Arxiv
13 İyun 2021, 10:46 | REPORTAJ
Turan ordusunun xəyalını quran Şəhid - Doğulmayan körpəsinə AliTuran adı seçdi - FOTO

Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsi  zamanı verdiyi şəhid sayı  sonuncu rəsmi statistikada 2900 nəfər qeyd edilib. Müdafiə Nazirliyi Vətən müharibəsi  şəhidlərinin sonuncu siyahısını 2 iyun 2021-ci il tarixində dəyişib. Həmin siyahıya əsasən 11 hərbi qulluqçumuz da itkin düşmüş sayılır.

Şəhidlərimiz arasında dünyaya gələcək körpəsini bağrına basmadan, qoxlamadan dünyadan köçənlərimiz də var.

 

Körpəsinin üzünü görmədən həlak olan şəhidlərimizdən biri də İbrahim Hüseynlidir.

 

Arayış: İbrahim Hüseynli 1992-ci il mayın 30-da Yevlax rayonunun Qoyunbinəsi kəndində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan İbrahim Hüseynli 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlayan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. İ.Hüseynli oktyabrın 19-da Hadrut döyüşləri zamanı şəhid olub.

 

Şəhidin döyüş yolu və qoxusunu içinə çəkmədiyi övladına olan arzularından həyat yoldaşı Surfanə İbrahimli Modern.az-a danışıb.

 

“2014-cü ilin aprel ayının 10-dan etibarən hərbidə qulluq edirdi. Hərbi sahədən əvvəl başqa xidmət sahəsində fəaliyyət  göstərmişdi. Aprel döyüşlərində qırx gün iştirak edib.

Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib, Alxanlı kəndində döyüşə başlayıb. Xocavənd, Hadrut, Füzuli şəhəri uğrunda döyüşlərində iştirak edib.

Oktyabrın 19-da Qaragözlü kəndində şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə  təltif olunub”.

 

Həyat yoldaşımla 2019-cu ildə ailə həyatı qurmuşduq. Evliliyimizin 10 ayına iki gün qalmış şəhid oldu. Eyni gündə doğulmuşuq, may ayının 30-u onun mövludu, mənim isə ad günüm oldu. Övladının olacağından xəbəri var idi. Şəhid olduqdan iki ay sonra oğlumuz dünyaya gəldi. Oğlumuzun adını AliTuran qoymuşdu. Ali adını peyğəmbərimizin şərəfinə, Turanı isə Turan ordusunun yaranmasına  görə seçmişdi. “Oğlum kəşfiyyat taborunda işləsin” deyirdi, oğlunun kəşfiyyatçı olmağını istəyirdi. Döyüşə yollanan zaman söyləmişdi ki, ya şəhid, ya da qazi kimi qayıdacam”.

 

Humay İsgəndərova

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv