Modern.az

Cəbrayıl və Kəlbəcər deyiləndə yada düşən məşhur simalar, adətlər...

Cəbrayıl və Kəlbəcər deyiləndə yada düşən məşhur simalar, adətlər...

Mədəni̇yyət

3 İyun 2021, 11:56

İşğaldan azad olunmuş hər bir bölgəmizin yaddaşlardan silinməyəcək simaları, adət-ənənələri var. Məsələn, Cəbrayıl və Kəlbəcərin adını çəkəndə, hər şeydən öncə o bölgələrdən olan tanınmış simalar, adət-ənənələr yada düşür.


Cəbrayıl rayonunu Milli Məclisdə təmsil edən deputat  Ceyhun Məmmədov Cəbrayılın yaddaşlardan silinməyəcək simaları və adətləri ilə bağlı Modern.az-a danışıb. O bildirib ki, Cəbrayıl hər zaman öz camaatının ziyalılığı ilə seçilib:


“Cəbrayıl deyəndə gözümdə canlanan ilk simalardan biri hər zaman xatirələrimizdə olan keşmiş nazir Mehdi Mehdizadədir. O, fəal təhsil işçisi, maarif naziri olub.Uzun illər təhsil sahəsində fəaliyyət göstərib.Türk dünyasının tanınmış alimi Tofiq Hacıyev də cəbrayıllı kimi yaddaşlardan silinməyəcək şəxsiyyətlərdən olub. Bu sırada şair və yazıçı kimi xatirələrdə yaşayan Sabir Əhmədovu da qeyd edə bilərəm. Gözümdə canlanan  simalar çoxdur. Cəbrayıllı alimlərdən hazırda xaricdə fəaliyyət göstərənləri də var”.


 

Deputat adət-ənənələrdən danışarkən söyləyib ki, Cəbrayılda Novruz çərşənbələri çox yüksək səviyyədə keçirilirdi:


“Şəhər mərkəzində təşkil olunan bayram tədbirlərini insanlar coşqu ilə keçirirdilər. O, anlar mənim hər zaman yaddaşımdadır. Qurban bayramı məclisləri də çox geniş yayılmışdı. Hacı Qaraman ocağı, Çələbilər məscidi Cəbrayılda məşhurdur. Dünyanın müxtəlif yerlərindən insanlar o ocağı ziyarət etmək üçün davamlı olaraq Cəbrayıla gəlirdilər. Dünyaca məşhur olan Xudafərin körpüsünü də insanlar ziyarətgah kimi mütəmadi olaraq ziyarət edirdilər. Təəssüf hissi ilə qeyd edirəm ki, erməni daşnaqları tək Cəbrayıl yox, işğaldan azad olunmuş digər bölgələrimizdəki ziyarətgah və mədəniyyət ocaqlarımızı talan ediblər”.


Kəlbəcərin keçmiş icra başçısı və hazırda həmin rayonu Milli Məclisdə təmsil edən  deputat Aqil Məmmədov Kəlbəcər deyəndə gözündə canlanan simalar, kəlbəcərlilərin adətləri haqda danışarkən bölgəni Azərbaycanın ən dilbər guşələrindən biri adlandırıb:


“Kəlbəcər yerüstü və yeraltı sərvətləri ilə zəngin və məşhurdur. Qayaüstü rəsmlərinə görə Kəlbəcəri ikinci Qobustan da adlandırırlar. Kəlbəcərin tanınmış və yaddaşlardan silinmyəcək simaları yetəri qədərdir. O simaların bəziləri Kəlbəcərin özündə, bəziləri isə vətən həsrətilə yaşayaraq dünyadan köçüblər.
Ağdabanlı şair Qurban, Dədə Şəmşir, Ənvər Rza Kəlbəcərdə dünyasını dəyişən unudulmaz sənətkarlardır. Vətən həsrəti ilə yaşayıb, “Kəlbəcər” deyə-deyə bu dünyadan köçənlər isə Bəhmən Vətənoğlu, Sücaət, Qəmkeş Allahverdi və Məmməd Aslandır”.



A.Məmmədov onu da vurğulayıb ki, Kəlbəcərdə qonaqpərvərlik yüksək səviyyədə olub:


“Böyüklərin yeri hər zaman xüsusidir. Kəlbəcərdə ailə qurma məsələləri çox ciddi iş idi. Ailə quracaq şəxslərin nəsil-nəcabatı araşdırılırdı, böyüklərin xeyir-duası ilə gənclər ailə qururdu. O, ailələrdə uzunömürlüyü ilə seçilirdi. Buna ən gözəl nümunə Dədə Şəmşirlə Güllü nənədir. Güllü nənə dünyadan köçməzədən əvvəl vəsiyyət etmişdi ki, onu elə dəfn etsinlər ki, Kəlbəcər azad olunduqdan sonra qəbrini Dədə Şəmşirin məzarının yanına köçürmək mümkün olsun. Güllü nənə öz istədiyi kimi dəfn olundu ki, Kəlbəcər azad olunanda vəsiyyəti yerinə yetirilsin. Kəlbəcərin yaddaşımdan silinməyəcək adətlərindən biri gənclərin əsgər getməzdən əvvəl böyüklərin xeyir-duasını alması və “veşmeşoq” deyilən çantamıza fəsəli, qatlama kimi şirniyyatlar qoyulması idi”.



Humay İsgəndərova

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!