Modern.az

Deputat pensiya yaşına yenidən baxılmasını TƏKLİF ETDİ

Deputat pensiya yaşına yenidən baxılmasını TƏKLİF ETDİ

Ölkə

8 İyun 2021, 13:46

Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən növbədənkənar iclasında əlilliklə bağlı məsələyə münasibət bildirib.


Modern.az
xəbər verir ki, deputat pensiya yaşının müxtəlif təbəqələr üzrə fərqli olmasını təklif edib:


"Biz pensiya yaşı ilə bağlı məsələyə yenidən baxmalıyıq. Məsələn, tikintidə işləyənlə müəllimin pensiya yaşının eyni görülməsi düzgün deyil. 65 yaşında insan tikintidə fəhlə işləyə bilməz. Burada yanaşma tərzi dəyişdirilməlidir. Ağır sahədə çalışan insanlar üçün yaş həddi digərləri ilə eyni tutulmamalıdır. Necə ki hüquq-mühafizə orqanlarında pensiya yaşı 55 yaşdır”.

 

Deputat əlilliyi olan şəxslərin statusunun ləğv edilməsinə də toxunub:

 

“Onlara heç olmasa 2 ay kompensasiya verilməli, iş yeri müəyyən edilməlidir. Bu gün bu insan təqaüd alır, səhər bunu ləğv edirlər. Bu insanın dolanışığı bu təqaüdlədir. Dövlətimiz işləməyənlərə 190 manat verdiyi bir vaxtda biz insanların evinə gələn çörək pulunu kəsməyə başlamışıq. Bu məsələdə ciddi iş aparılmalıdır. Onların böyük hissəsi sosial pensiyaya yönəldilməlidir. İkincisi, əlilliyin dəqiqləşməsində problemlər var, bu proses çox çətin gedir”.

O, Qarabağda döyüşməyən şəxslərin Qarabağ əlillərinin adından istifadə etməsinin cəmiyyətdə çox böyük problemlər yaratdığını da qeyd edib:

“Onlar ola bilər avtomobil qəzasında əlil olublar. Onlar da əlildir. Amma Qarabağ əlillərinin reyestrinin yaradılmaması bu kimi hallara gətirib çıxarır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir