaşayacaqsan.  O gündən sonra, hər həftə Günayın qan normasını ya öz cibinin pulu ilə alar, ya onun qanına uyğun  gələn qan qrupunda olan  zabit və digər hərbçilərdən yardım etməyi xahiş edərdi. Röyal axşamüstü  Mehman Yusifovun xəbərini aldıqdan sonra neçə dəfə bu həyətə gəlib, geri qayıtdı. Dəfələrlə qapını döymək istəsə də, cürəti çatmadı.  Bu həyətdə keşik çəkdiyi vaxt,  bacısının da  ölüm ayağında olduğu xəbərini eşidib, özünü bacısıgilə çatdırdı. Burada da  bir neçə adam yığılmışdı həyətə. Ona dedilər ki, Günayın uşaqları ad günü məclisdən dərhal evə gələrək, analarına Mehmanın şəhid olduğu xəbərini veriblər.  Bu xəbəri eşidən Gunay: “Necə, Mehman, Mehman...qardaş... Bəs, mən, mən... Mən neyləyəcəm?", - deyərək, divana çöküb, son nəfəsini verib. İndi Röyal iki yol arasında qalmışdı. Bilmirdi ki, bacısının tabutu üzərində dayansın, yoxsa ki, gedib Mehmanın həyətində ailəsinə dayaq olsun. Yaxın dostlarından birinə zəng edib dedi ki, dostu  Mehmanın həyətində keşik çəksin.


Röyalın başı bacısının fəlakətinə qarışdığı vaxt, Zəkiyə  gecə saat 3 radələrində kənddən Günelə telefon açıb, bunları dedi: “Günel sən güclüsən, möhkəm ol, qışqırma ki, uşaqlar qorxmasın...”.


Günelə bunu deməkmi olardı?  İnsanın   aldığı qara xəbərdən, ayrılıq xəbərindən sonra gücü ancaq  bağırmağa, asi olmağa çatır. Günel də özündən asılı olmayaraq, çığırdı...  Elə bu andaca  mənzilin qapısı döyüldü. Axşamüstü Mehmanın xəbərini alıb, qapıya gəlməyə cürət etməyən qonşuların  hamısı içəri doluşdular. Şəhid Əlizamin Hüseynovun həyat yoldaşı Vəfa da qonşuların arasında idi. O şəhid xəbərinin nə oolduğunu yaxşı bilirdi. Ona görə də, uşaqlar duyuq düşməsin deyə, üç körpəni yuxlu-yuxlu  evdən çıxardılar.


Səhər  tezdən Mehmanın tabutunu gətirib yaşadığı binanın həyətinə qoydular. Sumqayıtdakı Şəhidlər Xiyabanında dəfn edilməyə ailə razi olmadı. Çünki Mehmanı Tovuzda 7 bacısı və qardaşı, qoca anası gözləyirdi. Yollar bağlı olduğundan, pandemiya səbəbindən  heç kim Sumqayıta gələ bilmirdi. Böyüklərin, ağsaqqalların məsləhəti ilə  Mehman dostlarının, doğmalarının çiyinləri üstündə Tovuzun Bayramlı kəndinə aparıldı. Ondan qabaqda isə  dotstu Röyalın bacısı Gunayın tabutu gedirdi.

 


Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Baş giziri Mehman Yusifov sonuncu dəfə öz doğma yurdunda, Tovuzun Bayramlı kəndində 2019-cu ildə olmuşdu. Sonra  Koronovirus Pandemiyası mərəzi üzündən hərbi xidmət yerini də boş qoya bilmədiyindən kəndə gedə bilməmişdi. Onu görmək istəyən bacı-qardaşı Sumqayıtdakı evnə gəlirdilər. İndi isə Mehmanı bu həyətə  canından çox sevdiyi  üçrəngli bayrağımıza bükdükləri tabutla çiyinlərdə gətirdilər.  Bayramlı kəndi, ona yaxın kəndlərin gənclərinin əksəriyyəti bu torpağın , bu elin keşiyini çəkmək üçün hərb sənətini seçiblər. Ermənilərlə həmsərhəd olan Qazax-Şəmkir zonasında 30 ildir ki, düşmən tərəfdən gələn atəş səslərini eşidə-eşidə böyüyüblər. Ona görə də “Vətən” adlı yurd yerinin müqəddəsliyini anlamağa başladıqları ilk gündən, onu qorumağa and içiblər. 


Qonum-qonşu, qohum-əqraba deyirdilər ki, Mehman  ata evindəki  bacı-qardaşlarını, anasını da elə körpə uşaqları qədər sevirdi. Bir də ki, sirdaş olduğu kiçik bacısı Zəkiyə var idi. Zəkiyə ilə söhbətləri həm də ona görə tuturdu ki, ikisi də ədəbiyyata meyilli idilər. Kitabxanalarda oxumadıqları kitab qalmamışdı.  Zəkiyə  Bayramlıda anasını tək qoyub gəlməmək üçün bəhanə edəndə, Mehman onu “Sənə təzə kitablar almışam”-deyib fikrindən daşındırardı. Bir də görürdün ki, sabah o başdan Zəkiyə durub gəlib qardaşının evinə. Qardaş balaları da Zəkiyəni görəndə elə bil ki, tay- tuşalrını görürdülər. Zəkiyə onların hər birinin dilini bilirdi, könüllərini almağı bacarırdı. Bir də ki, Zəkiyə Günelin yanında olanda, Mehman da hərbi xidmətində rahat olurdu.


Zəkiyə Yusifova qardaşı haqqında o qədər gözəl xatirələr danışır ki:


- İmanlı bir insan idi Mehman. Orucunu, namazını pozmazdı. Korrupsiyaya, harama, əyriliyə qarşı mübarizə aparırdı. Onun üçün dünyanın bütün işləri təmiz, şəffaf olmalı idi. Nə aldanmağı, nə də aldatmağı sevirdi. Sənətinə uyğun olaraq erməni dilini təmiz öyrənmişdi. Sanki sehirli çubuq idi. İşi çətinə düşən, problemi olan, xəstəsi olan qardaşıma zəng edirdi. Elə bil ki, kömək nazirliyi idi. Öz kəndinin biçənəklərini, yaylaqlarını sevdi. İşdən macal tapan kimi, ruhunun dincəlməsi üçün Bayramlıya gəlib ot biçimində iştirak edərdi. Bu kəndin adamları üçün Mehman  həm deputat idi, həm icra başçısı idi, həm məhkəmə idi, həm də dost idi. Kimin nə dərdi, problemi olsa, Mehmanın üstünə gələrdi. Bilirdilər ki, Mehman hər yerdə hörmət, ad-san qazanıb. Mehman bir evin deyil, bir elin və obanın oğlu idi. Yaşma-052-nin Sumqayıtda  mənzil alan hərbçilərinin əksəriyyətinə mənzil sahibi olmaqda kömək etmişdi,onlar üçün zəmanət verib, yol göstərmişdi. O hərbçilər ev sahibi olanda uçmağa qanad axtarırdı. Deyirdi ki, bir  ailənin xioşbəxt olmağı üçün  yenə isti bir ocaq yarandı. Biz elə bir yerdə işləyirik ki, hər birimizin evi olmalıdır. Çünki bizdən sonra ailəmiz, uşaqlarımız bacasız, damsız qalmamalıdır. Şəhid olduğunu eşidəndə Orxan adlı bir əsgəri gəlmişdi. 7 gün qaldı Bayramlıda. Dedi ki, Mehmanın qəbri mənim üçün indi ən müqəddəs ziyarətgahdır. Hər gün  gedib onu iki dəfə ziyarət etdi. Bu gün də qapımız, darvazamız açıqdır. Hələ də Mehmanın adını tutub qapımıza gələnləri sırası seyrəlmir. Qardaşımın etdiyi yaxşılıqlar belə tez bir zamanda qayıdıb yenidən qapısına gəlir. Mehman heç kəsi yarı yolda buraxmadı, hamıya yoldaş oldu, hamının dadına çatdı. Ancaq balalarını yarı yolda qoydu... Cavan gəlinini yolda qoydu... Mənim əziz qardaşım Vətən sevgisinin qüdsiyətindən başı ərşə dayanmış bir şəxs idi.


Bir də çox sevdiyi qardaşı ilə son telefon danışıqlarını xatırlayır Zəkiyə:


- Oktyabr  ayının 4-də şam namazı başlamazdan əvvəl Mehman telefon açdı bizə. Anamla danışmaq istədiyini dedi. Dedi ki, özünüzdən muğayat olun, haqqınızı halal edin. Anamı qoymayın televiziya xəbərlərinə baxsın. Televizorun antennasını pozun.  Mən də dedim ki, qardaş “Ayət əl Kürsü” duasını oxu. Bu dua darda olan adamın qapısını açır.  O danışanda  güllə, top səsləri eşidilirdi. Artıq Füzuli azad edilmişdi. Cəbrayılın da azad edulməsi haqqında xəbərlər yayılırdı. Mehmanın səsi çox gur və sevincli gəlirdi. Dedim ay qardaş, təbrik edirəm alnından öpürəm. Qələbə sevinci ilə qayıdın inşallah!  Cavab verdi ki, alnımdan öpməkdənsə, əlimdən öp. Dedim qardaş orada olan hamınızın ayağından öpürəm, əllərinizdən, barmaqlarınızdan öpürəm. Anamı çox sevirdi. İstəmirdi ki, anam incisin. Onun döyüşdə olduğunu anamıza deməmişdik.


Mehmanın Cəbrayılda olduğundan xəbərim var idi. Əllərim göydə gecə-gündüz Ordumuzun qalib gəlməsi üçün, bu savaşdan qalib çıxması üçün dua edirdim.  Oktyabrın  5-də bir neçə dəfə gəlinimiz Günellə danışdım. Onu sakitləşdirməyə çalışırdım. Yazıq gəlin, deyirdi ki, Mehman telefona cavab vermir, narahatam. Gecədən xeyli keçmiş qardaşım Ceyhun zəng vurdu. Telefonu bacım Məsumə açdı. Sonra mənə verdi. Ceyhun mənimlə danışmaq istədi. Səsi xırıldadı. Anam da eyvanın o biri başında dayanmışdı. Heç nə başa düşməsin deyə, başqa otağa qaçdım. Qardaşım Ceyhun telefonun o biri başında danışa bilmirdi, hönkürürdü. Artıq anladım ki, çox ağır bir xəbərimiz var. Anamı aldatmağa çalışdım.  Özüm isə bağırmaq, üsyan etmək, çığırmaq istəsəm də, anama görə səsimi içərimə saldım. Həyətə çıxdım, göydən bir yağış, bir leysan tökürdü ki, tut ucundan çıx göyə. Göz yaşımı və səsimi yağışlara qatıb hönkür-hönkür ağladım.


Qardaşımı dəfn edəndə onunla birlikdə xidmətdə olan hərbçilərdən kimsə  qardaşlarıma deyib ki,  Mehmangil Cəbrayıl azad olunandan sonra
ön cəbhədəki döyüşçülərə silah-sursat və ərzaq aparıblar. Qərərgahdan ona deyiblər ki, sən getmə. Razılaşmayıb ki, uşaqları tək göndərə bilmərəm. Qayıdanda  8 nəfər heyətlə düşmən pusqusuna düşüblər. Təbii ki, bir an öncə azad olunmuş, 30 ildən bəri ayağımız dəyməyən mövqelərdə düşmənin gizlin yerlərini həmən aşkar etmək çox çətindir. Bu səbəbdən də onlar da pusquya düşüblər. 8 nəfər son güllələrinə qədər döyüşüblər. Üz-üzə yaxın mövqedən gedib döyüş. 300 nəfər düşmənə qarşı döyüşüblər. Əvvəlcə onların olduqları mövqeyə qrad atıblar.  Mehman şəhid olanda başı sarıqlı imiş. Mehmanla birlikdə şəhid olan döyüşçülərin hamısını  qəhrəman döyüşüçlərimiz döyüş meydanından çıxarıb. Ona sevinirəm ki, qardaşımı və onunla olan 7 nəfəri öldürən ermənilərin hamısını gəbərdib,300 nəfərlik erməni alayının hamısı yerlə yeksan ediblər. Qardaşımın və döyüş yoldaşlarının qisası az keçmədən alınıb. Bu deyilənləri isə döyüçülərdən biri video lentə də köçürə bilib.


İndi qapımızda Azərbaycan bayrağı dalğalanır.  Anam hər səhər o başdan durub  gedir bayrağın altında dayanır. Mehman şəhid olandan sonra bir dəfə “Oğul!”- deyib ağlamadı, ana kimi üsyan etmədi. Dərdini, qəmini içərisinə axıdır. Barışa bilmir oğlunun yoxluğu ilə. Nə vaxt yuxudan durub həyətə çıxıramsa, onu bayrağın altında görürüəm. Sakitcə gedib bərabərində dayananda  dediyini  eşidirəm. Deyir ki: “Bayrağını bizə əmanət etdin, bayrağına fəda olum , ay oğul!”.


Zülfiyə həm də şair təbli bir qızdır. O anasının, qardaşının dərdini muncuq-muncuq şerə çevirir:


Üç övlad əmanət etmişəm sənə,

Yetişdir layiq et xalqa, vətənə.

Başını dik saxla, gülümsə yenə,

Ağlama, ağlama, ağlama ana!

 

Günəş şəfəq saçca ziyasındayam,

Buludlar ağlasa damlasındayam.

Gecə ulduzların arasındayam,

Ağlama, ağlama, ağlama ana!-

 

-Mən şəhidliyin necə bir zirvə olduğunu bilirəm. Dərk edirəm. Onu dərk edəcək qədər təfəkkürüm var. Ancaq, Mehmanın  üç dilbilməz körpəsini və anamı belə görəndə, deyirəm kaş sağ olaydı. Geridə buraxdıqlarını boynubükük görəndə  razılaşmaq istəmirəm. Amma ki, bu itki təkcə bizim həyətdən, bizim evdən getməyib ki... Onların şəhidliyi ilə böyük tariximizdə zəfər günü yaranıb. Onların şəhidliyi ilə Vətənimin torpaqları azadlığa çıxıb. Bu zəfərdə bizim ailənin  də övladının qanı axıbsa, Vətənin, torpağın halalı olsun.

                                                          
 *****


Mehman Yusifovun özündən sonra üç körpəsi bu Vətənə, bu dövlətə əmanət qaldı. Dövlətimiz də bu gün hər bir şəhid ailəsinin yanındadır, qulluğundadır. Hekayətimizin əvvəlində də qeyd etdiyimiz kimi, Mehmanın böyük oğlu Məhəmməd dünyaya gələndən sonra inkişafında problem yaranıb. Mehman şəhid olduqdan sonra, 11 yaşlı Məhəmməd atasının yoxluğunu dərk ediyini kimsəyə anlada bilmirdi. Lakin bir gün bibisi Zəkiyə ilə telefonda danışanda onu anlada bilir ki, tezliklə Sumqayıta gəlsin. Darıxır. Qardaşı balalarına təşnə olan Zəkiyə, səhərisi günü Sumqayıta yola düşür...


Həmin gün isə...


Mart ayının 9-u Məhəmməd səhər tezdən oyandı. Anası Günel neylədisə, onu yatıra bilmədi. Gün- günorta olanda qapı döyüldü. Məhəmməd cəld qapıya qaçdı. Bu dəfə qapının arxasında kimin olduğunu soruşmadan, dərhal açdı. Gələn bibisi Zəkiyə və Arzu idi. Tovuzdan Bayramlı kəndindən gəlmişdilər. İçəri keçdikdən sonra bibisi onunla  hal-əhval tutdu.


-Ay Məhəmməd necəsən? Dərslərini oxuya bilirsənmi?


Məhəmməd sözləri çəkə-çəkə dedi:


-Hə, Zəkiyə bacı (o bibisinə bacı deyir) mən yaxşı oxuyuram. Mən artıq böyümüşəm. Heç kimi incitmirəm. Bu gün Ulduz müəllimə mənə  “5” yazdı.


-Afərin sənə, ürəyim. Mən bilirəm ki, sən igid oğlansan. Sözə baxansan.


-Daha yeməkləri də seçmirəm, nə bişirsələr yeyirəm. Rəvanə bacı deyir ki, yeməsəm böyüməyəcəyəm, instituta daxil ola bilməyəcəyəm.


Zəkiyyə Yusifova, bibi:


-Əlbəttə, ürəyim, sən hər kəsdən birinci olmalısan, sənin üçün çox darıxmışdım, ürəyim.


-Zəkiyə bacı, axşam mənimlə yatarsan? Mən indi sənin “Ata” haqqında yazdığın şeri də əzbərləmişəm. O şeri də sənə danışacam.


-Əlbəttə, başqa kiminlə yatacam ki?..


Həmin gecə Məhəmməd başını bibisinin sinəsinə qoyub danışmağa başladı. Məhəmməd danışdıqca, bibisi həyəcanlanır, heyrətə gəlirdi. Axı bu uşağın düşüncələri nə zaman belə açıldı görəsən? Axı bu günə qədər evdə hər kəs onun  belə düşüncülərə malik olmasından xəbərsiz idi. Heç atasının sağlığında belə, bu qədər dərrakəli olduğunu büruzə verməmişdi. Müalicəsi çox çətin gedirdi. Bəs indi bu uşağa nə olmuşdu?! Məhəmməd danışdıqca, Zəkiyənin ürəyinə yenə də ox sancılırdı. Yarasının közü qopurdu. Lakin, uşağı hürkütməmək üçün, özünü ağlamaqdan saxlamışdı.


-Zəkiyyə bacı, sənin hələ yuxun gəlmir ki? Mən səninlə çox danışmaq istəyirəm...


-Danış, qurbanın olum. Səni dinləyirəm.


-Mən atamdan ötrü çox darıxıram. Ancaq o mənim yuxuma gəlmir. Tez-tez yuxumda atamı görmək istəyirəm. Ay Allah, kaş atam yuxuma gələydi. Mən çox darıxıram. Atam şəhid olub. Sən anama zəng edəndə anam qışqırdı, ağladı. Sən də dedin ki, uşaqları qorxutma, anam niyə ağladı?


- Canım mənim, gecə adam ağlamaz, ona görə dedim.


-Zəkiyyə bacı, istəyirəm atam gəlsin, birlikdə yemək yeyək, məni gəzməyə aparsın. Müharibə olmasaydı, atam şəhid olmazdı. Əvvəlcə korono virus, sonra da müharibə. Mən çox pis oluram. Atam üçün darıxıram.  Atam şəhid olanda, onu kəndə apardınız, məni niyə aparmadınız? Atamın şəklini qəbristanlığa mən aparardım. Mən tez böyümək istəyirəm. Atam kimi olmaq istəyirəm. Atam kimi olanda onun kostyum-şalvarını geyinəcəyəm. Mən oxuyub maşın alacam. Atamın şəklini o maşına vuracam.


11 yaşlı Məhəmməd dayanmadan üyüdüb tökürdü sözləri. Atası Mehman  Yusifov şəhid olduğu gündən, bu uşaq ürəyinə yığdıqlarını yalnız bu gecə  özünə ən yaxın bildiyi bibisi Zəkiyəyə danışırdı:

-Zəkiyə bacı, kəndə gedəndə məni atamın qəbrinə aparacaqsan? Mən bilirəm, qəbir “ziyarət”deməkdir. Yadındadır? Bir dəfə atam maşınla bizi qəbir ziyarətinə aparmışdı. Biz onların qəbrinə gül qoyduq, öpdük. Atam şəhid olub. Musa baba, Yunis baba rəhmətə gedib. Bu dəfə kəndə gedəndə mən  atamı ziyarət etmək isəyirəm. Gülxanım nənəmin oğlu da şəhid olub. Anamgil danışırdılar. Bahəddin əmi Gülxanım nənəmin  oğludu? Mən kənddəki  şəhidlərin hamısını ziyarət etmək istəyirəm.  Bir-bir onların hamısının adını, atalarının adını oxuyub öyrənəcəm. Mən Sumqayıtdakı Şəhidlər Xiyabanına getmişdim. Ramiyyə xalanın oğlu Ruslanıın da qəbrini gördüm orda. Orda çoxlu qəbrilər vardı. Hamısı şəhidlər. Müharibədə şəhid olublar?


-Hə, ürəyim, bütün şəhidlərimizin rühları şad olsun.


-Mən atamı ziyarətə gedəndə ürəyimdə ona deyəcəyim çoxlu sözlərim var. Kəndə getmək istəyirəm.


-Ataya nə deyəcəksən ürəyim, mən də eşitsəm olarmı?


-Deyəcəm ki: “Ay ata yuxuma gəl , səni görmək istəyirəm. Mənnən söhbət elə. Fatimə deyir ki, atam ulduz olub. Ata, sən ulduz olmusan?”.


Mən hər gecə ulduzlara baxmaq istəyirəm. Zəkiyə bacı, mən atamı görmək istəyirəm. Ay Allah, kaş atam qazi olaydı. Atam qazi olaydı... Atam qazi olsaydı, müharibə qurtarandan sonra, evimizə gələrdi. Kaş atam, şəhid olmayaydı. Mən yay tətilində, namazın sözlərini öyrənmək istəyirəm. Zəkiyə bacı, gəl atama çoxlu dualar edək, mən atamı yuxumda görüm...”.


Məhəmmədi  səhərə yaxın yuxuya verəndən sonra, Zəkiyə bu şeri yazır:



Danışır dostların igidliyindən,

Məhv olan düşmənin rəzilliyindən.

Şəhadət kürsündən, şəhidliyindən,

Qürur, ixtiyarım, baş tacım Ata!

Varmı həsrətinə əlacım, Ata?

 

Hər kəs ətrafımda pərvanə olur,

Məni əzizləyir, məni ovudur.

Sənin tək məimlə heç kim dost olmur,

Ətrinə, qoxuna möhtacam Ata.

Varmı həsrətinə əlacım, Ata?

 

De necə oxşayım , mən Süleymanı?

Kim alsın qadasın bəs Fatimənin?

Ovuda bimirəm gözəl anamı,

Ey arxa-dayağım, vüqarım Ata,

Varmı həsrətinə əlacım, Ata?

 

Qüsursuz xidmətin, cəsur ürəyin,

Çağlardı könlündə pak Vətən eşqin.

Adın ünvanıdır uca zirvənin,

Ey şanım, şöhrətim, baş tacım Ata!

Varmı həsrətinə əlacım, Ata?

 

Qəlbində istəyin, xoş arzuların,

Dayağı-gücüydün elin-obanın.

Adına qurbandır Zəkiyə bacın,

Ey arxa dayağım, vüqarım Ata!

Varmı həsrətinə əlacım, Ata?


- Zəkiyə deyir ki, bu görüşdən sonra, Məhəmmədi götürüb özü ilə kəndə aparır. Məhəmməd atasının məzarı üstünə gedib, baş daşını qucaqlayır... Və atası ilə söhbət etməyə başlayır. Dünyada hər şeydən çox güvəndiyi, hamıdan çox sevdiyi atası evə gələndə qapıya qaçardı Məhəmməd. İndi isə qara mərmərdən boylanan baş daşını qucaqlayır. Bu baş daşı onu isitmir, ovutmur. Nə mehri var, nə məhəbbəti. Məhəmməd də, Fatimə də, Süleyman da bir ata tumarına, dəniz boyda ata sevgisinə, ata qayğısına möhtacdırlar.


Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri Mehman Musa oğlu Yusifov şəhidliyindən sonra da Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin  sərəncamı iıə "Vətən Uğrunda" medalı ,"Cəbrayılın azadlığı uğrunda" medalı, "Qarabağ" ordeni , "Zəfər" ordeni  ilə təltif edilib.


Aida Eyvazlı GÖYTÜRK

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir