Modern.az

“Mənim Vətən qarşısında alnım açıq, üzüm ağdır” - II Qarabağ savaşının veteranı                    

“Mənim Vətən qarşısında alnım açıq, üzüm ağdır” - II Qarabağ savaşının veteranı                    

12 İyun 2021, 09:19

Komandir bizi geri qaytarma...


- Nicat, mənə hərbi komissarlıqdan telefon zəngi gəldi, gedirəm...- bu sözləri dostu Nicata  telefonda sevinə-sevinə dedi Vüqar. Cavabında isə, Nicat təəssüf, həsəd və həyəcanla:


-Uy daaaa. Bəs mən?!- deyə bildi.


Vuqar:


-Gözlə də, bəlkə çağıracaqlar...


Həqiqətən də, elə telefonda Vüqarla söhbətini bitirən kimi, hərbi komissarlıqdan Nicata da zəng gəldi. Dedilər ki, sabah hərbi komissarlıqda olsun.


Hər iki dost bir-birinə gözaydınlığı verdilər...


Vuqar Mehdiyevlə  Nicat Şükürlünün  dostluğu məktəb illərindən başlamışdı. Hər ikisi Səbail rayonunun Bayıl qəsəbəsindəki 49 saylı xüsusi istedadlıların internat məktəbində oxumuşdular.


General Polad Haşımovun şəhadətindən sonra xalq içərisində  müharibə çağırışları başlayan gündən, onlar da Vətən torpaqlarını azad etmək üçün hazır olduqlarını demişdilər. Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev nisbi səfərbərlik elan edəndə, hər iki dost gedib adlarını vətənin azadlığı üçün döyüşmək istəyənlərin sırasına yazdırmışdılar.


27 sentyabrda hər ikisi evdə ata-anası, bacı qardaşı ilə görüşüb  hərbi komissarlığa yola düşdülər. Lakin komissarlıqdan hər iki dosta dedilər ki,  hələlik sizə ehtiyac yoxdur. Gedin çağıranda, gələrsiniz.  28 sentyabrda da yenə hərbi hissədən onlara  “yox” dedilər. Yalnız 29-u axşamüstü gələn bu zəng onları sevindirdi.  Vüqar da, Nicat da elə bil ki, səyahətə gedirdilər. Vüqar evdən çıxanda anasının dolmuş gözlərinə baxmağa cəsarət etmədi. Bircə  bunu deyə bildi: “Ana , dalımca ağlama!”.


Axşam saat 10-da onları Bakıdan Sumqayıtdakı hərbi hissəyə apardılar. Nə baş verdisə, hərbi hissədəki zabitlərdən biri onlara yaxınlaşıb dedi ki, sizi apara bilmərik. Biriniz magistraturada oxuyursunuz, Nicata da hələ ehtiyac yoxdur. İki dost şirin dillərini işə salıb, zabitlə də dost oldular. Xahiş, təmməna etdilər ki, komandir bizi geri qaytarma. Birtəhər zabiti yola gətirə bildilər. Bir gün sonra isə çağırışçıları tağımlara böləndə Nicat zabitlərdən yenə xahiş etdi ki, onu  uşaqlıq dostu Vüqarla bir tağıma salsın. Beləcə, səhərisi günü hər iki dost döyüşə gedənlərlə birlikdə  yola düşdülər. Həmin günü ASAN Xidmət Agentliyinin  informasiya texnologiyaları şöbəsinin əməkdaşı Vüqar Mehdiyev belə xatırlayır:


-Nicatla mən, Sumqayıtda  eyni tabora düşdük. Bundan sonra isə birimiz 14, digərimizi isə 15-ci bölükdə irəlilədik. Periküşkül hərbi hissəsində təlim keçdik.   4- ü oktyabrda oradan yola çıxdıq. Yolumuz Füzuliyə idi.  Bizim olduğumuz  maşındakı uşaqların hamısı Səbail rayon çağırışçıları idilər. Təlimlər ağır olsa da, boş vaxtlarımızda deyir, gülür, danışır, zarafatlaşırdıq. Ordumuzun tərkibində Füzulidə yerləşdik.  Oktyabrın 9-da isə artıq  Cəbrayılın Daşkəsən kəndində idik. Daşkəsən kəndi yenicə azad edilmişdi. Lakin qarşı tərəfdən düşmən olduğumuz mövqeləri atəşə tuturdu. Burada itki verməmək üçün gecə ilə yenə də irəlilədik. Bizə  Xüsusi Təyinatlıların nisbətən azad etdiyi Hadruta çatıb, orada  post qurmaq əmri verilmişdi. Hadrutun qədim zamanlardan adı Ağoğlan idi. Oktyabrın 11-də Nicatla məni ayırıb müxtəlif istiqamətlərdəki mövqelərə yerləşdirdilər. Həmin günü bizim olduğumuz KamAZ maşını yolu səhv saldı. Zabitlərimiz  UAZ- markalı avtomobillə gəlib, bizi azdığımız yoldan çıxara bildilər. Biz KamAZ-dan düşəndən sonra düşmənin atdığı top maşınımıza dəymişdi. Hadruta qalxan əsas yolu  ermənilər dayanmadan vurduğundan, XTQ-nin bizim üçün açdığı digər yoldan dağın arxa tərəfində olan hündürlükdən qalxmalı idik. Bizim taborun uşaqları hamısı asta-asta o hündür qayalığın ətəyində toplaşdıq. Əksəriyyətimiz qayalığa qalxa bilək deyə, üstümüzdə olan ərzaqları, su ehtiyatımızı kənara atdıq. Mənim üstümdə 15 kilo silah-sursatım qaldı, hətta 13 kilo ağırlığında olan təhlükəsizlik jiletimi də atandan sonra, yüngülləşdim. İndi irəliləmək asan idi. Ciblərimdə də heç nə yox. 2000 gülləni  köməkçim əsgər Tofiq Hacıyevlə birlikdə daşıyırdıq. Hələ ətrafdan düşmənin atıb getdiyi silah-sursatı da götürürdük. Onu da deyim ki, mənim əsgəri xidmətdə komandirim olan Rəşid Tinayev indiki bölüyümüzün də komandiri idi. Ətrafımız erməni leşi ilə dolu idi. Hadrutun dağ yolunu  XTQ-çilər gedib azad etmişdilər. Biz isə təlimata uyğun olaraq mövqeləri bərkitməyə gedirdik.


Hadruta gedən yolla təhlükəsiz irəliləmək mümkün deyildi. Buna görə də qarşıdakı dağın arxa tərəfinfən piyada qayanın üstünə qalxmalı idik. Biz qayaya yaxlnlaşanda bizdən yuxarıda  əzəmətli, cüssəli bir hərbçinin dayandığını gördük. Dedilər ki, leytenant Teymur Abbaslıdır. O, 90-a yaxın uşağın hamısının əlindən tutataraq qayanı qalxmağa kömək etdi. Biz aşağıda olan əsgərlər bir-birimizin əlindən zəncirvari tutaraq, sonda əlimizi yuxarıda dayanan leytenent Teymur Abbaslıya uzadırdıq, o da bizi  təpənin üstünə qaldırırdı. O qədər əsgər və zabitin hamısına bir-bir qalaxmağa yardım etdi. Elə bil ki, inolarda gördüyümüz Rembo idi. Zabit Teymur Abbaslının sayəsində axşam saat 6 radələrində hamımız artıq Hadruta gedən yolun üstündə idik. Çox güclü və cəsarətli bir döyüşçü zabit idi. Sonradan bildim ki, deyəsən Beynəlxaql Bankda işləyib. Səfərbərlik xidmətindən könüllü gəlmişdi. Cənab Abbaslı  irəlidəkilərə xəbər vermişdi ki, bizi su ilə təmin etsinlər. Qarşıdakı hərbçilər bizi qarşılıyıb, gedəcəyimiz istiqaməti nişan verdilər. Lakin həmin gecə saat 2-3-radələrində eşitdik ki, bizi yola salandan 6 saat sonra Teymur Abbaslı ermənilərlə son anına qədər qəhrəmanlıqla döyüşərək şəhid olub.


Vuqar döyüş xatirələrini danışdıqca, alnının tərini silir, sifətinin gizgiləri dəyişirdi. Nədən danışsa, elə qayıdıb , döyüş dostu Nicat Şükürlünü xatırlayırdı. Uşaqlıq dostu ilə brlikdə cəbhəyə getmək, vətəni qorumaq da bir tale, bir yazıdır. Jaş ki, sonunda ayrılıq olmaya. Vüqarın taleyinə isə bu yazının ayrılıq bəndi düşüb. Danışdıqca  gözlərindəki kədərini gizlədə bilmir. Bu kədərin ağırlığı içərisində söhbətinə davam edir:


- Oktyabrın 11 idi. Bir az irəli gedəndən sonra Nicat Şükürlünü  gördüm. Məndən fərqli olaraq Nicat bütün yükünü qaldıra bilmişdi. Hadruta gedən dağ yolunun yamaçında dayanıb dincini alan əsgərlərlə birgə idi. Bizdən qabaqda, yuxarıda dayanan hərbçilər onalrı səsləyib deyirdilər ki, həmin yerlərdə çox dayanmasınlar. Biz irəlilədikcə arxamızca tabora aid tank irəliləyirdi. Nicat  5-10 nəfərlə tankın qabağında dayanmışdı. Orada görüşdüyümdə Nicat mənə saatını göstərib dedi ki, görürsən, minamyot atıldı, yıxıldım, zərbədən saatımın  bağı qırılıb. İkimiz də gülməyə başladıq. Lakin çox istəyirdim ki, dayanıb Nicatla bir az dincəlim və söhbət edim. Mənim məxsus olduğum bölük keçib getmişdi. Buradakı komandirlərdən biri mənə əmr edib  dedi ki, sizin bölük keçib gedib,  çaparaq get onlara çat. Özlüyümdə incidim ki, mənə aman vermədilər ki, bir az da mən dincimi alım. Burada qayda belə idi. Topa şəklində yığışmaq olmazdı. Çünki  düşmən görən kimi, çoxluq olan yeri minomyot və top atəşinə tuturdu. Bir qayda olaraq,  əsgərlər bir-biri ilə 30 metr ara məsafəsində hərəkət etməli idilər ki, atılan toplardan qoruna bilsinlər. Hətta aldığımız ərazilərdən də səs-küysüz, sakitliyə riayət edib, pıçıltıyla danışaraq keçirdik ki, düşməni ayıq salmayaq. Deyilən nöqtəyə çatanda bizi Yaşmanın əsgərləri qarşıladı, çıxacağımız təpəni göstərdilər. Bizə verilən təlimata görə yalnız gecə qaranlığında istiqaməti verilən təpəyə çıxmalı və orada mövqelənməli idik. Gecəyə tam qaranlıq hakim olandan sonra, 30-35 nəfərdən ibarət olan bizim bölük irəliləməyə başladı. Gecənin zil qaranlığında yolu tanımadığımızdan, taborun digər üzvləri ardımızca gələ bilmədilər, onlar yolu itirmişdilər. Ermənilər isə mövqelənmək istədiyimiz postu yaxşı tanıdıqlarından, həmin nöqtələri dayanmadan qrad və pulemyotlarla atəşə tuturdular. Yaxınlığımızda olanlara köməlk edirdik. Geridə qalan yaralılara təxliyə sanitarları yardım edirdilər. Biz isə dayanmadan gecə gündüz -gediridik.


Yolu azan əsgərləri XTQ xilas etdi...

Vüqar deyir ki, əsgərlər qarşıda qoyulan zirvəyə çatmaq üçün irəli getdikcə yol uzanır, hey uzanırdı. Lakin onların hər birinin içərisində bir inam sanki onlara deyirdi ki, deyilən mövqeyə çatdıqlarında hər şey yaxşı olacaqdı. Əsgərlərimizin bu tanımadığı vətən torpağının yollarında gecənin qaranlığında ən çox ehtiyacları olan bir şey var idisə, o da su idi. Susuzluqdan dodaqları cadar-cadar olsa da, bir-birilərinə dayaq olub, əl tutub, addım-addım irəliləyirdilər. Hər dəfə yeni bir təpəyə və ya zirvəyə qalxdıqca, dərəyə endikcə fikirləşirdilər ki, bu sondur. Əslində özləri də artıq enib-qalxdıqları təpə və yüksəkliklərin sayını bilmirdilər. Getdikləri yollar kəşfiyyat bölüyünün onlara verdikləri istiqamət idi. Səhər açılar-açılmaz məlum oldu ki, Hadruta yol alan  bölük erməni pusqusuna düşüb.


-Vüqar, sən döyüşdə olanda həm də  mühasirəyə düşdüyünüz barədə xəbər yayılmışdı. O  mühasirədən necə qurtuldunuz?


- Hadrutda bir neçə dəfə mühasirəyə düşdük. İrərlilədikcə eyni çətinliklərlə rastlaşırdıq. Erməni buraları yaxşı tanıyır, biz isə nabələdik. Mövqenin ətrafı erməni idi.  Bizimkilər, yəni Yaşma -052-nin XTQ-çiləri  dağın o biri başından bizi paralel yolla qoruyurdular. Biz isə bir dağın başından o birinə gedib çatmalıydıq ki, geri alınmış ərazilərdə mövqelənək. 12 saata bir dağın başından  o biri dağın başına keçmişik. Səhər 6-da Cəbrayıldan çıxımışıq, irəlilədikcə azad oluunmuş nöqtələrdə sağımız və solumuz ermənilərlə dolu olduğu halda, o biri dağın başına  gecə ilə çatmışıq. 


Hadrutda  ermənilərlə 200 metr məsafədən üz-üzə gəldik. Mən olduğumuz yerlərin adlarını unutmuşam. Bəlkə indi bir də oralardan keçsəm yadıma düşər. Bizə dedilər ki, o  daş bayrağın yanında mövqelənməliyik. Tər- suyun içərisində idik. İstədik ki, bir az dincələk, bir də gördük ki, iki tərəfdən də atırlar. Sonra komandirimiz koordinatları  sol tərəfimizdə uzaqdan irəliləyən Yaşmanın xüsusi təyinatlılarına ötürə bildi. Yaşmanın əsgərləri dərhal düşmənin  yerini təyin etdi, düşmən  zərəsizləşdirildi. Qaçan qaçdı, ölənlər də çaqqal kimi gəbərdilər. Bu atışmada  güllənin biri  komandirim Rəşid Tinayevin qarnından dəydi, biri isə əsgəri qolundan yaraladı. Üç ermənini üzbəüz döyüşdə özümüz öldürdük. Mən pulemyot ilə atırdım. Yaşma bizə kömək etdiyindən üstünlük bizim tərəfimizdə idi. Əslində düşmənlə 5 dəqiqədən artıq atışma olmurdu. Yaşma əsgərinin gəldiyini biləndə, yerini tez-tez dəyişirdi.  Bizim təqibimizdən qurtara bilməyəndə  ermənilərin arasına səs-küy düşür, dovşan kimi qaçmağa başlayırdılar. Ölənləri də ətrafımıza leş kimi səpələnmişdilər. Həmin anda mənim  köməkçim  Tofiqə dedim ki, gəl gedək qabağa, biz orada dincələrik. Bir az dincimizi alandan sonra, elə bil ki, ilahi bir qüvvə əmr etdi ki, durun buradan, Tofiq Hacıyevi  də götürüb irəli getdik. Düz yarım saatdan sonra həmin ərazi düşmən tərəfindən ardıcıl top atəşlərinə tutuldu. Biz artıq irəlidə olduğumuzdan, bu dəfə də ölümdən qurtulduq.


Beləcə bizim bölüyümüz  dəfələrlə  mühasirədən çıxdı. Bizi mühasirədən çıxaran isə Yaşmanın əsgərləri idi. Yaxınlığımızda olmasalar da, uzaq məsafədən belə düşməni məhv edə bilirdilər. Bu istiqamətdə şəhidimiz və yaralımız çox oldu. Yaralıları KamAZ maşınına yükləyib, yola saldırdıq. Həmin gecəni döyüşdən sonra geri qayıdıb təzədən başqa istiqamətə getdik. Həmin yerdə artıq erməni qalmamışdı.


Taborumuzda Aqil  adlı bir oğlan var idi. Bakıda 29 saylı avtobus marşrutunun sürücüsü idi. Döyüş və yük maşınlarını da idarə edə bilirdi. İçərisində 6 yaralı, 6 sağlam əsgər  olan  URAL  avtomobilini  səhv yolla sürüb. Onu da bu yolla sürməyinə səbəb erməni kəşfiyyatçısının azərbaycanca “gəlin dalımca” deməsi olub. Yaralıları daşımağa kömək edən Aqil birdən qarşısındakının erməni kəşfiyyatçısı olduğunu  başa düşərək, çevik tərpənib, maşından düşüb, erməni kəşfiyyatçısını tərksilah edib, öldürmüşdü. Biz də yuxarıdan baxırıq ki, erməni bizim URAL-ı vurmaq istəyir. Maşın da ki, dağ yolunda göz qabağında görünür. Hamımız yenə təlaşlanmışıq. Ermənilərin atdıqları top bizim uşaqların olduğu URAL-a dəymədi. Elə sevinirdik ki. Həmin istiqamətdə də yenə  pusqudan çıxmağa Yaşmanın əsgərləri bizə kömək etdi.Yaralıları Yaşmanın əsgərləri öz KamAZlarına yükləyib, aradan çıxartdılar.  


Vüqar Mehdiyev deyir ki, onlar bir neçə gündən sonra  Hadrutdakı yeni ərazini ələ keçirdiklərində, televiziya ekranlarımızda gördüyümüz  daş bayraq hələ erməni bayrağı rəngində idi. Yəni buraya ilk gələn, bu yerləri ilk fəth edən Yaşmanın Xüsusi Təyinatlılarından sonra, həm də Vüqarın olduğu taborun  əsgərləri idi. Vüqar Mehdiyev deyir ki, əsas görüş məntəqəmiz daş bayrağın yanı idi. Biz yaralıları, şəhidləri həmin nöqtəyə gətirib, təxliyə qruplarına verirdik:


- Artıq bilirdik ki, Hadrut istiqamətindəki yüksəklik bizdədir. Hadruta çatıdğımda, şəhərin girəcəyində telefon şəbəkəsi yarandı. İki gün idi ki, Nicatdan xəbərim yox idi. Gəlib gedənlərdən Nicatı soruşdum, hərə bir bəhanə ilə dedi ki, ya yoldadır, ya da ki, ayrılıb başqa istiqamətə göndəriliblər. Qardaşıma zəng vurdum. Yamanca sevindi. Çünki ötən neçə gün ərzində, onlar məndən xəbər bilməmişdilər. Ondan Nicatı soruşdum. Dedim ki, tapammıram Nicatı. Qardaşım dedi ki, Füzuli istiqamətində döyüşürlər. Lakin Nicat yaralanıb. İnandırdı məni.


 İrəliyə doğru addımlamalı!..



Ermənilər Hadrutu boşaltsalar da, Azərbaycan əsgərləri üçün tələlər qurub, “sürprizlər” hazırlayıb getmişdilər. Onlar bizim döyüşçülərlə üz-üzə gələ bilmirdilər. Təkcə tanıdığım bir bölükdən 12 nəfər döyüşçümüz su içmək istəyərkən şəhid oldular. Ermənilər həmin ərazilərdən çıxanda dolu su çəlləklərini müxtəlif yerlərdə yerləşdirmişdilər. Bizim əsgərlər də uzun yolu susuz qət etdiklərindən, suyu gördükdə ağıllarına ilk gələn onu içmək olurdu. Və beləcə su çəlləyinə yaxınlaşanda, ya mina partlayırdı, ya da uzaqdan həmin istiqamətə minomyotla atəş açırdılar. 30 ilin ayrılığından sonra biz bu yerlərdə təzə idik. Lakin  düşmən bu yerləri bizdən yaxşı bilirdi. İlk dəfə döyüş meydanına atılanda  döyüş görməyən bizim hər birimiz üçün şok yaşandı. Bir neçə dəqiqə sonra öyrəşdik. Artıq gözlərimiz qana, bir an əvvəl yanımızda olan döyüş yoldaşımızın şəhid olmasına öyrəşmişdi. Lakin kimsə ruhdan düşmürdü, kimsə qorxub geri çəkilmək istəmirdi. Hər kəsin bildiyi bir həqiqət var idi: İrəliyə doğru addımlamalı! İrəlidə Vətənin azadlığı gözləyirdi bizi. Hamımız buna inanırdıq!


Deyilən əraziyə çatan əsgərlərimiz dərənin başında bir məktəb binasının da olduğunu görərəkən, 1 saat istirahət etmək üçün  oraya keçdilər. Əsgərlər elə məktəbin içərisinə girər-girməz, yenə düşmən tərəfi atəş açmağa başladı. Bu atılan minomyot atəşləri nəticəsində bir neçə nəfər yenə də şəhid oldu. Arxadan gələn təxliyə qrupu , şəhidləri  ərazidən çəldliklə çıxarıb, yaralıların yarasını sarıyırdı. Özü gedə bilən yaralılar irəliləyən əsgərlərlə birlikdə yola davam edirdilər. Yollar dağ-dərə olsa da biz heç bir yaralımızı arxada qoymurduq. Bəzən iki nəfərə, bəzən də dörd nəfərə bir yarlını daşıyırdıq. Dayanmadan yağan atəşlərdən yayınmağın bircə yolu var idi: qaçıb meşədə gizlənmək. Artıq bu taktikanı hamımız əzbər bilirdik. Tandığım və  döyüşdə dost olduğum uşaqların şəhid olduğunu gördüyümüz anların ağrısını təsvir edə bilməyəcəm. O ağrını mən çəkmişəm, mən bilirəm. Tanıdıqlarımdan ilk şəhid Ramil Ağayev oldu. Biz Hadrutda döyüşə başlayanda KamAZ-ımızı vurub partlatdılar. Atılan top mərmisi Natiq Əhmədovun  ayaq nahiyəsini parçaladı. Şah damarı yaralandığından, qanını saxlaya bilmədik,  şəhid oldu. İbrahim  Mahmudov var idi bizim tağımda, eyni manqada idik. Mərmi onun kürək hissəsindən girmişdi, neylədiksə, onun da qanaxmasını saxlaya bilmədik, o da  şəhid oldu.


Günün-ayın tarixini deyə bilməyəcəyəm. Bizə verilən istiqamətə yolumuz davam edirdi. Arada dincəlmək istədik. Bu zaman bizim yerləşdiyimiz ərazidə sol tərəfimizdən atəş səsləri gəldi. Əslində gözləmirdik. Bizim əsgər Rəşad İbadullayev dərhal hərəkətə keçdi.O öz qardaşı ilə birlikdə döyüşürdü. Biz dincəlirdik deyə, silahlarımızı bir kənara qoymuşduq. İçərimizdə çaşqınlıq yaranmışdı. İbadullayevin açdığı atəşlə Yaşma komandası yeri təyin etdi və uzaqdan yenə  həmin istiqamətdə atışlara başlayaraq, düşməni susdurdu. Rəşad İbadullayev dedi ki, sağ tərəfdən də təhlükə var. Mən tez aşağı enib silahımı götürdüm, pulemyotumu hazır vəziyyətdə tutmuşdum. Başladıq hamımız atəş açmağa. Minamyot atdılar. Artıq yerlərini təyin etmişdik deyə, yenə düşmən tərəfi susdura bildik.


-Nə yeyib, nə içdiniz Ağoğlanda?


- Ağoğlanda (Hadrutda) ilk günlər yemək tapmaq çətinliyimiz oldu. 5 gün ermənilər bizim olduğumuz istiqamətlərdə atəş açırdılar. Ətrafda boş və işıqsız, istiliksiz evlər idi.  Hər hansı birimizin  bu evlərə  ərzaq üçün girməyi təhlükə ilə nəticələnə bilərdi.  Evlərə də girsək yerimizi təyin edirdilər. Təminat yolumuz bağlanmışdı.Təminat da gələ bilmirdi. Bir neçə təminat maşınızımızı vurub, əlaqəmizi kəsmişdilər.Lakin biz kənd içərisi ilə ev-ev, məhəllə-məhəllə irəliləyirdik. Təhlükəsiz yer tapıb, düşməni susdurmaq üçün məqam gözləyirdik. Komandirin təlimatı ilə bir-bir, növbəli şəkildə evlərə gedib, oradan ərzaq götürüb gəlirdik. 5 gündən sonra hər şey düzəldi. Biz bu istiqamətdə də yolu öz nəzarətimizə götürə bildik. Verilən tapşırığı yenə uğurla yerinə yetirə bilmişdik. Artıq bizə təminat da gələ bildi. Çünki Hadrut tam Azərbaycan Ordusunun nəzarətinə keçmişdi. Təminat gələndən sonra isə, daha evlərə də girə bilirdik. Bir od-ocaq istisinə darıxmışıdq. Ocaq qalamaq mümkün deyildi. Çünki hətta siqaret işartısına belə, ermənilər atəş açırdılar. Qarşımızda duran əsas məqsəd verilən tapşırığı yerinə yetirib, dağa qalxmaq idi. Belə fikirləşirdik ki, dağa çıxsaq müharibə də qurtaracaq.  Hadrutun üstündəki təpəyə ermənilər dayanmadan zərbələr endirirdilər. Bütün bunlara baxmayaraq, verilən tapşırığı yerinə yetirərək, Hadrutda mövqeləndik və ermənilərin qabağını aldıq.


Bu ərazini də arxadan gələn əsgərlərimizə verib, Tuğ kəndinə yola düşdük. Tuğ kəndinə gəlib çatanda “Yaşma ” Xsusi Təyinatlılar qrupunun zabiti bizə dedi ki, əgər buraya qədər gəlib çıxa bildinizsə, əsil qəhrəmansınız. Bura dünyanın axırıdır ey, uşaqlar! Zabit də sevindi, biz də sevindik. Bu sözlər bizim üçün böyük motivasiya oldu. Heç dərsdən 5 alanda belə sevinməmişdim. Özüm də ki, məktəbdə əlaçı oxumuşam. Bizi  ərzaq və su ilə təmin etdilər. Biz Cəbrayıldan bu yola çıxanda 350 nəfər idik. İndi yaralılarla bərabər  230 nəfər qalmışdıq. 2 gün Tuğda gecələdik. Evimizlə də ilk dəfə burada olanda danışdım. Evə nə qədər zəng vurdumsa, qardaşım götürmədi. Nəhayət telefonu açanda dedi ki, nömrə tanımadığım nömrə olduğundan, qorxurdum telefonu açmağa ki, birdən sənin haqqında qara xəbər deyərlər. Mən  oktyabrın 26-sında Tuğda  olanda Nicatın iş nömrəsinə zəng vurdum. Başqası cavab verdi.  Bildim ki, şəhid olub. Dedim ki üzr istəyirəm səhv düşmüşəm. Başqa bir nəfərdən soruşdum.  Bilirdim ki, evdən deməyəcəkdilər. Həmin günü  Murad Qurbanovun da  şəhid olduğunu eşitdim. Sən demə 11 oktyabrda Murad Nicatdan iki saat sonra eyni istiqamətdə , mən onu istirahətə qoyub gəldiyim yerdə şəhid olub. Nicat Şükürlü yaralıya kömək edəndə, minamyotun qəlpəsi gəlib boyun nahiyəsindən dəyib. Murad Qurbanovla eyni rayonda yaşasaq da, Sumqayıtda hərbi hissədə daha yaxından tanış olduq. O da mənim kimi pulemyotçu idi. Anası hərbi komissarlıqda işləyirdi. Evin tək oğlu olduğundan, onu döyüşə göndərmək istəmirdilər. Özü 102 xidmətinə zəng edib şikayətlənib ki, mənə yardım edin, əsgər aparsınlar məni. Onunla yeməyə də bir gedirdik. Bölünəndə də bizim bölüyə düşdü. Düşmən öz taktikasına uyğun olaraq, bizim keçdiyimiz yerləri yarım saat sonra vururdu. Murad da dostu ilə birlikdə düşmənin atdığı minamyotun zərbəsindən şəhid olmuşdu.


İkinci döyüş tapşırığı...


İki gecə Tuğ kəndində qaldıqdan sonra, əmr gəldi ki, yenidən Hadrutun aşağısına qayıtmalıyıq. 13 günə gəldiyimiz yolu indi URAL maşınları ilə düşürdük. Azad edə-edə gəldiyimiz yerlərdə dayanıb, rahatca istirahət də edirdik. 3 saata Tuğa çatdıq. Artıq  Tuğda, Hadrutda Azərbaycan dövlət marka nişanlı avtobusları şütüyürdü. Bunu görədnə çox yüksək əhval-ruhiyyəmiz var idi. Buradan isə bizi yenidən Cəbrayılın  Daşkəsən kəndinə  qaytardılar. Bir gecə orada qaldıq. Burada səyyar hamam təşkil olundu. İstirahət etdik, şəkil çəkdirdik. Sonra yenə sıra düzülüşü oldu.  Bizə dedilər ki, siz artıq təcrübəlisiniz, bizə yeni döyüş tapşırığı verildi. Gecə ilə 27 oktyabr 2020-ci ildə  Şuşa qalasına tərəf istiqamət götürdük. Biz gəlib yenidən Hadrutdakı  Bayraq daşının yanından keçəndə, artıq o daş Azərbaycan bayrağının üç rənginə boyanmışdı. Gecənin bir yarısı avtobusla bizi bir kəndə gətirdilər. Ordan dağ yolu ilə, Yaşmanın URAl- ları ilə başqa kəndlərə getməli idik. Sonra bizi  Meştaqlar kəndinə  apardılar. Uşaqlar zarafatından da qalmırdılar. Bizim taborun uşaqlarının hamısı Bakıdan olduğumuza görə,  bu kəndə “Məştağa” deyirdik. Biz Şuşa tərəfdə Radiostansiya deyilən yerdə mövqeləndik. Bütün gecə boyu burada təpənin uğrunda döyüş getdi. Minamyotla atırdılar. Şuşanın ətəyindəki  yerləşdiyimiz kəndlə üzbəüz istiqamətdə yenə dayanmadan döyüş gedirdi. Ermənilər yerləşdikləri təpədən çəkilmək fikrində deyildilər. Lakin bizim Ordunun qarşısında əlacsız qaldıqlarını görüb, özlərinin həbri bazası olan  ərazini vurub partlatdılar ki, bizə qalmasın. Sonra geri çəkildilər.


-Bu günlər-gecələr ərzində nə qədər yatdınız?


-İnanın ki, o 66 gün ərizndə bəlkə hər bir əsgər heç bütövlükdə 5 gün yuxu yatmayıb. Adamın orada yuxusu gəlmir. Ölüm olan yerdə yuxu yada düşmürdü. Bizi ölümdən və güllədən qorunmaq isntikti ayıq saxlayırdı. Daha sonra 052-nin  Daş karxanası olan yerə gəlib, mövqeni  heç kimə verməyəcəyik deyə, sənədə qol çəkdik. Ernmənilərlə üzbəüz Qırmızı Bazara gələn yolda digər 2 tağımımız döyüşürdü. Həmin yolu tutmuşduq ki, düşmən tərəfə təminat getməsin. Qırmızı bazarda döyüşən iki tağımımız da bu işin öhdəsindən qəhrəmanlıqla gəldilər. Nəzarətə götürdüyümüz əraziyə heç bir düşmən maşını buraxmırdıq. Keçmək istəyəni pulemyotla vururduq. Əvvəlcədən də qeyd edtiyim kimi, biz döyüşə ilk başlayanda ilk top, mərmi səsindən şoka düşmüşdük. Lakin Şuşa ətrafındakı döyüş tapşırığını alanda, buraya gəlib çatdığımız günlər ərzində həm təcrübə baxımından, həm də psixoloji cəhətdən  püxtələşmişdik. Əvvəllər itkilərimiz, yaralılarımız çox oldu. İndi isə demək olar ki, döyüşü itkisiz aparır və düşməni susdururduq. Döyüş səngimək bilmirdi. Başımızın üstündən onalrın atdıları toplar keçirdi, digər mövqelərə düşürdü. Atəş səsinə o qədər öyrəşmişdik ki, atəş səsi gəlməyəndə təəccüblənirdik. Baxdım ki, daha atəş, top səsləri eşidilmir. Noyabrın ayının 8-idir. Biz Qırmızı Bazara gedən yolu qoruyurduq ki, buradan erməni təminat aparmasın. Nə baş verdiyindən xəbərim yoxdur. Günorta saat 3-də , gördüm ki, top səsləri kəsdi. Yamanca narahat oldum. Adətən səs kəsiləndə bilirdik ki, kəşfiyyat gəlir. İstədim ki, manqanı hazırlıq vəziyyətinə gətirim. Bir də baxdım ki, ancaq PK silahımdan göyə atəş açırlar. Məəttəl qaldım. Fikirləşdim ki, görəsən yenə nə baş verir, bəlkə erməni kəşfiyyatı gəlib içərimizə sızıb. Müşahidə aparmağa davam etdim.  Səhər açıldı, saat 6 idi, keçdim səngərimə ki, yatım. Bir az keçdi, komandirim Cahid Fərzəliyev gəldi ki, Vüqar dur, müharibə qurtarıb, biz qaib gəldik. Durub ona baxdım-baxdım, əlimi yelləyib yatağıma  uzandım. Və birdən beynim ayazıdı. Eşitdiyim sözə inana buimirdim. BU xəbərdən sonra yuxum qaçdı, yata bilmədim. Getdim onların yanına, baxıram ki, radionu açıb dinləyirlər, sevinən kim, ağlayan kim,  gülən kim... Cənab prezidentin çıxışı... “Noooldu Paşinyan...”, gülüşmə, zarafatlar... Sonra analdım ki, artıq Şuşanı azad etmişik.


Bizdən aşağıda dağın ətəyində olan  uşaqların səsini eşitdim, qışqıra-qışqıra deyirdilər ki, artıq dağın ətəyinə  telefon şəbəkəsi də gəlib. Öz telefonumu verdim Tofiqə dedim ki, düş aşağı, orada telefon şəbəkəsi var. Dostuma zəng et, de ki, salamatam. Əsgər Tofiq Hacıyev dostum Vüsalla danışanda, o elə bilib ki, mən şəhid olmuşam. İnanmayıb. Sonra özüm dağdan aşağı enib, onunla danışdım. Vüsal da getdi anamgilə. Telefonun bu başında  çal-çağır, toy-büsat səsi eşidirdim.  Bu səs Bayıldakı məhəlləmizdən gəlirdi. Sən demə bu səs-küyə qardaşımın balaları çıxmayıb ki, bizim əmimiz gəlməyibsə, biz şənlənməyəcəyik. Onlar telefonda mənim səsimi eşidəndən sonra, gedib şənliyə qoşuldular.


Qələbə xəbərini eşidəndən sonra Xüsusi Təyinatlılarından komanda gəldi ki, bu təpəni də tərk edib, Sarkısaşen kəndində mövqelənməliyik. Sarkısaşen kəndinin əsil adı Çağadüzdür. Bu tapşırığı alanda tağım komandirimiz baş leytenant Cahid Fərzəliyevlə birlikdə 20 əsgər idik. Qeyri-rəsmi manqa komandiri məni təyin etmişdi. Uşaqların gözətçilik, yatıb-durma qrafikini özüm təyin edirdim. Getdik Çağadüz kəndinə.  bizi  Hadrutla Şuşanın arasındakı Xocavəndin Sarkısaşen - Çağadüz kəndində qaytardılar. Buraları qorumalı idik. Çağadüz kəndində girdiyimiz evlərdən birində üzərində Bakının şəkli olan nərd taxtası  gördük. Uşaqlar  Nazpəri Dostəliyevanın mahnıları olan kasseta  tapmışdılar. Artıq atəş səsləri gəlmirdi. Ali Baş Komandan İlham Əliyev qələbə çaldığımızı da elan etmişdi. Çağadüz kəndində həyətlər dolu idi təzə, köhnə avtomobillərlə. Elə bil ki, o qədər həyəcan, o qədər itki və ağrıdan,yol yorğunluğundan sonra, sevincimizdən könlümüzə uşaqlığımız qayıtmışdı. Ən maraqlı günlərimizdən biri də uşaqlığımıza qayıdıb, həyətlərdə qalan yiyəsiz avtomobillərdə əyləndiyimiz vaxtlar oldu. Əsgərlər erməni maşınlarını minib, “GTA game” oynayırdılar. Maşını sürüb işlək vəziyyətdə buraxırdıq, o da gedib dərəyə düşürdü. Fərhad Əliyev adlı bir əsgərimiz var idi, deyirdi ki, güllələr məndən yan keçdi, sağ qaldım, özüm də heç vaxt avtoqəzaya düşməmişəm, görüm bir avtoqəzaya düşmək necə olur...  İki dənə ZİL maşını, iki dənə  06 Jiqulini sürüb sonra dərə aşağı aşırdı. Həmin avtomobillərlə avtoqəza yaradıb, özünü burada da sınadı. Döyşdə olduğu kimi, qəzadan da sağ çıxdı. Fikirləşə bilərsiniz ki, boş evlərə girib, orada şellənirik, sahibsiz, açarsız avtomobilləri aşırdırıq. Mənimlə elə uşaqlar var idi ki, onların ata-baba ocaqlarını bu ermənilər yerlə yeksan etmişdilər. Axı, ermənilər bizim dinc insanlarla dolu evlərimizə girib, vətəndaşlarımıza əzabvə işgəncə verib, doğrayıb, atəşlərdə yandırıb, diri-diri basdırıb öldürürdülər. Hətta gözümüzün qabağında Kəlbəcərdən, Laçından çıxanda evlərimizə, meşələtimizə od vurub yandırdılar. Muzey sərvətlərimizi oğurlayıb apardılar. Biz isə, dinc insanlara bir güllə belə atmadıq. Girdiyimiz evlər bom-boş idi. İns-cins yox idi. Qorxub qaçmışdılar. Etdikləri, törətdikləri cinayətlərin fərqində idilər. Bilirdilər ki, bu evlərə məcburi köçürülüblər.


Biz şərəflə döyüşdük, şərəflə xidmət etdik. Döyüş itkisiz, qələbə şəhidsiz olmur. Neyləmək olar ki, Tanrı öz sevdiklərinin qismətinə Vətən uğrunda şəhidlik yazır. Hər itirdiyimiz dost ürəyimizin bir parçası idi. Özü də ki, döyüş gedən yerlərdə olum və ölüm arasında insanlar bir-birinin dəyərini daha çox bilirlər. Əlimzə nə düşsə yarı böldük. Paltarlarımızı da, yeməyimizi də, suyumuzu da. Hamı bir nəfər, bir nəfər hamı oldu. Bir də bilirsiniz maraqlı nə idi?! Noyabrın 10-na kimi biz olan istiqamətlərdə yağış yağmadı. Uşaqlar hətta yarıciddi-yarızarafat deyirdilər ki, Ali Baş Komandan deyəsən göydəki müqəddəslərlə də danışıb, ki, mənim əsgərlərim olan yerlərdə havanı pozma. Biz həmin günlər elə bilirdik ki, bütün hamı, bütün təbiət də Ali Baş Komandanın əmrinə tabedir. Kəskin hava olmadı. Qələbəmiz, Zəfərimiz elan olunandan sonra bir yağış yağdı ki, ucundan tut, çıx göyə... Daha bilmədim ki, Göy Səma şəhidlərimiz üçün ağlayır, yoxsa ki, axır ki, Tanrının bizə Zəfər bəxş etdiyi xoşbəxtliyinin göz yaşlarıdır. Bu döyüşlərdə həm də analarımızın, doğmalarımızın duaları, alqışları, göz yaşları köməyimiz oldu.


-Dekabrın 7-si isə təxris olundun...


-Bəli evə gəldiyimi əvvəlcə ailəmizə xəbər vermədim. Təkcə qardaşımın və dostlarımın xəbəri var idi.  Nicatla cüt gedib, tək qayıtmağıma utanırdım. Uşaqlar məni qarşılayandan sonra, birinci Nicatgilə getdim. Biz Hadruta –Ağoğlana çıxdığımız yolla noyabrın axırlarında geri qayıdanda, orada 11 oktyabrda Nicatı sonuncu dəfə qoyduğum yerdə düşüb axtardım. Elə bilirdim ki, bəlkə taparam. Lakin həmin ağacın altında Nicatın yol çantasını tapdım. İçərisində bir kepkası var idi, bir dənə də nəm salfet və güllələr. Güllələri aparıb təhvil verdim. Nicatgilə gələndə üzərində “Ş.N” yazılmış çantanı özümdə saxladım. Kepkanı verdim atasına. Mənim üçün ən ağır görüş həmin görüş oldu...


Evimizdə heç kim şadyanalıq məclisi qurmadı. Mənim itkilərim var idi... Onların heç biri məndən əskik deyildi. Bir də ki, atam özü də müharibə görüb, I Qarabağ döyüşünün veteranıdır. O döyüşün, şəhidin nə olduğunu yaxşı bilir. Sonra işlədiyim ASAN Xidmət Agentliynə getdim. Hamının bir gözü gülür, bir gözü ağlayırdı. Yaxşı ki, müharibə etdik, yaxşı ki, bu müharibədə sözümüzü dedik, izimizi qoyduq ki, gələcək nəsillərə danışacaq söhbətimiz,  üzlərinə baxacaq gözümüz olsun.


28 yaşlı döyüşçü Vüqar Mehdiyevdən , döyüşdən sonra hansı medallarla təltif olunduğunu soruşdum. Cavabı belə oldu:


-Mən döyüşə medal almaq üçün deyil, Vətəni qorumaq üçün getmişdim. Keçdiyimiz döyüş yolu haqqında hərbi biletimizə yazılıb. Medal olmasa da bilirik ki, döyüşmüşük. Vətən qarşısında, dostlarımız, anamız qarşısında alnımız açıq, üzümüz ağdır!


Mən isə təəccübümü gizlədə bilmədim. İstər-istəməz fikirləşdim ki, görəsən nə üçün eyni istiqamətdə döyüşüb şəhid olan əsgər, zabit, bəzi qazi olan döyüşçülərə medal verilir, veteranlara isə verilmir. Axı onlar da nə vaxtsa övladlarına, nəvələrinə döyüş xatirələrini danışanda Ali Baş Komandanın imzası ilə aldıqları medalları göstərib, öyünə bilmək haqqını qazanıblar!



Aida Eyvazlı GÖYTÜRK                                           
10.06.2021.Bakı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir