Arxiv
6 İyun 2021, 17:40 | PARLAMENT
Aİ-95 markalı benzinin bahalaşma səbəbləri - Deputat yazır

Son zamanlarda dünya əmtəə bazarında xam neftin qiymətinin artması müvafiq olaraq digər neft məhsullarının da qiymətində yüksəlmələrə gətirib çıxartdı və bu, qaçılmaz prosesdir. Yüksəkoktanlı benzinin 100%-i ölkəmizə idxal olunduğundan, bu qiymət artımından Azərbaycan da yan keçə bilmədi. Başqa sözlə, Azərbaycanda  Aİ-95 markalı benzinin bahalaşması, məhz bu markalı benzinin xaricdən alış qiymətinin yüksəlməsi ilə əlaqədar oldu. Dünya bazarında neftin və neft məhsullarının, o cümlədən benzinin qiymətinin dəyişməsinə təsir edən amillər sırasında bu gün dünyada gedən siyasi proseslər, əsasən neft hasil edən ölkələrdəki münaqişələr, Rusiya-ABŞ münasibətlərinin qeyri-sabitliyi, dünyada neft məhsullarına tələbin təklifi daha da üstələməsi və s. mühüm rol oynayıb.

 

Yanacaq bazarını digər əmtəə bazarlarından fərqləndirən ən vacib amillərdən biri də onun xam maddəsinin (neftin) bərpa olunmayan bir resurs olmasıdır. Bizə məlum neft ehtiyatları, neftin 21-ci əsrin sonunda tükənə biləcəyini göstərir. Bu vəziyyətdə yerdən çıxarılan hər barel neft, neft ehtiyatlarında bir az daha çox azalma deməkdir və bu da neft qiymətlərinə təsir göstərərək qiymətlərin artmasına səbəb olur. Belə ki, bir əmtəə yenilənmirsə və yeraltı ehtiyatları azalırsa, o zaman bu malın qiyməti maliyyə bazarlarında mübadilə olunan aktivlər qədər artmalıdır. Bu, o deməkdir ki, xam neftin və neft məhsullarının qiymətlərinin gələcəkdə də artması qaçılmaz bir prosesdir.

 

Neftə olan tələbin artması baxımından digər bir səbəb kimi postpandemiya dövrünün reallıqlarını da qeyd edə bilərik. Belə ki, COVİD-19 vaksinlərinin istehsalı və istifadəyə verilməsi nəticəsində bir çox ölkələrdə qapanmaların ləğv olunması nəticəsində artan istehlak da beynəlxalq yanacaq qiymətlərində canlanmaya səbəb olmuşdur və bu proses yaxın gələcəkdə daha da güclənəcəkdir.

 

Yeganə çıxış yolu dünyadakı benzin qiymətlərindən asılılığın azaldılmasıdır, bu məsələ ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir və bu sahədə görülən işlər çox sürətlə davam etdirilir . Belə ki, Heydər Əliyev adına Neftemalı Zavodunda aparılan dəyişikliklər və son texnologiyanın tətbiqi nəticəsində 2022-ci ildən sonra ölkəmizdə Aİ-95 markalı benzinin istehsalı mümkün olacaqdır. Belə olduğu halda, Azərbaycan bu markalı benzini idxal edən ölkədən ixracatçı ölkəyə çevrilə bilər və bu zaman qiymətlər dövlətin öz siyasətinə uyğun olaraq tənzimlənə biləcəkdir.

 

Bəzi siyasətbazların bu reallıqdan istifadə edərək sosial narazılıq yaratmağa cəhd göstərirlər. Azərbaycan ağır pandemiya dövrü yaşamış və müharibədən yeni çıxmış ölkədir, işğaldan azad edilmiş ərazilərdə möhtəşəm quruculuq işləri başlanmışdır, bu işlər üçün Azərbaycan milyardlarla, on milyardlarla manat pul xərcləyib və xərcləyəcəkdir. Belə bir dövrdə ən çox bahalı maşınların işlətdiyi Aİ-95 markalı benzinin qiymətinin 15 qəpik bahalaşmasını böyük bir hadisəyə çevirməyə heç bir ehtiyac yoxdur. 

 

Əziz Ələkbərli

Milli Məclisin deputatı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv