Arxiv
8 İyun 2021, 11:06 | REPORTAJ
Qızına ad qoyan, üzünü görmədən şəhid olan kapitan...

Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsi  zamanı verdiyi şəhid sayının sonuncu rəsmi statistikada 2900 nəfər olduğu qeyd edilib. Müdafiə Nazirliyi Vətən müharibəsi  şəhidlərinin sonuncu siyahısını 2 iyun 2021-ci il tarixində dəyişib. Həmin siyahıya əsasən 11 hərbi qulluqçumuz da itkin düşmüş sayılır .

                                       
Şəhidlərimizdən bəziləri heç ata olmadan, bəziləri isə dünyaya gələcək olan sonbeşiklərini görmədən bu dünyadan köçdülər.

 

Bu dəfə dünyaya gələcək ikinci körpəsini bağrına basmadan həlak olan şəhidimiz-  Kamran İsmayılovdan bəhs edirik...

 

Kamran İsmayılov 1991-ci il fevralın 9-da Yevlax şəhərində anadan olub. 1997-2008-ci illərdə Yevlax şəhərindəki İ.Nəsimi adına 3 nömrəli tam orta məкtəbdə təhsil alıb. 2008-2012-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qalıb.

 

Azərbaycan Ordusunun kapitanı Kamran İsmayılov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kamran İsmayılov oktyabrın 5-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Yevlax  şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

                                               

Şəhidin döyüş yolu və övladlarına olan arzuları barədə həyat yoldaşı Lamiyə İsmayılova Modern.az-a danışıb.

 

“Bütün postları yarıb, Suqovuşanı azad etmişdilər. Döyüş vaxtı əsgərləri qoymayıb önə getsin, onalar “siz uşaqsız deyib”.
Kamranın nəşi gətirilən zaman qılçalarında bir neçə yer “jqut”la bağlanmışdı. Bu da onu göstərirdi ki, yaralı olsa belə döyüşdə sonadək vuruşub.
Kamran snayperlə vurulmuşdu. Aprel döyüşlərində də iştirak etmişdi.  Dəfələrlə ölümdən dönmüşdü. Vətənə sevgisindən son nəfəsinədək vuruşdu”.

Şəhidimizin arzuları çox idi...

“Qızının doğulacağından xəbəri var idi, adını da özü istəmişdi ki, Günay olsun. O, şəhid olanda qızımızın dünyaya gəlməsinə 4 ay qalmışdı.
“Mənim arxamda heç kim olmayıb, mən övladlarıma arxa-dayaq olacam” deyirdi. Özünə maşın almağı, qızımızı xəstəxanda həmin maşında çıxarmağı arzulayırdı.  Amma qismətdən övladını görmədən köçdü dünyadan. Son mesajında “oğlumu öpün” yazmışdı. Həmişə deyərdi ki, “övladlarım üçün hər şey edəcəm, onların nə arzusu olsa, yerinə yetirəcəm””.  


Humay İsgəndərova

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv