Modern.az

“Bizi bu müharibədə tək qoymadılar” - Fuad Muradov

“Bizi bu müharibədə tək qoymadılar” - Fuad Muradov

Diaspor

25 May 2021, 02:28

Aprelin 29-da Azərbaycan diaspor təşkilatlarının mövcud olduğu ölkələrdə Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı  ilə "YAŞAT" xeyriyyə marafonu start götürdü. Azərbaycan diasporu tarixində ilk dəfə təşkil edilən xeyriyyə marafonunun məqsədi dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılara qazilərə və şəhid ailələrinə dəstək üçün çağırışlar etmək, birlik və həmrəylik nümayiş etdirərək, Azərbaycan diasporunun daim dövlətimizin, torpaqlarımızın azadlığı yolunda canını və sağlamlığını fəda edən insanların yanında olduğunu göstərməkdir.

 

Marafonda toplanacaq vəsait doğma torpaqların azad olunması uğrunda canından keçən şəhidlərin ailə üzvlərinin və müharibə zamanı yaralanmış qazilərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, müalicəsinə sərf olunacaq.

 

Marafonda bütün dünya azərbaycanlıları “Gəlin yaşadaq” şüarı altında birləşərək, qələbəni bizə yaşadanlara və zəfər tarixini yazanlara dəstək olacaq, onların xoş xatirələrini yada salacaqlar.

 

Modern.az xəbər verir ki, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Haqqin.az-a təşkil olunmuş marafon, ümumiyyətlə, Azərbaycan diasporunun son aylardakı fəaliyyəti və ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında xaricdə yaşayan soydaşlarımızın rolu barədə danışıb.

 

- “YAŞAT” xeyriyyə marafonu Vətən müharibəsi günlərində müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların təşkil etdikləri vətənpərvərlik aksiyalarının məntiqi davamıdır. Hərbi əməliyattların ilk günlərindən müxtəlif ölkələrdə yaşayan soydaşlarımız xalqımız kimi öz lideri – Prezident və Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək dövlət və diaspor bütünlüyünü nümayiş etdirdi. Müxtəlif ölkələrdəki azərbaycanlı soydaşlarımızın informasiya cəbhəsindəki mübarizəsi həqiqətən də əvəzsizdir. Onlar Azərbaycanın xaricində münaqişənin tarixi, Ermənistanın aqressiyası və müharibə öncəsi dinc sakinlərə qarşı törətdiyi təxribatçı hərəkətlər barədə məlumat verən haqqın səsi oldular. 

 

Azərbaycanlılar bütün dünyada qeyri-adi dözüm, təşkilatçılıq, qətiyyət və birlik nümayiş etdirdilər. Milliyətindən asılı olmayaraq, Azərbaycandan olan hər kəs Avropa, Amerika şəhərlərinin küçə və meydanlarına Ermənistanın aqressiv siyasətini ifşa edən plakatlarla çıxaraq, müharibə günlərində bizim əsgərlərin qəhrəmanlığından danışıb, insanları Azərbaycanın haqlı mövqeyi, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri barədə məlumatlandırırdı. Bəzi hallarda, ədalətli müharibəmizdə bizi tək qoymayan dost xalqların diaspor nümayəndləri də aksiyalara qoşulurdu. İlk növbədə, təbii ki, türklər. Burada bir çox maneələr, hətta həyat üçün risk olmasına rəğmən, onlar da azəraycanlılar kimi aksiyaya çıxırdılar. Çünki erməni diasporu və onun lobbiçiləri müxtəlif təxribatlar, davalar təşkil edir, soydaşlarımızı daşa basır və öz çığırtıları ilə azərbaycanlıların çıxışlarını pozmağa çalışırdılar. Fürsətdən istifadə edərək, azərbaycanlılara dəstək olan müxtəlif xalqların diaspor nümayəndələrinə öz minnətdarlığımı bildirmək istəyirəm.

 

 

 

Müharibənin 44 günü ərzində küçə aksiyaları ilə yanaşı, Azərbaycan diasporunun xətti ilə 57 ölkənin rəsmi şəxsinin adına, beynəlxalq təşkilatlara 10 mindən çox müraciət və elektron məktub (28 dildə) göndərilib. 36 ölkədə 198 tədbir təşkil olunmuş, 43 ölkədə Qarabağ münaqişəsi və həmin günlər baş verən hadisələr barədə 26 dildə 355 məqalə dərc olunmuş, Azərbaycan reallığını əks etdirən 100-dən çox videoçarx hazırlanmış və 60 ölkədən mindən çox soydaşımızın qatıldığı 300 videokonfrans keçirilmişdi. Bundan başqa, ABŞ, Böyük Britaniya, Almaniya, Niderland, Belçika, Fransa və digər iri ölkələrin böyük və kiçik şəhərlərində Azərbaycanın apardığı haqq savaşı və onun igid döyüşçüləri barədə məlumatların yer aldığı led-ekranlı avtomobillərin hərəkəti, bilbord və şüarların yerləşdirilməsi təmin olunmuşdu.

 

Azərbaycan diasporunun həmin dövr fəaliyyət xronikasında müharibədən zərər çəkmiş mülki şəxslərə maddi yardımın göstərilməsi də yer alıb.

Təsadüfi deyil ki, Vətən müharibəsinin kulminasiya anı sayılan Şuşanın işğaldan azad olunması ilə bağlı müraciətində prezident İlham Əliyev bütün dünya azərbaycanlılarını təbrik etmişdi.

 

Xaricdəki soydaşlarımızın vətənpərvərlik aksiyalarını alqışlayan Diasporla İş üzrə Dövlət Komitəsi 2020-ci il dekabrın 26-da “Bir olaq, Həmrəy olaq” şüarı altında 5 saat davam edən onlayn konfrans keçirmişdi. Tədbirdə 51 ölkədən 500-dən çox insan iştirak edib. Məhz bu ümumdünya konfransı zamanı diaspor təşkilatları ilə “YAŞAT” Fondunun ortaq fəaliyyətinin məqsədəuyğunluğu barədə fikir səsləndi. Həmin vaxt diaspor təşkilatları ilə ASAN-xidmət arasında “Vətən üçün şüarı altında” müştərək layihələrin reallaşdırılması da daxil olmaqla, əməkdaşlıq barədə razılıq əldə olundu.  

 

Və məhz həmin vaxt bəzi diaspor fəallarından şəhid ailələri və yaralılara maddi yardım göstərilməsi üçün səylərin birləşdirilməsi barədə təklif daxil oldu. Beləcə, bu gün Vətən naminə bütün dünya azərbaycanlılarının birliyinin və həmrəliyinin simvoluna çevrilən “YAŞAT” xeyriyyə marafonunun keçirilməsi barədə ideya formalaşdı. Xaricdə yaşayan azərbaycanlıların əksəriyyəti bu aksiyanı öz canları hesabına qələbəni qazananlar qarşısında müqəddəs borcları bildilər. Həmin igidlər sayəsində Azərbaycan xalqı torpaqlarının işğaldan azad olunmasının, yüzminlərlə sakininin öz əcdadlarının məzarlarını ziyarət edə biləcəyinin, doğma kənd və şəhərlərinə qayıdacağının sevincli anlarını yaşaya bildi. 

 

 

“YAŞAT” marafonu təkcə müharibə iştirakçıları və onların ailə üzvlərinə vəsait toplanması aksiyası deyil, ilk növbədə, hamımız üçün çox önəmli Qələbəni qazananların xatirəsini əziz tutan insanların ürəyinin Vətənləri ilə birgə vurmasının göstəricisidir. Bu, ümumilli həmrəylik simvoludur. Heç şübhəsiz ki, marafon şəhid ailələri və yaralılara real yardımla yanaşı, bütün dünyaya Azərbaycanı, onun gözəl torpağını, qonaqpərvər xalqını, onun qəhrəmanlarını və Vətəninin ərazi bütövlyünü təmin etmək uğrunda canından keçən igidlərini bir daha nümayiş etdirmək üçün əla fürsət olacaq.

 

Ümid edirik ki, marafonda nəinki Azərbaycan diasporunun üzvləri, həm də Azərbaycana dost olan digər xalqların diasporları da iştirak edəcək. Əminəm ki, bu yeni genişmiqyaslı xeyriyyə aksiyası dövlətlə diasporun, bütün Azərbaycan xalqının birliyinin və bizim diasporun “Vətən uzaqda deyil” şüarının reallıqda, əməldə icrası olacaq.

 

Marafonun təbliğatı və kütləviləşdirilməsi üçün ölkənin məşhur simaları – yazıçıları, alimləri, ictimai xadimləri elektron və çap KİV-i vasitəsilə xaricdəki soydaşlarını aksiyaya qoşulmağa çağırıb.

 

Təbii ki, xeyriyyə marafonunun uğurla keçirilməsi üçün Dövlət Komitəsinin, Azərbaycan Diasporuna Dəstək Fondunun, ASAN-xidmətin, “YAŞAT” Fondunun bütün resursları səfərbər olunub. 

 

Sosial şəbəkələrdəki elektron nəşrlər və akkauntlardan istifadə olunur, Azərbaycan diasporunun fəalları prosesə cəlb edilir. Atılan addımların koordinasiyasına xüsusi diqqət yetirilir. Məsul şəxslər isə marafona qatılmaq istəyən soydaşlarına zəruri informasiyanı təqdim edir və suallarına cavab verirlər.

 

Unutmaq olaz ki, indi Azərbaycan tarixinin önəmli dövrünü yaşayır. Hazırda 30 il əvvəl doğma yurdlarını tərk etmiş insanların öz torpaqlarına Böyük Qayıdışına hazırlıq işləri görülür. Və Heydər Əliyev Fondunun prezidenti  Mehriban xanım Əliyevanın Şuşada təşkil etdiyi “Xarıbülbül” festivalı bu çətin, amma xoşbəxt yolda ilk addımdır. Bizim diaspor bu hadisəni sevinc və qürur hissi ilə qarşıladı.

 

Sırf bizim gördüyümüz işlərə gəlincə, Diasporla İş üzrə Dövlət Komitəsi “Vətən uzaqda deyil” şüarını rəhbər tutaraq son 3 ildə bir çox ciddi layihələr reallaşdırıb, səylərini xaricdəki hər bir soydaşının Vətəninin sevgi və dəstəyini hiss etməsinə yönəldib.

 

Mənim fikrimcə, ən böyük nailiyyətlərimizdən biri Xaricdəki Azərbaycanlıların Koordinasiya Şuralarının yaradılmasıdır. Bu addım dövlət başçısının hər bir ölkədə diaspor təşkilatları arasında “vahid koordinasiya, qarşılıqlı yardım, qarşılıqlı anlayış” tapşırığını icra etməyə imkan verir.

 

Bu gün üçün 26 ölkədə 133 diaspor təşkilatını birləşdirən 11 Koordinasiya Şurası fəaliyyət göstərir. Onların effektivliyi Vətən müharibəsi sırasında xüsusən müşahidə olundu.

 

 

Eyni sözləri xaricdə açılan Azərbaycan Evləri barədə də söyləmək olar. 9 ölkədə 11 Azərbaycan Evi soydaşlarımız üçün görüşə, ünsiyyət saxlaya və həmişə anlayış görə biləcəyi arzuolunan məkana çevrilib. Pandemiya başlayanda məhz belə oldu. Azərbaycan Evləri obyektiv səbəblərdən evinə dönə bilməyən soydaşlarımız üçün pənah yeri oldu. Ümumi istək əsasında “Qarabağ” adı alan Azərbaycan məktəbləri isə paralel fəaliyyət göstərərək soydaşlarımızın övladlarına doğma dildə oxumaq, milli tariximiz və mədəniyyətimizlə tanış olmağa imkan verir.

 

Reallaşdırdığımız Ümumavropa Qarabağ mitinqlərini də qeyd etməyə bilmərəm. Misal üçün, diaspor təşkilatlarının dəstəyi və birbaşa iştirakı ilə 2019-cu il fevralın 23-də Brüsseldə, 2020-ci il fevralın 22-də Berlində, həmçinin, digər ölkələrin böyük və kiçik şəhərlərində Ümumavropa Qarabağ mitinqləri təşkil olundu. 

 

Belçikadakı mitinqdə 22 ölkədən olan soydaşlarımız, Berlindəki mitinqdə isə 30 ölkədən soydaşımız, həmçinin, bizə dost olan digər xalqların nümayəndləri iştirak etmişdi.

 

Analoji aktivlik Vətən müharibəsi günlərində də özünü göstərdi. Erməni terrorçularının uşaqların, qadınların, qocaların ölümü ilə müşayiət olunan Azərbaycanın dinc şəhərlərinə amansız hücumları zamanı bu xüsusən hiss olunurdu. O dövrdə ən kütləvi mitinq 10 mindən çox insanın qatıldığı Berlin mitinqi idi. Həmin mitinq Brandenburq qapıları önündə başa çatdı.

  

Dövlət Komitəsinin yeni təşəbbüslərindən biri diaspor gəncləri üçün yay düşərgələrinin keçirilməsi oldu. Belə düşərgələr Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyi, Nəsiminin 650 illiyinə həsr olunmuşdu. Xaricdə yaşayan və ilk dəfə tarixi Vətənlərini ziyarət edən çoxlu oğlanlar və qızlar Azərbaycanın zəngin tarixi-mədəni irsi ilə tanış oldular.

 

Mövzunun davamında son 3 ildə reallaşdırılan daha bir neçə layihəni qeyd etmək istəyirəm. Bunlara infoqrafik xəritənin yaradılması, Diaspor TV-nin, Diaspor FM-in yaradılması, xaricdə yaşayan azərbaycanlı uşaqlar üçün dərsliklərin hazırlanması və s. daxildir. Bu kontekstdə, “YAŞAT” xeyriyyə marafonu və yuxarıda sadaladıqlarımı ümumiləşdirərək,  tədbirin müxtəlif ölkələrdə yaşayan və fərqli siyasi görüşlərə malik soydaşlarımızın birliyini nümayiş etdirmək üçün unikal meydan olacağını əlavə etmək istərdim. Bu unikallıq Vətən müharibəsi günlərində özünü qabarıq biruzə verdi!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi