Modern.az

Azərbaycanda "Analar Günü" təsis edilsin - Deputatdan TƏKLİF

Azərbaycanda

Aktual

25 May 2021, 11:12

"May ayı Azərbaycan xalqının tarixində ən əlamətdar tarixi aylardandır. 10 May çağdaş dövlətimizin qurucusu, Heydər Əliyevin doğum günüdür. 28 May  fəxrlə qeyd etdiyimiz Şərqdə və İslam aləmində ilk demokratik dövlətimizin yaranması günüdür".

 

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin iclasında Şuşa şəhərinə mədəniyyət paytaxtı adının verilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı deputat Məlahət İbrahimqızı deyib.

 

"Qeyd etmək lazımdır ki, ildən ilə  beynəlxalq səviyyədə,  ayrı-ayrı ölkələrdə  müxtəlif zərurətdən irəli gələn yeni-yeni rəsmi günlər təqvimə əlavə edilir. Beynəlxalq aləmdə  May ayında  qeyd edilən önəmli günlərdən biri də xalqımızın milli ruhuna tam uyğun olan Analar Günüdür.

 

Analar Günü  onlarla ölkədə, hətta müxtəlif mədəniyyətlərin mövcud olduğu ABŞ və UK-da da uzun illərdir yüksək səviyyədə qeyd edilir. Dili və dini  eyni olan qardaş Turkiyədə isə Analar Günü zəngin milli dəyərlərimizin tələbinə uyğun olaraq,  el bayramı kimi qeyd edilir.

 

Hər il qeyd etdiyimiz  8 Mart Beynəlxalq Qadınlar Günü siyasi motiv və insan haqları baxımından təsis edildiyindən Analar Günü ilə müqayisə edilməsi doğru deyil və milli mədəniyyətimizdə ucaltdığımız Ana Abidəsi ilə uzlaşa bilməz.

 

Şəhidlərimizin qanı ilə yoğrulmuş Vətən torpağına, dilimizə olan sevgimizi Ana Vətən, Ana torpaq,  Ana dili kimi ifadə etməmiz də məhz  Ana məfhumunun müqəddəsliyindən, Ana ucalığından qaynaqlanır.

 

Bu yaxınlarda  möhtərəm Prezidentimizin Naxçıvana səfəri çərçivəsində  onun Ulu Öndərimiz Heydər Əliyevin valideyinlərinin məzarını ziyarət edərkən  səsləndirdiyi fikirlər hər birimiz üçün ciddi və məsuliyyətli  mesajdır. O, hədsiz təvazökarlıqla Ümummilli Liderimiz Heydər Əliyevin  dahi şəxsiyyət kimi yetişməsində onların əvəzedilməz xidmətlərini minnətdarlıqla qeyd etdi. Vətənimiz və dövlətimiz, millətimiz üçün tarixi şəxsiyyətlər və qəhrəmanlar yetirmiş  İzzət xanım Əliyeva , Zərifə xanım Əliyeva , Aidə xanım İmanquliyeva kimi anaların , eləcə də Qarabağ savaşında, 44 günlük Vətən müharibəsində, alınmaz qala olan Şuşanın işğaldan azad olunmasında misilsiz  rəşadət və şücaət göstərmiş,  qəhrəman şəhid  və qazilərimizin  Analarının şərəfinə təqvimimizə  Analar gününün daxil edilməsi günün ən zəruri  tələblərindən olmaqla, həm də social sifarişdir. Ərazi bütövlüyümüz uğrunda, milli qürurumuz, şərəfimiz uğrunda canından və həyatından keçən Novruzov  qardaşları, Mübariz İbrahimov, Polad Həşimov, İlqar Mirzəyev, İntiqam və Nurlan Əsgərli qardaşları kimi  nəsillərə örnək olan şəhid qəhrəmanlarımızın Anaları qarşısında  hər birimiz bu gün baş əyirik.. ,Bu analar övladlarını öz ailəsi üçün deyil, bütövlükdə xalq üçün yetirən və fəda edən qəhrəman analardır...

 

Tariximizin qızıl səhifələri olan Hüseyin Cavid, Əziz Əliyev, Üzeyir Hacıbəyli, Yusif Məmmədəliyev kimi onlarla tarixi şəxsiyyətləri yetişdirən anaların şərəfinə il ərzində nə üçün bir gün ümumxalq bayranı günü kimi qeyd edilməsin.... Məhz belə şəxsiyyət və  qəhrəmanların fədakarlığı, məşəqqətli həyatı və ya qanı hesabına xalqımızın şanlı tarixi  yazılmış  və bu tarix hər birimizə və  millətimizə əbədi başucalığı gətirilmişdir.

 

Şahidi olduğumuz  və heç vaxt unutmayacağımız 1993-cü ilin iyun hadisələri necə unudula bilər.  Yenicə qazandığımız müstəqil dövlətimizin süquta uğrama və parçalanma təhlükəsi, xalqımızın vətəndaş müharibəsi ilə üzləşdiyi bir dövrdə bütün həyatını xalqının gələcəyinə həsr etmiş  Heydər Əliyev xilaskar missiya ilə ölkəmizin rəhbərliyinə gəlmiş və  qısa müddətdə daxildən və xaricdən ölkəmiz və dövlətimiz üçün mövcud olan hər cürə təhlüklələrə dahiyanə şəkildə son qoyaraq, bügünkü qüdrətli Azərbaycanın əsasını qoydu. Tariximizin bu qəhrəmanlıq səhifəsini unutmaq və ya unutdurmaq  öz ölkəsinə, xalqına, dövlətinə qarşı biganəlik və məsuliyyətsizlik, hətta milli cinayətdir.

 

1997-ci ildə millət vəkili Eldar İbrahimovun təklifi ilə 15 İyun tarixinin  təqvimdə Milli Qurtuluş Günü kimi qeyd edilməsi ilə bağlı Milli Məclisin qəbul etdiyi  tarixi və müdrik qərar bu gün də ictimaiyyət və xalqımız tərəfindən yüksək qiymətləndirilir. 

 

Son olaraq qeyd etmək istərdim ki,  bəzən başqa  xalqların adətlərində yer almış, lakin xalqımızın  milli dəyərləri ilə heç də uzlaşmayan hansısa vərdiş və ənənə təəssüf ki,  qısa müddət ərzində cəmiyyətimizdə özünə yer tapa bilir. 

 

Hesab edirəm ki, təqvimimizdə Analar Gününün daxil edilməsi bugünkü gənc nəslin formalaşmasında da əvəzsiz rola malik ola bilər."

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü