Arxiv
28 May 2021, 09:29 | DİASPOR
Azərbaycan diasporunun ən güclü dövrü nə zaman olub...

Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan soydaşlarımızın təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olub.

Müasir dövrümüzdə diaspor anlayışı beynəlxalq münasibətlərin vacib elementinə çevrilib. Qloballaşan dünyamızın reallıqları diaspor quruculuğu sahəsində Azərbaycanın qarşısında yeni vəzifələr qoymaqdadır.


İkinci Qarabağ müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımız, diaspor nümayəndələrimiz xüsusi fəallıq göstərərək səngərdə döyüşən əsgərlərimizə yardım göstərdilər. Onlar da Avropada Azərbaycan xalqının birliyini, həmrəyliyini hər kəsə nümayiş etdirdilər.

Bəs Azərbaycan diasporunun ən güclü dövrü nə zaman olub?


Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri
Hikmət Cavadov Modern.az-a Azərbaycan diasporunun Ukraynada, eləcə də digər ölkələrdə 20-ci əsrin əvvəllərindən formalaşmağa başladığını bildirib:


“Bolşeviklərin respublikamızı işğalından sonra Azərbaycan elitasının bir hissəsi ölkəni tərk etməyə məcbur qaldı. O dövrdə Azərbaycandan güclü beyin axını  olub. Mütəffəkirlərimiz, ziyalılarımız ailələrini və öz həyatlarını təhlükədən qurtarmaq üçün xarici ölkələrə üz tutublar. Həmin dövr ərzində diaspordan heç kim söz açmayıb.
Diaspor məsələsi 90-cı illərin əvvələrində SSRİ dağılandan sonra yenidən gündəmə gəldi”.


Hikmət Cavadovun sözlərinə görə İkinci Qarabağ mühaibəsi zamanı Azərbaycan diasporu Avropada çox güclü fəaliyyət göstərdi.


“Azərbaycan diasporu bu zamana qədər belə güclü olmamışdı. İkinci Qarabağ müharibəsi dövründə diaspor təşkilatlarının fəaliyyəti konkret olaraq güclü olub-olmadığımızı ortaya qoydu. Azərbaycan diasporu həqiqətən bu son 2-3 ildə çox gücləndi və demək olar ki, ən güclü dövrlərini yaşayır. Əlbəttə, bu, maksimal hədd deyil. Çalışırıq ki, Diasporla İş üzrə Dövlət Komitəsi və digər təşkilatlarla daim əlaqədə olaq. Unutmamalıyıq ki, böyük hədəflərə çatmaq üçün daha çox işləmək lazımdır”. 

 



Tarix üzrə fəlsəfə doktoru, professor Cəbi Bəhramov Azərbaycan diasporunun əvvələr pərakəndə fəaliyyət göstərdiyini xatırladıb:

 

“1995-ci ildə bizim əsas qanunumuz qəbul edildi və getdikcə formalaşaraq gücləndi. Azərbaycan diasporu 200 il öncə var idi. Lakin müxtəlif ölkələrdə pərakəndə şəkildə yayılmışdı. Diaspor təşkilatlarımız bir qurum kimi kimi 1995-ci ildən sonra fəaliyyətə başladı. Təşəbbüskarı isə Heydər Əliyev idi.

İkinci Qarabağ müharibəsi zamanı Amerikada, Avropa ölkələrində bir çox yerlərdə fəaliyyətləri göz qabağında idi. Və bu çox təqdirəlayiq bir hadisə idi. Avropada yaşayan azərbaycanlılar hər kəsə Azərbaycan dövləti olduğunu göstərdi.

Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa etmək uğrunda haqq mübarizəsini aparırdı. Bu, böyük bir Azərbaycan dövlətinə olan münasibətin ümumi nəticəsidir. Diasporların fəallaşması Azərbaycan xalqının həmrəyliyinin ifadəsi kimi söyləmək olar”.


Nəzrin Vahid

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv