Modern.az

Soydaşlarımız Brüssel Çex Mərkəzinə etirazlarını bildiriblər

Soydaşlarımız Brüssel Çex Mərkəzinə etirazlarını bildiriblər

Diaspor

4 İyun 2021, 19:58

Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının üzvləri Brüssel Çex Mərkəzinin Brüssel şəhərində keçirdiyi “Bir Dünya-2021” (One World) sənədli filmlər festivalının təşkilatçılarına etiraz bəyanatı ilə müraciət ediblər.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a bildiriblər ki, bəyanatda insan haqları barədə sənədli filmlər festivalının siyahısına, digər ölkələrlə yanaşı, qondarma Dağlıq Qarabağın adının salınmasının yolverilməz olduğu qeyd edilib. Festival təşkilatçılarının diqqətinə çatdırılıb ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir.

 

Ermənistanın ərazilərimizi 30 ilə yaxın müddətdə işğal altında saxladığı, Azərbaycanın əzəli torpaqlarını 2020-ci ilin payızında azad etdiyi xatırladılıb. Qeyd edilib ki, Ermənistan dünyanın və beynəlxalq ictimaiyyətin gözü qarşısında illərlə Qarabağda etnik azərbaycanlıların yaşamaq hüququnu əlindən alıb, əhalimizi amansız soyqırımlara, terrora məruz qoyub, Azərbaycanın şəhərlərini və kəndlərini dağıdıb, tarixi, mədəni irsi, ətraf mühiti və təbii sərvətlərimizi məhv edib. Üstəlik, minaladığı ərazilərimizin xəritələrini verməkdən imtina etməklə öz doğma torpaqlarına qayıtmağa can atan mülki vətəndaşlarımızın həyatını itirməsinə və ya ağır yaralanaraq əlil vəziyyətə düşməsinə səbəb olur.

 

Soydaşlarımız festivalın təşkilatçılarını Qarabağla bağlı hər hansı mövzunu seçərkən yuxarıda sadalanan faktları nəzərə almağa çağırıblar.

 

Qeyd edək ki, Çexiyanın Xarici İşlər Nazirliyinin köməkçi təşkilatı və Avropa Birliyinin Milli Mədəniyyət İnstitutları (European Union National Institutes for Culture) şəbəkəsinin üzvü olan Brüssel Çex Mərkəzi 1997-ci ildə yaradılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır