Arxiv
8 İyun 2021, 11:00 | DİASPOR
Hyustonda Ermənistanın mina xəritələrinin verməməsinə qarşı aksiya keçirildi

Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının idarə heyətinin üzvü, Amerika–Azərbaycan İnteqrasiya Mərkəzinin rəhbəri Samir Novruzovun təşkilatçılığı ilə Texas ştatının Hyuston şəhərində etiraz aksiyası keçirilib.

 

Məqsəd – Kəlbəcərdə mina partlayışı nəticəsində azərbaycanlı jurnalistlərin və onları müşayiət edən yerli icma hakimiyyətinin nümayəndəsinin həlak olmasına, mina xəritələrini verməkdən imtina edən Ermənistanın yolverilməz davranışına, terrorçu dövlət olmasına diqqəti cəlb etmək olub.  

 

Şəhərin Westheimer Road & Post Oak bulvarı ərazisində təşkil edilən aksiya zamanı soydaşlarımız baş vermiş faciəyə hiddətlərini Məhərrəm İbrahimovun və Sirac Abışovun portretlərini, "Jurnalistlər minalarla öldürüldü!", "Erməni yalanlarına YOX deyin!", "Erməni terrorizmi", "Təhlükəli minalar!" şüarlarının, mina partlayışlarının qorxunc təsvirlərinin əks olunduğu plakatları nümayiş etdirməklə bildiriblər. 

 

Azərbaycanlı icmasının nümayəndələri, həmçinin şəhərdə etiraz yürüşü keçiriblər. Sonra  mərkəzi parklardan birində, şəhid olmuş jurnalistlərin xatirəsinə, yaradılan guşəyə qərənfillər düzüblər. 

 

Samir Novruzov bildirib ki, aksiyalar zamanı Ermənistan rəhbərliyinin mina xəritələrini Azərbaycana verməkdən imtina etməsi kəskin şəkildə pislənilib. Bu, azad edilmiş torpaqlarımızda və regionda sülhün və normal həyatın bərpa edilməsinə maneə kimi qiymətləndirilib. Soydaşlarımız dünya ictimaiyyətini və nüfuzlu media təşkilatlarını Ermənistanın beynəlxalq konvensiyaları pozmasına göz yümmamağa, bu problemin həllində Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləməyə çağırıblar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv