Modern.az

Azərbaycan-NATO yaxınlaşması: “Bu Moskvanın qıcıqlanmasına səbəb ola bilər”

Azərbaycan-NATO yaxınlaşması: “Bu Moskvanın qıcıqlanmasına səbəb ola bilər”

18 İyun 2021, 13:08

Azərbaycanın xarici siyasəti özündə  dünyada gedən prosesləri, qarşılıqlı münasibətlərin qurulmasını və inkişafını ehtiva edir. Bunlardan biri də xarici siyasətində beynəlxalq təhlükəsizlik strukturları ilə əməkdaşlıqdır. Bu istiqamətdə NATO ilə əlaqələr xüsusilə vurğulanmalıdır.

Azərbaycan-NATO əlaqələri ölkəmizin Avroatlantik strukturlara inteqrasiyasının tərkib hissələrindən biridir. Hazırda isə Azərbaycanla NATO arasında əməkdaşlıq yüksələn xətlə inkişaf edir. NATO Azərbaycana bölgədə mühüm rol oynayan tərəfdaş ölkə kimi yanaşır.

 

Şuşa Bəyannaməsindən sonra Azərbaycan Ordu quruculuğunda üstünlüyü Türkiyə, dolayısı ilə NATO modelinə verəcək.

Bəs bundan sonra Azərbaycanın NATO-ya üzv olma ehtimalı varmı?

Hərbi ekspert Ədalət Verdiyev Modern.az-a danışarkən qeyd edib ki, Azərbaycan bəzi istiqamətlərdə prioritetlərini dəyişə bilər:

“Türkiyə ilə təlimlərimizi müharibədən əvvəl də həyata keçirirdik. Bu da silahlı qüvvələrimizi bir-birinə inteqrasiya etmək, qarşılıqlı əlaqələri gücləndirmək məqsədi ilə həyata keçirilirdi. Lakin müharibədən sonra Azərbaycan prezidentinin də qeyd elədiyi kimi biz türk modelini baza olaraq götürürük. Türkiyənin bütün sahələrdə NATO ilə inteqrasiyası mövcuddur. Biz də bununla ya Türkiyə, ya da NATO modelinə doğru gedirik.

Amma bu o demək deyil ki, hazırda biz NATO-ya qoşulmaq üçün hansısa aktiv fəaliyyətlər həyata keçiririk. Biz sadəcə NATO ilə əməkdaşlıq edirik. Məsələn, KTMT-yə üzv olan ölkələrlə də əməkdaşlıq edirik. Belarusdan silah alırıq və yaxud da Qazaxıstanla yaxın müttəfiqlik əlaqələrimiz var. Rusiya ilə də müharibəyə qədər çox ciddi silah tədarükü keçirmişik. İndisə bu istiqamətlərdə prioritetlərimiz dəyişə bilər. Daha çox Azərbaycan öz müttəfiqləri- Pakistan, Türkiyə, İtaliya ilə əməkdaşlığa daha çox üstünlük verəcək”.

 

Sular durulmayınca, hansısa konkret istiqamətə  getmək Azərbaycanın indiki yürütdüyü siyasətə zidd ola bilər:

“Amma bu bizim birtərəfliyimizi pozub, qoşulmamaq hərakatında NATO-ya gedəcəyimiz deyil. Azərbaycan NATO ilə 1997-ci ildən əməkdaşlıq edir. NATO da bizi Cənubi Qafqazda əməkdaşı kimi hesab edir. ABŞ səfiri də ik gün öncə dedi ki, Azərbaycan bizim üçün dəyərli bir müttəfiqdir. Bizim hansısa bloklara qoşulmaq üçün coğrafi ərazimizdə regionda baş verən proseslərin durulması lazımdır. Bu Gürcüstana, Azərbaycana, İrana da aiddir. Biz dəfələrlə balanslı siyasətdən danışmışıq.

 Türkiyə ilə bir millət və bir ordu konsepsiyasına keçirik. Belə olan halda bizim NATO-ya yaxınlaşmağımız Rusiyanın qıcıqlanmasına səbəb ola bilər. Yaxud da ABŞ-la çox yaxınlaşmağımız İranın qəzəbinə səbəb ola bilər. Əslində qonşularla xoş münasibətdə olmaq istəyirik. Ona görə də, biz burda optimal olaraq, Pakistan və Türkiyə ilə birgə ordularımızın inteqrasiya etməsinə daha çox üstünlük verməliyik. Amma digər halda başqa ölkələrlə də əməkdaşlıqdan imtina etmirik”.

 

Aysel Məhərrəm

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...