Modern.az

Ölüm niyə adiləşib? - Sosioloq və psixoloq RƏYİ

Ölüm niyə adiləşib? - Sosioloq və psixoloq RƏYİ

1 İyun 2021, 17:32

İnsanların ölümə qarşı münasibəti zamanla dəyişir. Əvvəl hər kəsə qorxulu gələn ölüm indi adiləşib. Hazırda bütün dünyada ölümə müsbət yanaşma hərəkatı (death-positive movement) vüsət alır. İnsanlarda ölümə müsbət münasibətin yaranması, ölümün adiləşməsinin səbəbi nədir?

Modern.az-ın əməkdaşı bu sualla sosioloq və psixoloqa müraciət edib.


Psixoloq Aytən Ələkbərli:


“Əvvəllər uzaq və yaxın olmasından asılı olmayaraq kiminsə ölüm xəbərini eşitdiyimiz zaman çox pis olardıq. Bəlkə də günlərlə bu xəbərin təsirindən çıxa bilməzdik. Hətta depressiyaya düşüb, illərlə özlərinə gələ bilməyən insanlar olurdu. Lakin son zamanlar istər pandemiya, istərsə də digər xəstəliklər səbəbindən  bilgilər artmağa başladı. Ölüm artıq adiləşib. Əvvəllər kimsə həyatını itirən zaman bir-birimizə verdiyimiz sualları artıq internet vasitəsi ilə öyrənirik.


Bu məlumatlar bizdə nə yaradır?


İlk olaraq ölümlə bağlı çox informasiyalar əldə etdiyimiz üçün informativ stressə düşürük. Bu şəraitdə sağlam insanlar da özlərini xəstə kimi hiss edirlər. Sanki xəstələnmək üçün bəhanə axtarırlar. Xəstəlikləri axtardığımız zaman “ipoxondriya”, yəni ölüm qorxusu yaşayırıq. Əvvəllər psixoloq dəstəyinə ehtiyac duyan insanlar özlərinin psixoloq olduqlarını düşünürdülər. İndi isə hər kəs özünü həkim hesab edir. Hər gün yeni müalicə üsullarına əl atırlar. Xəstəlik haqqında hər bir məlumatı internetdən əldə edirlər, dərmanlar haqqında məlumatları oxuyurlar. Ölümün adiləşməsinin əsas səbəbi ölüm haqqında məlumatların geniş şəkildə yayılmasıdır”.


Sosioloq Əhməd Qəşəmoğlu da məsələ ilə bağlı fikirlərini bildirib:


“İnsanların psixologiyası belədir ki, hansısa çətinliklə üzləşdikləri zaman daxilən onunla barışma mexanizmi yaranır. Bu yalnız Azərbaycanda deyil, bütün dünyada belədir. Qorxunc bir hadisə ilk dəfə baş verən zaman çox vahiməyə düşür, lakin həmin hadisə dəfələrlə baş versə, insan  alışır. Bizdə də pandemiya səbəbindən bu düşüncə yarandı.


Nə etməliyik ki, bu hadisələr xalqımızın inkişafına, tərəqqisinə, müxtəlif sahələrdəki fəaliyyətimizə mənfi təsir göstərməsin? Bunun üçün insanlarla psixoloji sahə üzrə söhbətlər aparılmalıdır. Elmi əsaslarla işlər görmək lazımdır”.


Sosioloq insanın davranışına təsir edən 4 mühüm xüsusiyyət olduğunu vurğulayıb:


“Xarakter, ətraf mühit, aldığı informasiyalar və üstünlük verdiyi dəyərlər.


Pandemiya insanların bir-birinə verdiyi dəyərlərə təsir edib  xarakterlərini dəyişməməlidir. Ətrafımızdakı insanların hər biri dəyərlidir.


Pandemiya şəraitində əhaliyə pozitiv informasiyalar vermək çox vacibdir. Bu bir bəladır başımıza gəlib, çox insanlar virus səbəbindən əzizlərini itirib və belə davam edə bilər. Bu səbəbdən cəmiyyətdə elə informasiyalar yayılmalıdır ki, insanlarda qorxu yaranmasın. Hazırda insanların virusa qarşı olan münasibəti bir il əvvəlki kimi deyil. Biz artıq bilirik özümüzü necə qorumalıyıq, hansı dərmanlardan istifadə etməliyik. Demək olar ki, insanlar virusla yaşamağı öyrənib.


Mühit məsələsində isə çalışmalıyıq ki, ictimai qınağı gücləndirək. Qanunvericilikdə də bəzi məsələlər dəyişdirilməlidir. İnsanların sağlamlıq mədəniyyəti ilə bağlı işlərin görülməsi vacibdir”.

 

Mehri Qurban

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi