Arxiv
10 İyun 2021, 17:28 | ƏDƏBİYYAT
İlk insan Yerdə yaradılmayıb! - Dinşünas alim

Ənənəvi islami baxışdan fərqli olaraq, ilk insan kimi qəbul edilən Adəm Oxu mətnində, belə görürəm, ümumiləşmiş insan obraz kimi də qələmə verilir.


İnsanın yaradılmasına aid bir ayədə bu, açıq ifadə olunur: “Biz sizi yaratdıq, sonra şəklə saldıq, sonra da mələklərə söylədik: “Adəmə səcdə qılın”... (7:11). Mələklərin Adəmə səcdəyə dəvət edilməsi, göründüyü kimi, insan çoxluğunun ("siz" müraciətinə diqqət yetirin!) yaradılmasından sonrakı hadisə kimi vurğulanır.


İlk insanların harada yaradılması (Yer kürəsində, yoxsa başqa bir məkanda) məsələsinə gəlincə, bu barədə fərqli fikirlər olsa da, aşkardır ki, Oxu mətni onların Yer kürəsində yaradılmadığı fikrini təlqin edir.


Adəmin əhvalatı Yer kürəsinə enişi ilə tamamlanıb bitdikdən sonra (yəni Adəm artıq yer üzündədir, Rəbdən nəsnələrin adlarını öyrənib, Rəbbi tövbəsini qəbul edib – 2:35-37) gələn ayədə isə müraciət çoxluğadır: “Dedik: Düşün hamılıqla ordan aşağı. Məndən bir yönəltmə gələcək sizə. Kimlər Mənim yönəltməmlə yönələcəksə, nə qorxu gözlər, nə qəm üzər onları” (2:38).


“İlk insan” – ilk peyğəmbərdir. Yəni Adəm həm ilk peyğəmbərdir – bunu ənənəvi islami görüşlər də qəbul edir! –, həm də ilk yaradılışda insan çoxluğunun ümumiləşmiş obrazı.


Qeyd etdiyim yanaşma ənənəvi islamın cavab verməkdə aciz qaldığı bir suala rahatlıqla aydınlıq gətirir: əgər müqəddəs Yazı bacı-qardaşın evlənməsini yasaqlayırsa, onda Adəmdən sonra insanların Yer üzündə artımı necə baş vermişdir?


Bu sualı ənənəvi islam, çoxlarının bildiyi kimi, uydurma hədislə cavablandırmağa çalışır. Guya Həvvanın bədənində bir-birindən ayrı iki bətni varmış və ayrı-ayrı bətnlərdən çıxan bacı-qardaşların evlənməsi caiz olubmuş.


İnsanın Yerdə yaradıldığı barədə ənənəvi fikrə Oxudan dəstək almaq üçün torpaqdan yaradıldığı barədə ayələrə istinad edirlər. İstinad “torpaqdan yaradılıb, torpağa qaytarılacaq və torpaqdan da çıxarılacaq” ifadəli müvafiq ayələrədir.


Həmin ayələrdə ilk insanın, yaxud ilk insanların Yer üzündə yaradıldığı vurğulanmır. Qeyd olunan ifadələri insanın Yer kürəsində sadəcə yerləşdirilməsi ilə bağlı ilahi ssenarinin bir hissəsinə işarə kimi qəbul etməkdən başqa çarəmiz qalmır. Çünki insanın yaradılışında iştirak edən torpaq materialını əsas götürüb bildirirlərsə ki, məhz buna görə insan Yer üzündə yaradılmışdır, nəzərə ala bilərlər ki, torpaq materialı başqa planetdə də ola bilər. Söhbət Yer üzündəki torpaq materialının eynisindən gedir.


Əsl həqiqəti isə Yaradan Özü bilir və inanıram ki, zaman gəldikcə bu həqiqəti insanlara açacaq.


Nəriman Qasımoğlu,
Dinşünas

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv