Arxiv
15 İyun 2021, 09:00 | HADİSƏ
Dünən təyin olunan yeni nazir müavini kimdir? - DOSYE

Nəqliyyat, Rabitə və Yüksək Texnologiya Nazirliyində yeni təyinat olub.

 

Rüstəmov Rövşən Mürvət oğlu Nəqliyyat, Rabitə və Yüksək Texnologiya nazirinin müavini vəzifəsinə təyin edilib.

 

Qeyd edək ki, R.Rüstəmov bu təyinata qədər "Azərkosmos” ASC-nin sədr müavini vəzifəsində çalışıb.

 

Modern.az saytı yeni nazir müavininin qısa tərcümeyi-halını təqdim edir:

 

Rövşən Mürvət oğlu Rüstəmov 1980-ci ildə İmişlidə anadan olub.

 

1997-2001-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq, dövlət və bələdiyyə idarəetməsi ixtisasını fərqlənmə diplomu ilə bitirib, bakalavr dərəcəsinə yiyələnib.

 

2001-2003-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisasını fərqlənmə diplomu ilə bitirərək, magistr dərəcəsi alıb.

 

2004-2007-ci illərdə iqtisadiyyatın davamlı inkişaf problemləri mövzusunda dissertasiya müdafiə edib və iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

 

2004-2012-ci illərdə "Azərpoçt" MMC-də Biznesin inkişafı şöbəsində müdir müavini, Əməliyyatlar şöbəsinin müdiri vəzifəsində çalışıb.

 

2012-2014-cü illərdə “Azərkosmos” ASC-də Korporativ idarəetmə üzrə müşavir vəzifəsində işləyib.

 

2014-cü ildə təhsilini Biznesin Davamlılığı İnstitutunda (the Business Continuity Institute) davam etdirərək, “Biznesin davamlılığının planlaşdırılması proqramı”nı bitirib. 2014-cü ildən etibarən Biznesin Davamlılığı İnstitutunun həqiqi üzvüdür.

 

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

 

2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 iyun tarixli sərəncamı ilə “Azərkosmos” ASC-nin sədr müavini təyin edilib.

 

Ölkə Prezidentinin 2021-ci il 14 iyun tarixli sərəncamı ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin edilib.

 

Rus və ingilis dillərini bilir.

 

Ailəlidir.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv