Arxiv
13 İyun 2021, 09:56 | PARLAMENT
Unudulan deputatlar - Erməni dilini bilən iqtisadçı...

Müstəqil Azərbaycan Respublikasının Milli Məclisinə indiyə kimi 6 dəfə seçki keçirilib. Hər dəfə 125 deputatdan formalaşmış parlament üzvlərinin hamısı təbii ki, yadda qala bilməz… Çünki onların hamısı aktiv fəaliyyət göstərməyib. Hətta elə deputat olub ki, mandat daşıdığı 5 il boyunca plenar iclaslarda nə bircə dəfə çıxış edib, nə hansısa təklif irəli sürüb, nə müzakirələrə qatılıb, nə də seçicilərini yada salıb. Sadəcə,  səsvermə zamanı düyməni basmaqla işini bitmiş hesab edib.

Bu səbəbədən də sabiq deputatların arasında cəmiyyədə tanınanlar da olub, tanınmayanlar da…

Modern.az saytı yaddan çıxan, unudulan keçmiş deputatları bir daha sizə xatırladır.

Bu məqsədlə də “Unudulan deputatlar” adlı rubrikamızda vaxtilə Milli Məclisin üzvü olmuş şəxslərdən bəhs edəcəyik.

Müstəqil Azərbaycan Respublikasının ilk parlamenti 1995-ci ildə formalaşmışdı. Həmin deputatlar proporsional və majoritar seçki sistemləri üzrə seçilmişdilər.

Yaşlı və orta nəsil jurnalistlər yəqin ki, xatırlayırlar - I çağırış Milli Məclisdə proporsional sistem üzrə 3 partiya təmsil olunmuşdu: Yeni Azərbaycan Partiyası (YAP - sədr Heydər Əliyev), Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP - sədr Əbülfəz Elçibəy) və Azərbaycan Milli İstiqlal Partiyası (AMİP - sədr Etibar Məmmədov).

I çağırışda majoritar seçki sistemi üzrə seçilənlər isə daha çox partiyanı təmsil edirdilər: YAP, AXCP, AMİP-lə yanaşı parlamentdə Ana Vətən Partiyası (AVP), Sosial Rifah Partiyası (SRP), Azərbaycan Demokratik İstiqlal Partiyası (ADİP), Vətəndaş Həmrəyliyi Partiyası (VHP), Sosial Ədalət Partiyası (SƏP), Namus Partiyası, Müsavat Partiyası və təbii ki bitərəflər vardı…

Rubrikamızda ilk bəhs edəcəyimiz sabiq deputat Milli Məclisə bitərəf kimi seçilmiş Səttar Səfərovdur.

O, I və II çağırış Milli Məclisin fəal deputatlarından biri olub. Həmin dövrü xatırlayanlar yəqin ki, Milli Məclisin AzTV-də yayımlanan iclaslarından Səttar Səfərovun çıxışlarını tez-tez görüblər.

Səttar İsmayıl oğlu Səfərov 1937-ci il iyulun 18-də Ermənistan Respublikası Vedi rayonunun Şirazlı kəndində anadan olub. Orta təhsilini başa vurandan sonra, 1955-ci ildə Ağdaş və Bərdə rayonlarında fəhlə işləyib. 1959-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsində təhsil alıb. O, pedaqoji sahədə fəaliyyətə başlamasına baxmayaraq, gələcək elmi fəaliyyətini iqtisadiyyat sahəsində qurub. 1964-cü ildə Yevlax və Bakı şəhərlərində müəllim işləyib. 1966-cı ildən isə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) siyasi-iqtisad kafedrasında muəllim işləyən S.Səfərov bir ildən sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki İqtisad Universiteti) aspiranturasına qəbul olunub. 
Səttar Səfərov 1971-ci ildən etibarən Moskva Kooperativ İnstitutunun Bakı filialında baş müəllim, dosent və kafedra müdiri, 1989-cu ildən direktor müavini, direktor işləyib. 1985-ci ildə doktorluq dissertasiyası müdafiə edib. 1990-cı ildə Azərbaycan Kooperasiya İnstitutunun rektoru vəzifəsinə irəli çəkilib.

Sonralar o, iqtisadiyyat sahəsində çoxşaxəli fəaliyyəti ilə diqqəti cəlb edib.

Səttar Səfərov 1997-ci ildə Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki seçilib.

1995-ci ildə müstəqil Azərbaycan dövlətinin birinci çağırış Milli Məclisinə keçirilən seçkilərdə bitərəf namizəd kimi Səttar Səfərov 89 saylı Ucar-Göyçay seçki dairəsindən deputat seçilib. İqtisadçı alim kimi bilik və bacarıqları nəzərə alınan Səttar Səfərov parlamentin Büdcə məsələləri daimi komissiyasının sədri seçilib.

Onun rəhbərlik etdiyi Büdcə məsələləri daimi komissiyası Azərbaycanın iqtisadi qanunvericiliyinin hazırlanması və iqtisadi-sosial islahatların həyata keçirilməsi istiqamətində xeyli iş görüb.

2000-ci il noyabr ayının 5-də Səttar Səfərov ikinci dəfə Milli Məclisin üzvü seçilib: bu dəfə bitərəf kimi deyil, hakim Yeni Azərbaycan Partiyasının üzvü olaraq 49 saylı Ağdaş seçki dairəsindən. 

II çağırış Milli Məclisdə Səttarov Milli Məclisin İqtisadi siyasət məsələləri daimi komissiyasına rəhbərlik edib. Səttar Səfərovun Milli Məclisdə 10 illik fəaliyyəti dövründə parlamentdə büdcə-vergi, pul-kredit siyasəti və iqtisadiyyatın digər sahələrinə dair 300-dən çox qanun layihəsi və ya qanunlarda dəyişikliklər və əlavələr müzakirə olunaraq qəbul edilib. Həmin sənədlərdən bəziləri bu gün də tətbiq olunur.

İqtisadçı deputat həm də siyasi proseslərdə aktiv fəaliyyət göstərib. Belə ki, o, 1995-2005-ci illər ərzində ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi  beynəlxalq tədbirlərdə Milli Məclisi təmsil edib.

Bu da səbəbsiz deyildi, S.Səfərov rus və erməni dillərini bilirdi.

Səttar Səfərov həm də Milli Məclisdə Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işci qrupunun sədri kimi fəaliyyət göstərib.

O, deputatlıqla vidalaşandan sonra, 2005-ci ildən Dövlət İdarəçilik Akademiyasında fəaliyyət göstərib, ömrünün sonuna qədər bu ali təhsil ocağında İqtisadiyyatın dövlət tənzimlənməsi kafedrasının professoru vəzifəsində çalışıb.

İqtisad elmləri doktoru, professor Səttar Səfərov bir sıra kitabların müəllifidir.  

İki övlad atası olan sabiq deputat 2007-ci ilin iyulunda 70 illik yubileyi münasibətilə Azərbaycan Prezidenti tərəfindən "Şöhrət" ordeni ilə təltif olunub.

Səttar Səfərov 2011-ci il mayın 21-də 74 yaşında vəfat edib. Mərhum “Qurd qapısı” qəbiristanlığında dəfn olunub.


Ə.Qafarlı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv