Modern.az

Azərbaycanın şəhid jurnalistləri - SİYAHI

Azərbaycanın şəhid jurnalistləri - SİYAHI

Media

4 İyun 2021, 15:10

Onlar eyni gündə doğulub, eyni gündə ölmədilər, ancaq hamısı şəhid oldular.

 

İllər boyu Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü nəticəsində xalqımız minlərlə şəhid verdi. Onlar arasında xidməti vəzifələrini yerinə yetirərkən həlak olan jurnalistlər də var. Bugünkü hadisədə olduğu kimi...



4 iyun 2021-ci il tarixində işğaldan azad edilmiş Kəlbəcərin Susuzluq kəndinə çəkiliş aparmağa gedən jurnalistlər - AzTV-nin operatoru, 1989-cu il təvəllüdlü Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı, 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu) həlak olublar. 


Modern.az
saytı xatırladır ki, bundan əvvəl də jurnalistlərimiz arasında xeyli şəhid olanlar var.

1. Çingiz Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. Ermənistanın Azərbaycana qarşı təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutub. O, 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başlayıb. Çingiz Mustafayev Ermənistan-Azərbaycan müharibəsinin 1992-ci ilə qədər olan dövrünün salnaməsini yaratdı. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, hərbçilər haqda xüsusi reportajlar və bütün bunlarla yanaşı, Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllifliyi ilə yayımlanırdı. Çingiz Mustafayevin Xocalı soyqırımına dair çəkilişləri Ermənistanın imicini bütün dünyaya tanıtdı. 1992-ci ilin iyun ayının 15-də Ağdamın Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürmədi. Bu həm də onun öləndən sonra da yaşağacağına işarə idi. Çingiz Mustafayev 1992-ci ildən Azərbaycanın Milli Qəhrəmanıdır.

2. Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərov 1991-ci ilin 9 yanvarında Laçından Şuşaya yollanarkən, Qaladərəsi kəndi yaxınlığında Ermənistan silahlı qüvvələri tərəfindən amansızcasına qətlə yetirilir. Salatın Əsgərova Azərbaycanın ilk şəhid qadın jurnalistidir. İxtisasca geofizik olsa da, jurnalistikaya olan sevgi onu bu sahəyə gətirmişdi. O, reportajlarında Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələlərə geniş yer verirdi. 1992-ci il noyabrın 6-da Salatın Əsgəroavaya ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

3. Alı Mustafayev 1952-ci il 14 apreldə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Təyinatı Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinə verilib və ömrünün sonunadək AzTV-də işləyib. Erməni işğalçılarının Azərbaycana hücumu dövründə Dağlıq Qarabağdan - qaynar nöqtələrdən, eləcə də yüksək dövlət səviyyəli rəsmi görüşlərdən hazırladığı müsahibə və reportajlarla rəğbət qazanıb. 1991-ci ildə "İlin ən yaxşı jurnalisti" mükafatına layiq görülən Alı Mustafayev həmin il noyabrın 20-də Xocavəndin Qarakənd kəndi yaxınlığında sülhməramlı nümayəndələri aparan vertolyotun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olub.

4. Fəxrəddin Şahbazov 1950-ci ildə anadan olub. Fəxrəddin 1972-ci ildən Azərbaycan Teleradio Şirkətində işə başlayıb və 20 il burada fasiləsiz operator peşəsində çalışıb. Fəxrəddin qaynar döyüş meydanlarından reportajlar hazırlayaraq xalqa, eləcə də xarici ölkələrə çatdırıb. 20 noyabr 1991-ci ildə Xocavənd rayonu yaxınlığında bir sıra digər dövlət xadimi ilə birgə içində olduğu Mi-8 vertolyotunun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olub. Bakıda, Şəhidlər Xiyabanında dəfn edilib. Fəxrəddin Şahbazova Azərbaycan Prezidentinin 6 noyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

5. Kazımağa Möhsün oğlu Kərimov Bakı Dövlət Universitetinin Jurnalistika fakulətisini bitirdikdən sonra peşəsinin arxasınca gedərək bir müddət “Azərbaycan məktəbi” jurnalında, sonra isə “Azərbaycan müəllimi” qəzetində çalışıb. 1988-ci ildə doğma vətəninin üzərini qara buludlar alanda heç vaxt haqsızlıqla, ədalətsizliklə barışmayan Kazımağa da silaha sarılıb. 1992-ci ilin 12-13 iyun tarixlərində Şamuyankənd rayonunun azad olunması uğrunda həyata keçirilən əməliyyatda ağır yaralanıb. Aldığı yaranın ağır olmasına baxmayaraq, əməliyyatın sonunadək iştirak edən Kazımağa döyüşlər bitdikdən sonra Bakı şəhərində yerləşən Hərbi Hospitala çatdırılıb. Kazımağa 15 iyun 1992-ci ildə şəhidlik zirvəsinə ucalıb.

6. Osman Mirzəyev 1937-ci ildə dünyaya göz açıb. O.Mirzəyevin peşəkar jurnalist bacarığı təkcə mətbuatda deyil, həm də televiziyada özünü büruzə verirdi. O, Azərbaycan televiziya məkanında ilk bədii-publisistik, ictimai-siyasi “Dalğa” verilişinin yaradıcılarından idi. 1990-cı ilin sentyabrında Osman Mirzəyev Azərbaycan Respublikası Prezident Apparatının şöbə müdiri vəzifəsinə təyin olunub. 20 noyabr 1991-ci ildə Xocavənd rayonu yaxınlığında, bir sıra digər dövlət xadimi ilə birgə içində olduğu Mi-8 vertolyotunun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olub.

7. 1991-ci il noyabrın 20-də  Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında Azərbaycana məxsus “Mi-8” hərbi vertolyotu erməni silahlı quldurları tərəfindən vurulub. 20 noyabr faciəsi nəticəsində Azərbaycanın bir sıra dövlət məmurları, millət vəkilləri həlak oldular. Onlar içərisində olan AzTV-də işıqçı kimi fəaliyyət göstərən Arif Hüseynzadə də vardı.

8. Məhərrəm İbrahimov (Əlioğlu) 1982-ci il iyun ayının 1-də Bakıda dünyaya gəlib. AZƏRTAC-ın xüsusi müxbiri vəzifəsində çalışıb. Ailəlidir, iki oğul övladı var. 2021-ci il iyunun 4-də erməni təcavüzkarlarının Kəlbəcər rayonunda basdırdığı minaya düşərək həlak olub.

9. AzTV-nin operatoru Sirac Abışov1989-cu il avqustun 29-da Qubadlıda doğulub. Sumqayıt şəhərində yaşayırdı. 2013-cü ildən 2018-ci ilə qədər APA TV-də çalışan Sirac 2019-cu ildən AzTV-də işləməyə başlayıb. Ailəlidir, bir övladı var. 
2021-ci il iyunun 4-də Kəlbəcərin Susuzluq kəndində minaya düşərək həlak olub.

 

Fidan İlqar 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi