Modern.az

Şuşa Türkiyə mətbuatının gözü ilə belə təsvir edildi

Şuşa Türkiyə mətbuatının gözü ilə belə təsvir edildi

15 İyun 2021, 14:17

Türkiyənin Anadolu Agentliyi Prezident Rəcəb Tayyib Ərdoğanın 28 ildən sonra Ermənistanın işğalından azad edilmiş Şuşaya səfəri ilə bağlı geniş material hazırlayıb.

Modern.az-ın məlumatına görə, məqalədə “Prezident Rəcəb Tayyib Ərdoğanın ziyarət edəcəyi Şuşa azərbaycanlılar üçün bir şəhər olmaqdan daha çox şey ifadə edir” deyə vurğulanıb.

Yazıda daha sonra deyilir:


“Şuşa Azərbaycan tarixinin və mədəniyyətinin simvollarından biri olmaqla yanaşı, bölgəyə hakim olan coğrafi mövqeyinə və Qarabağın ən böyük şəhəri Xankəndiyə gedən yolda yerləşməsinə görə strateji əhəmiyyətə malikdir .

Qarabağ Xanı Pənahəli tərəfindən 1752-ci ildə qurulan Şuşa tarixi abidələrə sahib olduğu və burada bir çox görkəmli elm və mədəniyyət xadimlərinin doğulduğu üçün təkcə yerli sakinləri üçün deyil, həm də bütün azərbaycanlılar üçün vacib bir şəhərdir.

Prezident Ərdoğanın Qarabağın simvolik şəhəri olan Şuşaya səfəri  Azərbaycanın Qafqazda tək olmadığını və iki ölkənin dost olduğunu düşmənə göstərməsi baxımından tarixi xarakter daşıyır.

Bu günə qədər heç bir türk lideri Qarabağda olmadığından Ərdoğanın səfəri ilkdir.

Səfər çərçivəsində Türkiyə ilə Azərbaycan arasında Qarabağın yenidən qurulması və inşası üçün həyata keçiriləcək layihələr və siyasi və iqtisadi sahədə müqavilələr imzalanacaq. Bu müqavilələrin Şuşada bağlanması Qarabağ və Cənubi Qafqazla bağlı planları olan bütün güclərə bir mesaj olacaq.

15 İyunun Azərbaycanın Milli Qurtuluş Günü olması səfərə daha bir əhəmiyyət verir”.


"Azərbaycan musiqisinin beşiyi Şuşa”

“Tarixi və mədəni sərvətlərinə və təbii gözəlliklərinə görə Qarabağın simvolik şəhəri kimi qəbul edilən Şuşa məşhur bəstəkarları və musiqiçiləri ilə birlikdə "Azərbaycan musiqisinin beşiyi" kimi də xarakterizə olunur.

Mərhum Prezident Heydər Əliyev Şuşanı "Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük bir abidədir. Şuşa müqəddəs bir şəhər, müqəddəs bir qaladır, yalnız Şuşa sakinləri üçün deyil, həm də bütün azərbaycanlılar üçün müqəddəs bir abidədir".


“Şuşa Sovet İttifaqının dağılması zamanı Ermənistanın əsas hədəflərindən biri idi”


“Ermənilər ilk olaraq 1991-ci ildə başladıqları hücumlarla Xankəndi şəhərini işğal etdilər. Sonra 26 fevral 1992-ci ildə Xocalı şəhəri Ermənistan ordusunun əlinə keçdi. Əsrin ən böyük qırğınlarından birini Xocalıda qadın və uşaqlar da daxil olmaqla 613 mülki şəxsi qətlə yetirərək həyata keçirən erməni qüvvələri 8 may 1992-ci ildə Şuşanı işğal etdilər.

Şuşanın müdafiəsində yüzlərlə azərbaycanlı həyatını itirdi, çox sayda azərbaycanlı əsir götürüldü.

İşğal Azərbaycan iqtisadiyyatına böyük itkilər verdi. Minlərlə insan torpaqlarını tərk etməli oldu. Azərbaycanlılara məxsus 300-dən çox tarixi abidə məhv edildi. İşğaldan sonra ermənilər işğaldan əvvəl 20 mindən çox azərbaycanlının yaşadığı Şuşaya yerləşdilər.

Ermənistanda 8 may qələbə günü kimi qeyd olunurdu, Azərbaycanda isə bu tarix 28 il kədərli bir gün kimi xatırlanırdı.

Azərbaycan ordusu 28 il sonra başladığı əks hücum əməliyyatları ilə işğal olunmuş şəhərləri bir-birinin ardınca azad etdi”. 


“Şuşa mədəniyyət və turizm şəhəri”


“Dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən Şuşa həm də təbii gözəllikləri ilə seçilir.

Sovet dövründə ən çox turist qəbul edən və şəfalı bulaqları ilə məşhur olan şəhərlərdən biri olan Şuşa üç tərəfi qayalıq olduğuna görə demək olar ki, təbii bir qalaya bənzəyir.

Şəhərin cənub hissəsində meşələrlə əhatələnmiş və bir çox istirahət zonası olan Cıdır düzündə illərdir azərbaycanlıların at yarışları, festivalları və idman tədbirləri keçirilib.

Türk düşüncə tarixinin önəmli şəxsiyyətlərindən biri olan həm Azərbaycanda, həm də ömrünün bir hissəsini keçirdiyi Türkiyədə dərin iz buraxan Əhməd bəy Ağaoğlu Şuşada anadan olub”.

 

 Aysel Məhərrəm

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir