Modern.az

“Nizami ili”nin konfransı

“Nizami ili”nin konfransı

Aktual

5 İyun 2021, 12:58

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05 yanvar 2021-ci il tarixli sərəncamı ilə 2021-ci il Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilmişdir. Keçirilən silsilə tədbirlər sırasında Gəncə şəhərində  keçirilən Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, “Paşa Holding” Şirkətlər qrupunun baş sponsorluğu və Azərbaycan Respublikası İqtisadiyyat və Təhsil Nazirliklərinin dəstəyilə dörd gün davam edəcək “III İqtisadiyyat və İdarəetmə Sahəsində Magistr və Doktorantların Beynəlxalq Elmi Konfransı”nın əhəmiyyətini xüsusilə qeyd etmək istəyirəm. “Nizami ili” çərçivəsində təşkil edilmiş III Beynəlxalq Elmi Konfrans dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə və “Nizami Gəncəvi və Dayanıqlı İnkişaf” mövzusuna həsr olunub.

 

Konfransın açılışında  UNEC rektoru Ədalət Muradov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Təhsil naziri Emin Əmrullayev, Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov və PAŞA Holding” Şirkətlər Qrupunun Baş İcraçı Direktoru Cəlal Qasımov  maraqlı çıxışları ilə magistr və doktorantlara mövzu çərçivəsində tədqiqat aparmaq üçün yeni paradiqmalar tövsiyyə etdilər.

Nizami Gəncəvi irsi ilə bağlı tədqiqatlar aparan ABŞ-ın Prinston Universitetinin professoru Maykl Barrinin “Nizami Gəncəvi İrsi” və Corc Vaşinqton Universitetinin dekanı, professor Maykl Feyerin “Təhsil və İqtisadiyyat” mövzusunda videoməruzələri xüsusilə diqqətimizi çəkdi.

 

1979-cu ildə pakistanlı fizik Əbdüs Salamla birgə fizika sahəsində Nobel mükafatına layiq görülmüş Stiven Vaynberq "Müasir elmin mənbəyi" adlı sonuncu kitabında yazır: "Mənə belə gəlir ki, Qədim yunan mütəfəkkirlərinin əsərlərini yaxşı qavramaq üçün onları fizik-alim, filosof kimi yox, şair kimi qəbul etmək lazımdır. Ksenofan, Parmenid, Empedokl müəyyən mənada şairdirlər. Anaksimandr, Heraklit, Demokrit əsərlərini şeir formasında yazıblar. Siseron Demokrit haqqında deyirdi ki, o, başqalarından daha poetikdir. Yəni demək stəyirəm ki, poeziyada söz geniş mənada daha çox estetik effekt verir".

 

Stiven Vaynberq haqlıdır:

Nizami Gəncəvi cisimlərin dövri hərəkətini və ətalət qanununu obrazlı şəkildə belə təsvir etmişdir:

Başlanğıc hərəkət olmasa əgər

Hərəkət edərmi bir cəhrə məgər?

Hərəkət verərsə ona bir insan

O da hərlənəcək yəqin bir zaman.

Kainat özü də belə dövr edir,

Gövhər tanıyana aydındır bu sirr.

Fikrimcə “Fizika və lirika” mövzusunda keçirilən tədbirlərdə böyük şairin bu səpkidə dahiyanə fikirləri ətrafında tədqiqatlar genişlənməlidir.

Nizami Gəncəvi bir mütəfəkkir alim kimi elmin qarşısında qoyduğu vəzifəni "Sən çalış yaxşı öyrən dünyanı, bəşəri, bitkini, daşı, heyvanı" fikri ilə ifadə etmişdir.

 

Böyük şairin yaradıcılığına bələd olanlar bilirlər ki, iqtisadi ideyalar onun yaradıcılığında mühüm yerlərdən birini tutur. O, cəmiyyətin ictimai iqtisadi quruluşu, əmək, əmək bölgüsü, sərvət və onun mənbələri, bölgü, istehlak məsələləri üzrə özünə məxsus bir tərzdə qiymətli fikirlər irəli sürmüşdür. Onun mübadilə, ticarət, qiymət, pul və s. haqqında fikir və ideyaları haqqında baxışları iqtisadi fikir tariximizi zənginləşdirən qiymətli töhfədir.

Nizami Gəncəvinin yaşadığı cəmiyyətin ictimai ziddiyyətlərini dərindən qavraması, cəmiyyətdəki sosial ədalətsizliyə qarşı mübarizəsi və nəticədə cəmiyyətin yenidən qurulması üçün yollar axtarması, ideal cəmiyyət haqqındakı fikirləri ictimai-iqtisadi fikir tariximizin ən qiymətli inciləridir. Platondanda sonra ədalətli cəmiyyət qurulmasında onun dəyərli ideyaları digər mütəfəkkirlərin ideyaları sırasında xüsusi yer tutur.

 

Konfransın mövzusu sinerji xarakter daşıyır və yeni təfəkkür tərzinin formalaşması üçün yeni üfüqlər açır. Konfransın açılışında edilən məruzələr magistr və doktorantlar üçün olduqca böyük əhəmiyyət kəsb edəcək. Bu həm də  onlarda humanitar və iqtisadi təfəkkürün paralel inkişafına zəmin yaradacaq. Həm də elm sahələrinin geniş spektrdə populyarlaşdırılmasında öz sözünü deyəcək.

P.S.  Konfransın məruzələr kitabı Harvard, Oksford, Yale, Stanford, Prinston, Kolumbiya, Toronto, Çikaqo, Duke və digər aparıcı universitetlərin, eləcə də “Royal Danish Library”, “British Library”, “Biblioteque Nationale de France” kimi nüfuzlu universitet və dövlət kitabxanalarının kataloqlarında yerləşdiriləcək.

 

Milli Məclisin deputatı Etibar Əliyev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi