Arxiv
15 İyun 2021, 09:25 | DİASPOR
Dövlət Komitəsində Qurtuluş günü tədbiri keçirilib

Tədbirdə müxtəlif ölkələrdə yaşayan, hal-hazırda Azərbaycanda olan diaspor nümayəndələri, diaspor könüllüləri və Komitə əməkdaşları iştirak edib. Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar. 

 

Modern.az xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

 

Tədbiri giriş sözü ilə açan Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Milli Qurtuluş günü münasibəti ilə iştirakçıları təbrik edib, Heydər Əliyev epoxasının  çoxəsrlik dövlətçilik tariximizdə müstəsna və bənzərsiz yeri  olduğunu, 15 iyun- Milli Qurtuluş gününün Azərbaycan tarixinin ən şanlı və parlaq səhifələrindən biri kimi yaddaşlara həkk  olduğunu bildirib. Komitə sədri əlavə edib ki, azərbaycançılıq məhz Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində ideologiya kimi formalaşıb, milli birlik, milli maraqlar ən qiymətli mənəvi-ideoloji dəyərə çevrilib. 

 

Tədbirdə 13 ölkədən 15  diaspor təmsilçisi iştirak edib və onların hər biri ayrı-ayrılıqda çıxış edib.

 

Diaspor nümayəndələri bildiriblər  ki, son illər həyata keçirilən layihələr diaspor siyasətinin daha da təkmilləşməsinə, koordinasiyalı fəaliyyətin güclənməsinə  gətirib çıxarıb. 

 

Çıxış üçün söz alan ekspertlər Heydər Əliyevin ölçüyəgəlməz tarixi xidmətləri barədə danışıb, ümummilli liderin dünya azərbaycanlılarının qəlbində silinməz izlər qoyduğunu qeyd edib, görkəmli dövlət xadiminin  sərt və çətin sınaqlarından keçərək Azərbaycan xalqının istiqlal ruhunu sönməyə qoymayan dahi lider olduğunu vurğulayıblar. 

 

Qeyd olunub ki, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyevin  yürütdüyü diaspor siyasət Azərbaycana dost münasibəti bəsləyən ölkələrin və xalqların sayını artırıb, soydaşlarımızın daha mütəşəkkil fəalliyyətinə təkan verib. 

 

Tədbir maraqlı fikir mübadiləsi ilə yekunlaşıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv