Modern.az

Ölkədə 46 bank, 1694 bankomat var

Ölkədə 46 bank, 1694 bankomat var

Ölkə

8 Fevral 2010, 15:03

Modern.az xəbər verir ki, Mərkəzi Bankın mətbuat xidmətinin məlumatına görə, 2010-cu il yanvar ayının 1-nə bank əməliyyatları aparmaq üçün 142 kredit təşkilatının lisenziyası olub. Bunlardan 96-sı bank olmayan kredit təşkilatlarıdır. 1 yanvar 2010-cu il tarixinə respublikada 46 bankın lisenziyası olub, onlardan 1-i dövlət, 45-i isə özəl bankdır. Xarici kapitalın iştirakı ilə 23 bank fəaliyyət göstərir. Xarici kapital 7 bankın nizamnamə kapitalının 50%-dən 100%-nə qədərini, 14 bankın nizamnamə kapitalının isə 50%-dən az olan hissəsini təşkil edir. Xarici bankların yerli filiallarının sayı isə 2-yə bərabərdir. Fəaliyyətdə olan bankların yerli filiallarının sayı 626-ya bərabər olub. Bunların 38-i dövlət, 588-i isə özəl bankların payına düşür. Yerli filialları olan bankların sayı 40-a, bank şöbələrinin sayı isə 109-a bərabərdir. Bankların xaricdə fəaliyyət göstərən strukturlarının sayı 9-a bərabərdir. Bunlardan 6-sı nümayəndəlik, 2-si törəmə bank, digəri isə filialdır.

 

Mərkəzi Bankın mətbuat xidməti bildirib ki, 2010-cu il yanvarın 1-nə Azərbaycan Respublikası üzrə bankomatların sayı 1694 ədəd olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 179 ədəd çoxdur. Cari ilin yanvarın 1-nə bankomatların 959-u Bakı şəhərində, 735-i isə digər şəhər və rayonlarda yerləşir. Bu dövrdə Azərbaycan Respublikası üzrə pos-terminalların sayı 8657 ədəd olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 533 ədəd çoxdur. Cari dövrdə pos-terminalların 7871-i Bakı şəhərində, 786-sı isə digər regionlarda yerləşir

 

Mərkəzi Bankın Mətbuat xidməti bildirir ki, 2010-cu il yanvarın 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları 8407,5 mln. manat təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,4% artıb. Kredit qoyuluşlarının 303,5 mln. manatı vaxtı keçmiş kreditlərin payına düşüb. 2010-cu il yanvarın 1-nə kreditlərin 2359,9 mln. manatı (28,1%) qısamüddətli, 6047,5 mln. manatı (71,9%) isə uzunmüddətli kreditlər olub. Qısamüddətli kreditlərin 158,2 mln. manatı və ya 6,7%-i, uzunmüddətli kreditlərin isə 145,4 mln. manatı və ya 2,4%-i vaxtı keçmiş kreditlərdir. Dövlət bankı tərəfindən iqtisadiyyata 3911,7 mln. manat (46,5%), özəl banklar tərəfindən 4318,7 mln. manat (51,4%), qeyri-bank kredit təşkilatları tərəfindən isə 177,0 mln. manat (2,1%) kredit qoyulub. Xarici kapitalın iştirakı ilə yaradılan banklar tərəfindən Azərbaycan iqtisadiyyatına 2074,4 mln. manat kredit yönəldilib ki, bunun da ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 24,7%-ə bərabərdir. 100%-li xarici kapitalla fəaliyyət göstərən banklar isə 386,6 mln. manat (4,6%) kredit veriblər. Kreditlərin 4886,2 mln. manatı və ya 58,1%-i manatla, 3521,3 mln. manatı və ya 41,9%-i xarici valyuta ilə verilib. 

2010-cu il yanvarın 1-nə dövriyyədə olan pul kütləsinin həcmi (M2 pul aqreqatı) 6169,2 mln. manat təşkil edib. Pul kütləsinin 4174,8 mln. manatı nağd pul vəsaitlərinin, 1065 mln. manatı tələb edilənədək vəsaitlərin, 929,4 mln. manatı isə müddətli depozitlərin payına düşüb.

2010-cu il yanvar ayının 1-nə kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin ümumi həcmi 4654,2 mln. manat təşkil edib. Bunun 2334,8 mln. manatı əhali tərəfindən yerləşdirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,5% çoxdur. Depozitlərin 2319,3 mln. manatı isə qeyri-maliyyə təşkilatlarının payına düşür. 2010-cu il yanvarın 1-nə banklara qoyulan əmanətlərin 965,6 mln. manatı (41,4%) manatla, 1369,2 mln. manatı (58,6%) isə xarici valyuta ilə cəlb edilib. Modern.az

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır