Modern.az

Zahid Oruc hökuməti TƏNQİD ETDİ: kimin necə səsverməsinə yox, nə deməsinə diqqət etsin!

Zahid Oruc hökuməti TƏNQİD ETDİ: kimin necə səsverməsinə yox, nə deməsinə diqqət etsin!

Aktual

27 May 2021, 15:44

"Dövlət başçısının son iki ildə Yeni Hakimiyyət Quruculuğu siyasəti idarəçilikdə yeni keyfiyyət mərhələsi, xüsusilə əvvəlki məmur sahibkarlığından azad olmağa şərait yaratmaqla, təkcə kadrların deyil, eləcə də bütövlükdə idarəçilik tələblərinin dəyişdirilməsinə yol açdı, Yeni Elitanın formalaşmasına zəmin açdı və ən nəhayətdə,Vətən müharibəsində qələbəmizdə əhəmiyyəli rol oynadı".

 

Modern.az xəbər verir ki, bu barədə parlamentin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Zahid Oruc bildirib.

 

Deputat qeyd edib ki, burada parlamentin tarixi məsuliyyətini də xatırlatmaq yerinə düşər-əvvəlki illərdə hesabatların müzakirəsi zamanı bir sıra hallarda səthi, formal yanaşmalar hazırda həbsdə olan yüksək ranqlı 10-dan çox məmurun mövcudluğu Milli Məclisin öz Konstitusion öhdəliklərinə daha tələbkar yanaşmasını ortaya qoyur:

 

"Bəli, məmur biznesinə yol açan  iqtisadi siyasət effektli olmadı, çünki vəzifədən alınan kimi onlara bağlı iqtisadi və maliyyə sistemi  də əngələ çevrildi. Ona görə də 2019-cu ildə bir neçə dövlət qurumunun ləğv edilməsi və ya birləşdirilməsi, bizneslə siyasət arasında sərhədlərin müəyyənləşdirilməsi idarəetmənin effektivliyi, hesabatlılıq və şəffaflıq baxımından mühüm tədbirlər idi və hamıya bir mesaj verirdi: Prezident müxtəlif nazirliklər və nazirlər çevrəsində yaranan kölgə iqtisadiyyatlarının tam ləğv edilərək elə bir komanda formalaşdırmasında maraqlıdır ki, onlar reputasiyaları ilə dövləti zərbə altında qoymasınlar.

 

Ötən ilin  karantin və sərt məhdudlaşdırmaya görə Azərbaycan iqtisadiyyatında baş verən prosesləri obyektiv qiymətləndirməyə ehtiyac var.İlk növbədə, qapanmaların ən böyük təsirinin işsizliklə bağlı olduğu heç kimə sirr deyil.Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixində işini itirmiş insanlara yardım üçün 600 min aztəminatlı şəxsin müəyyən edilməsi və aprel-may ayları üzrə birdəfəlik ödəməyə 228 milyon manat  ayrılması əmək bazarındakı qeyri-sabit durumu özündə əks etdirir.

 

Dövlət məşğulluq orqanlarında işsiz statusu alan şəxslərin sayı 81.3 min nəfər, işsizlik müavinəti alan şəxslərin sayı 6.9 min nəfər, Beynəlxalq Əmək Təşkilatının isə 258 min nəfəri qeyd etməsi fonunda 600 min rəqəmi çox düşündürücüdür.

 

Hökumətin 2-ci karantin tədbiri zamanı yarım milyondan çox insan üzərindən siyasətini davam etdirməməsi xeyli problemlər yaratdı və işsizliyin gerçək miqyasını, leqal, qeyri-leqal çalışanların həqiqi sayını müəyənləşdirməyə imkan vermədi. Ölkəmizdə işsizlikdən sığorta olunanların işçi qüvvəsinin cəmi 32-faizini təşkil etməsi ən çox aşağı təminatlı insanlara təsir etdi. Lakin işsiz sayının artdığını hamımız bilirik. Əhalinin nominal gəlirlərinin 2, inflyasiyanın 2.8 olması fonunda məcmu gəlirlərin 5 faizə yaxın azalması işsizliklə bərabər, yoxsul insanların sayını da artırıb.

 

İqtisadi artım və inkişaf yalnız böyük büdcə ilə bağlı deyil. Dünyada maddi zənginliyi olan, lakin sabit inkişaf xəttini sonadək tapa bilməyən çoxlu ölkələr var. Bizim siyasi institutların vəziyyəti, peşəkar kadrların sayı, əmək bazarına hər il daxil olan 60-80 min insanın ali təhsilinin  olmaması  ciddi narahatlıq mənbəyidir. Biz müharibə zamanı hərbi ekspertlərin, reportyorların, xarici siyasət mütəxəssislərinin, ictimai kommunikasiya liderlərinin, media və siyasət araşdırıcılarının səngərdə döyüşən ordu qədər zəruri olduğunu gördük. Ölkəmizdə son illər bu sahədə xeyli istedadlı mütəxəssislər başqa sahələrə keçdikləri üçün kadr problemi inkaedilməzdir. Hökumət təkcə yüksək rəqəmləri, indeksləri, məqsədləri deyil, kadrları da istehsal etməlidir ki, onlar qazanılan parlaq qələbənin səlnaməsini yaratsınlar, onu tarixin yaddaşına köçürsünlər, dünyaya çıxa bilən layihələri, məhsulları, ideyaları ixrac edə bilsinlər.

 

Pandemiya səngərində döyüşən həkimlərimizlə bağlı ortaya çıxan reallıq Hökuməti narahat etməlidir: əhalinin hər 10 000 nəfərinə düşən ixtisaslı həkimlərin sayı Bakıda 77, Lerik, Quba, Şabran və bir neçə rayonda 8-10 nəfər təşkil edir.Ümumiyyətlə, 50-yə yaxın rayonda ixtisaslı həkimlərin sayı 20 nəfərdən azdır və pandemiya dövründə paytaxtdan bölgələrə həkimləri göndərmək siyasətinin müqavimətlə qarşılandığı da hamıya bəllidir. Problemin həlli üçün effektli yollar tapılmasa, yollar açılanda xaricə axan səhiyyə turizmimiz davam edəcək.

 

Məşğul əhalinin dövlət və özəl sektorda payına yenidən baxaq. İcra sənədində göstərildiyi kimi, 53 və 47 faiz nisbəti kimidir. Konkret desək, muzdla çalışan işçilərin sayı 1 milyon 691 min nəfərdir və onun tərkibində 910 min nəfər dövlət, 781 nəfər isə qeyri-dövlət sektorunda çalışır. Bu isə aydındır ki, ən azı rəqabət qabiliyyətli iqtisadiyyatın formalaşmasına mənfi təsir edir. Gəlin, rəsmi səviyyədə mötəbərliyinə etibar etdiyimiz Dünya İqtisadi Forumunun hesabatında 69-cu yeri tutdugumuz halda hansı sahələrdə vəziyyətin ürəkaçan olmamasını göstərək. Azərbaycanın rəqabət qabiliyyətlilik baxımından digər ölkələrə nisbətən zəif olduğu sahələrdən yalnız bir neçəsi: Qeyri-işlək kreditlərin səviyyəsinə görə – 118-ci, Elmi məqalələrə görə – 108-ci, Əmək haqqı vergisinə görə – 106-cı,Özəl sektorun kreditləşmə səviyyəsinə görə – 99-cu, Geniş zolaqlı mobil əlaqə səviyyəsinə görə – 88-ci, Araşdırma institutlarının keyfiyyətinə görə 86-cı yerdəyik. Ümidvarıq ki, nəticələr Hökuməti də qane etmir.

 

Möhtərəm cənab Prezident çıxışlarının birində deyir: bizim qərarların yerinə yetirilmə vəziyyəti indi ölçülməllidir-nələr yerinə yetirilib, nələr yox. Əslinə qalsa, Parlament Hökumətin büdcənin icrası ilə bağlı hesabatlarına siyasi qiymət verir. Çünki yalnız rəqəmlər və statistika vəziyyəti tam izah etmir. Ona görə də büdcə öhdəliklərini, eləcə də dövlət proqramları və hökumətin müxtəlif layihələri arasında əlaqəni müəyyənləşdirmək vacib məsələdir-biz onları necə yerinə yetiririk? Məsələn, “Strateji Yol” xəritəsi ilə vidalaşırıqsa, onun nəticələrinə obyektiv qiymət verib Yeni Mərhələyə keçməliyik. Təəssüf ki, bəzən rəsmi statistik hesabatlarda əsaslı uygunsuzluqlar var. Ölkə başçısı bir dəfə dedi ki, mənə verilən rəqəmlərdə də müəyyən ziddiyətlər özünü göstərir. Nəhayət, hamının etibar etdiyi DATA bazalar yaratmaq, ikili statistik hesabatları aradan qaldırmağın vaxtıdır. Hökumət kimin necə səsverməsinə yox, nə deməsinə diqqət etsə, yaxşı olar".

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi