Arxiv
18 İyun 2021, 12:04 | DİASPOR
Sankt-Peterburqdakı azərbaycanlılar "Şərq Muzeyi"ə etiraz etdilər

"Sankt-Peterburq Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti" ictimai təşkilatının nəzdindəki Azərbaycan Gəncləri Birliyi Rusiyanın "Şərq Muzeyi"də sərgilənən təxribatçı ekspozisiyaya kəskin etirazını bildirib.


Azərbaycan Gəncləri Birliyinin sədri E.Manafovun imzası ilə "Şərq Muzeyi"nin direktoru Aleksandr Sedova ünvanlanan məktubda deyilir: "Çox təəssüf ki, rəhbərlik etdiyiniz nüfuzlu qurumdakı ekspozisiyaların arasında nümayiş olunan "Qafqazın Dekorativ və Tətbiqi Sənəti" guşəsində Azərbaycan torpaqları, yəni Dağlıq Qarabağ xəritədə ayrı bir dövlət olaraq təqdim olunub. Bu, beynəlxalq hüquq normalarına tamamilə ziddir. Dağlıq Qarabağ hər zaman Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olub. Bunu bütün dünya ölkələri, xüsusi ilə də Rusiya Federasiyası tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması faktı sübut edir".


Qeyd edilib ki, muzeyin ziyarətçilərinə təqdim olunan informasiya həqiqətə uyğun deyil: "Bütün bunlar Rusiya və Azərbaycan xalqlarının mənafeyinə və Rusiya–Azərbaycan münasibətlərinin daha da möhkəmlənməsinə xələl gətirə bilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında yaranmış qardaşlıq münasibətləri xalqlarımızın dostluğunun sarsılmazlığının təminatıdır".


Gənc soydaşlarımız muzey rəhbərliyini məlumatları ciddi və etibarlı şəkildə araşdırmağa çağırıblar:"...rəhbərlik etdiyiniz muzeyin əhəmiyyətini çox yaxşı anladığımızdan, ölkə daxilində və xaricində gözlənilməz nəticələr doğura biləcək müvafiq reaksiyaya səbəb olmaması üçün məlumatları etibarlı şəkildə araşdıqmalıyıq. Ümid edirəm ki, Rusiyada yaşayan azərbaycanlı gənclərin narahatlığını və məyyusluğunu sizə çatdıra bildim. Rusiya bizim Vətənimizdir, amma Azərbaycan da ürəyimizin bir hissəsidir".

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv