Arxiv
27 May 2021, 19:04 | AKTUAL
Parlamentlərarası İttifaqın Assambleya iclası keçirilib

Mayın 26-da və 27-də Parlamentlərarası İttifaqın 142-ci virtual Assambleya iclası keçirilib.

 

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, iclasda “Bu gün pandemiyanın aradan qaldırılması və daha yaxşı gələcəyin qurulması: parlamentlərin rolu” mövzusunda müzakirələr aparılıb.

 

Assambleyanın açılışında Milli Məclis Sədrinin müavini, Milli Məclisin Parlamentlərarası İttifaqdakı nümayəndə heyətinin rəhbəri  Adil Əliyevin videomüraciəti təqdim olunub. Videomüraciətdə vitse-spiker Azərbaycanda pandemiyanın aradan qaldırılması istiqamətində görülən işlərdən danışıb. 

 

Bildirib ki,  pandemiyanın ilk günlərindən ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əlaqədə işləyir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Azərbaycan pandemiyaya qarşı mübarizədə nümunəvi ölkələrdən biri kimi nəzərdən keçirilir. Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunun Azərbaycan Prezidenti cənab İlham Əliyevə ünvanlandığı məktubda COVID-19-a qarşı mübarizədə qabaqlayıcı tədbirlər həyata keçirdiyi üçün Azərbaycan Hökumətinin gördüyü işlər yüksək qiymətləndirilib. 

 

COVİD-19 ilə mübarizədə Milli Məclisin səylərindən danışan Adil Əliyev qeyd edib ki, pandemiya dövründə Milli Məclis pandemiyanın nəticələrini yumşaltmaq üçün bir sıra qərarlar qəbul edib. 

 

Cari ilin 4 fevral tarixində Milli Məclisin Sədri Sahibə Qafarovanın təşəbbüsü ilə parlamentin Səhiyyə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Koronavirus infeksiyası (COVID-19) ilə bağlı ölkədəki mövcud vəziyyət, vaksinasiya və digər görülən tədbirlər” mövzusunda videokonfrans formatında dinləmə keçirilib. 

 

Adil Əliyev videomüraciətinin sonunda diqqətə çatdırıb ki, yalnız qarşılıqlı dəstək, özünümüdafiə və birgə səylərlə “COVID-19”-a qalib gələ bilərik.

 

Assambleya iclasının ikinci günündə çıxış edən Milli Məclisin Parlamentlərarası İttifaqda nümayəndə heyətinin üzvü Kamran Bayramov bildirib ki, beynəlxalq məsuliyyətini yerinə yetirən Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına könüllü töhfələr verib və əksəriyyəti ən az inkişaf etmiş ölkələr olan 30-dan çox ölkəyə koronavirusla mübarizədə birbaşa humanitar və maliyyə yardımı göstərib.

 

Qeyd edib ki, Azərbaycan Qoşulmama Hərəkatının Sədri qismində 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının COVID-19-a qarşı Təmas Qrupunun onlayn Zirvə görüşünü təşkil edib və Nyu-Yorkda BMT Baş Assambleyasının koronavirus xəstəliyi ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsinin təşəbbüsçüsü olub.

 

Kamran Bayramov çıxışında inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında peyvəndlərin qeyri-bərabər və ədalətsiz bölüşdürülməsindən Azərbaycan tərəfinin narahatlığını ifadə edib. 

 

Assambleyanın iclasında çıxış edən 56 ölkənin deputatları təmsil etdikləri ölkələrdə COVID-19-la mübarizədə həyata keçirilən tədbirlər, bu sahədə parlamentlərin rolu barədə məlumat veriblər.

 

Onlayn iclasda Milli Məclisin Parlamentlərarası İttifaqda nümayəndə heyətinin üzvləri - Nigar Arpadarai, Pərvin Kərimzadə, Tural Gəncəliyev, Naqif Həmzəyev, Səbinə Xasayeva, Elnur Allahverdiyev və Şahin İsmayılov da iştirak ediblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv