Arxiv
11 İyun 2021, 17:52 | ƏDƏBİYYAT
Kiprdə yaşayan azərbaycanlı alimin kitabı çıxdı

Nəşrdə Azərbaycan və Türkiyə türkcələrinin sintaksisinin müqayisəsi aparılıb

Kiprdə yaşayan azərbaycanlı gənc türkoloq-alim, jurnalist, Girne Amerikan Universitetinin təhsil fakültəsinin Türk dili kafedrasının müdiri Elza Alışova Dəmirdağın “Azerbaycan turkçesi söz dizimi” (Azərbaycan türkcəsinin sintaksisi) kitabı işıq üzü görüb.

Modern.az xəbər verir ki, Girne Amerikan Universitetinin dəstəyi ilə nəşr olunan kitabda Azərbaycan türkcəsi ilə Türkiyə türkcəsinin sintaksisinin müqayisəsi aparılıb.


7 ildir Şimali Kiprin Girne Amerikan Universitetində çalışan Elza Alışova Dəmirdağın sözlərinə görə, indiyədək Türkiyədə Azərbaycan dilinin qrammatikası ilə bağlı müxtəlif araşdırmalar aparılsa da, sintaksis sahəsinə geniş yer verilməyib. Bu kitab sintaksis sahəsinə aid ilk əhatəli nəşrdir:

“Kitabda Azərbaycan dilinin sintaksisini ətraflı araşdırmışam və Türkiyə türkcəsinin sintaksisi ilə müqayisəsini aparmışam. Müqayisə zamanı orijinal əsərlərdən seçdiyim nümunələrdən istifadə etmişəm. Bu üsulu seçməyimin səbəbi iki ləhcənin sintaksisindəki oxşar və fərqli cəhətləri üzə çıxarmaqdır. Həm Azərbaycan, həm də Türkiyə türkcəsinin sintaksisinə aid fərqli fikirləri kitaba daxil etmişəm”.

Müəllifin fikrincə, yeddi əsas fəsildən ibarət olan bu kitab Türkiyədə Azərbaycan türkcəsinin sintaksisi ilə bağlı araşdırma aparacaq tədqiqatçılara yol göstərəcək. Eyni zamanda, kitabdan geniş oxucu kütləsi yararlana biləcək. 

Qeyd edək ki, Elza Alışova Dəmirdağ 1998-2006-cı illərdə Azərbaycanda “Üç nöqtə”, “Mərkəz”, “Vətəndaş Həmrəyliyi”, “Xalq Cəbhəsi”, “Cümhüriyyət”, “Yeni Müsavat” və “Bakı-Xəbər” və digər qəzetlərdə işləyib. “Azərbaycan Naminə” İctimai Forum və “Yeni Siyasət” Secki Blokunun mətbuat xidmətinin rəhbəri, “Seçici Qadınlar Liqasının” sədri vəzifələrində çalışıb. 15 ilə yaxındır Şimali Kiprdə yaşayan filologiya üzrə fəlsəfə doktoru, gənc türkoloq-alim fəaliyyətini Girne Amerikan Universitetində davam etdirir.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv