Modern.az

"Azərbaycanın mehriban siması” Tiflisdə çap olundu - FOTOLAR

Mədəni̇yyət

6 İyun 2021, 13:05

Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında gürcü dilində “Azərbaycanın mehriban siması” adlı kitab çap olunub.


Modern.az xəbər verir ki, ötən il Tbilisidə işıq üzü görən nəşrin Gürcüstan Yazıçılar Evində təqdimat mərasimi keçirilib. Gürcüstanın beynəlxalq əlaqələr və siyasi elmlər akademiyasının prezidenti Simon Kopadze tədbirin aparıcısı olub.


Kitabın müəllifi siyasi elmlər doktoru, professor Vaqif Abdullayevdir. Kitabı gürcü dilinə Gürcüstanın Dövlət mükafatı laureatı, “Şərəf” ordenli yazıçı-dramaturq İmir Məmmədli tərcümə edib.


Nəşrdə Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfirinin həyatı, humanist keyfiyyətləri, müxtəlif sahələri əhatə edən xeyriyyəçilik fəaliyyəti, layiq görüldüyü ali mükafatlar, beynəlxalq tədbirlərdə iştirakı və çıxışları haqqında ətraflı məlumatlar, xarici media qurumlarına müsahibələri və fotoşəkilləri yer alıb.


Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxışında deyib ki, iki ölkə arasında bütün sahələrdə olduğu kimi humanitar sahədə də əlaqələr uğurlu inkişaf dövrünü yaşayır. Diplomat Heydər Əliyev Fondunun dəstəyi ilə Gürcüstanda həyata keçirilən sosial-humanitar layihələr barədə danışıb:


“Fondun Gürcüstanda təhsil və maarif sahəsində reallaşdırdığı layihələr xüsusilə təqdirəlayiqdir. Əminəm ki, bu siyasət gələcəkdə də davam etdiriləcək və yeni layihələr həyata keçiriləcək”.


Daha sonra çıxış edən Gürcüstanın Milli Elmlər Akademiyasının prezidenti Giorgi Kvesitadze kitabın nəşrini yüksək qiymətləndirərək fikirlərini bildirib:


"Mehriban xanım Əliyeva bütün dünyada yalnız Azərbaycanı deyil, bütün Qafqazı layiqincə təmsil edir".
Tədbir gürcü və azərbaycanlı ziyalıların çıxışları ilə davam etdirilib.


Gürcüstan-Azərbaycan Mədəni Əlaqələrinin İnkişaf Fondunun təşkil etdiyi mərasimdə Gürcüstanın Milli Elmlər Akademiyasının vitse-prezidenti Roin Metreveli, “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov, deputat Nizami Cəfərov, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə, azərbaycanlı və gürcü ziyalılar iştirak ediblər. Çingiz Qənizadə də kitabla bağlı fikirlərini bölüşüb:


"Mehriban Əliyeva Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqda mühüm addımlar atıb. Eyni zamanda Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin ifşa edilməsi istiqamətində könüllü işlər aparmışdır. Azərbaycan təhsilinin, mədəniyyətinin, idmanının inkşafında misilsiz xidmətlər göstərib. Xalqımızın maddi, mənəvi dəyərlərinin yenidən yüksəldilməsi, onların qorunub saxlanılması və dünya xalqlarının mədəniyyətinə inteqrasiya istiqamətində mühüm işlər görüb. Bu səbəbdən uzun illərdir ki, Mehriban Əliyeva UNESCO və ISESCO-nun xoşməramlı səfiridir.


Mehriban Əliyeva ədaləti, humanizmi, insanpərvərlik ideallarını rəhbər tutaraq ölkədə genişmiqyaslı amnistiya aktlarının qəbul edilməsinin təşəbbüskarı olmuşdur. 2007, 2009, 2013-cü illərin hər birində 9 mindən çox insanın azadlığa çıxmasına nail olmuş və ümumilikdə 30 mindən çox insanın ailəsinə qovuşmasına şərait yaradıb. 


Mehriban xanım amnistiya ilə bağlı çıxışında qeyd edirdi:


"Səhv edib, cinyət törətmiş insanlara bir daha şans verməliyik ki, onlar azad həyata qayıtsınlar. Ailələrinə qovuşub cəmiyyətdə öz yerlərini tapa bilsinlər. Ağır cinayətlər törətmiş insanları bağışlayaq. Müstəqil Azərbaycanın humanizm prinsipləri əsasında hərəkət etdiyini dünyaya nümayiş etdirək".


Çingiz Qənizadə Ermənistan məsələsinə də toxunub:


"Ermənistanı normal qonşuluq əlaqələrinin qurulmasına, qonşu dövlətlərə qarşı ərazi iddialarından əl çəkməyə sülhə və sağlam əməkdaşlığa çağırıram".


O, vurğulayıb ki, 44 günlük vətən müharibəsi dövündə Mehriban Əliyeva I-vitse prezident kimi Ali Baş Komandanın yanında olmaqla ona dəstək verməklə qələbəmizin əldə olunmasına böyük xidmətlər göstərmişdir".


Qeyd edək ki, tədbirdən öncə Nizami Cəfərov, Çingiz Qənizadə və Vaqif Abdullayev Tbilisidə yerləşən Heydər Əliyev parkını ziyarət edib ulu öndərin abidəsi önünə əkili qoyublar.
Mehri Qurban

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir