Modern.az

5 il övlad yolu gözləyən, doğulan körpəsini görə bilməyən ŞƏHİD

5 il övlad yolu gözləyən, doğulan körpəsini görə bilməyən ŞƏHİD

Reportaj

31 May 2021, 12:24

Azərbaycan Silahlı  Qüvələrinin 44 günlük Vətən müharibəsi  zamanı verdiyi şəhid sayının sonuncu rəsmi statistikada 2895 nəfər olduğu göstərilib. Müdafiə Nazirliyi Vətən müharibəsi  şəhidlərinin sonuncu siyahısını 8 may 2021-ci il tarixində dəyişib. Həmin siyahıya əsasən, əlavə olaraq 19 hərbi qulluqçumuz da itkin düşmüş sayılır.

Şəhidlərimizin arasında ata olmağa hazırlaşanları var idi. Onlar ata olmaq hissini yaşaya bilməsələr də, övladlarına yaşaya biləcəkləri, işğaldan azad  olunmuş Vətən əmanət edib dünyadan köçdülər. Vətən müharibəsindən sonra 90-a yaxın şəhid övladı dünyaya gəlib.

Doğulacaq övladının üzünü görmədən həlak olan şəhidlərimizdən biri Ağaqardaş Abbasovdur.

 

Arayış: Ağaqardaş Abbasov 1992-ci il sentyabrın 28-də Zərdab rayonunun Hüseynxanlı kəndində anadan olub. Azərbaycan Ordusunun baş leytenantı Ağaqardaş Abbasov 2020-ci il sentyabrın 27-də Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi üçün başlanan Vətən  Müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərə qatılıb. Ağaqardaş Abbasov sentyabrın 28-də Füzuli döyüşləri zamanı şəhid olub.
Şəhid Zərdab rayonunun Hüseynxanlı kəndində dəfn olunub.


Şəhidin atası İlham Abbasov oğlu və nəvəsi barədə Modern.az-a danışıb:

“Ağaqardaş uşaqlıqdan vətən sevgisi ilə böyümüşdü. Azərbaycan Dövlət Pedoqoji Universitetini bitirmişdi.  Peşəsi müəllimlik olsa da, hər zaman hərbiyə çox həvəsli idi. Vətənə olan sevgisindən hərbi sahəni seçdi, öz peşəsi üzrə çalışmadı. Hərbi rütbəsi baş leytenant idi. Vətən müharibəsi başlayan zaman cəbhəni yarmağa ilk onlar getmişdi. Füzulinin Əbdürrəhmnanlı kəndi istiqamətində döyüşürdü. Döyüşün ilk günlərində yaralansa da, bizə heç nə deməmişdi. Doğulduğu gün - 28 sentyabrda şəhid oldu. Biz oğlumun şəhid xəbərini 38 gündən sonra aldıq”.


Şəhid atası oğlunun 5 il övlad həsrəti çəkdiyini də qeyd edib:


“Ağaqardaş 5 il övlad həsrəti ilə yaşayıb. Hərbidə olan zaman övladının doğulacağından xəbəri var idi. Onun sevincini təsəvvür edə bilməzsiniz… Lakin bu sevinci çox yaşaya bilmədi. Övladı dünyaya gəlmədən şəhidlik zirvəsinə ucaldı. Qızının adını öz adına uyğun olaraq İlknur qoyulmasını istəyirdi. Oğlumun adı Ağaqardaş olsa da, onu İlkin deyə çağırırdıq. Övladını görməsə belə, doğulacağından xəbəri oldu, ən azı o sevinci yaşayaraq dünyadan köçdü. Oğlumun övladı bizə əmanətdir, tək təsəlli yerimiz İlknurdur”.


Humay İsgəndərova

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir