Modern.az

Devalvasiyadan 6 il sonra manat mövqelərini BƏRPA ETDİ

Devalvasiyadan 6 il sonra manat mövqelərini BƏRPA ETDİ

18 İyun 2021, 18:27

COVİD-19 əleyhinə peyvəndləmənin sürətlənməsi və ayrı-ayrı ölkələrdə karantin məhdudiyyətlərinin yumşaldılması qlobal iqtisadiyyatda fəallığın yüksəlməsi ilə müşayiət olunur. Son meyilləri də nəzərə alaraq Dünya Bankı və İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı qlobal iqtisadi artıma dair proqnozlarını yüksəltmək istiqamətində təshih etdilər.

 

Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) Modern.az-a verilən məlumatda bildirilib.

Qeyd edilib ki, qlobal iqtisadi aktivliyin artması neftə tələbi yüksəldir. OPEC++ razılaşması çərçivəsində tələbin artımına konservativ reaksiyanın verilməsi şəraitində neftin qiyməti yüksəlməkdə davam edir. Brent markalı neftin orta qiyməti 2021-ci ilin ötən dövründə 64 ABŞ dollarını, iyun ayının əvvəlindən isə son 2 ilin maksimumuna çataraq 70 ABŞ dollarını üstələyib.

 

Qlobal mühitdəki son meyillər, eləcə də qeyri-neft sektoru üzrə ixracın genişlənməsi valyuta bazarında sabitliyin əsas faktoru olan tədiyə balansına müsbət təsir edir. 2021-ci ilin I rübündə cari əməliyyatlar hesabında ÜDM-in 5.6%-i səviyyəsində profisit formalaşıb, kapital hesabı da profisitli olun. İyunda 2021-ci il üçün cari əməliyyatlar hesabının profisitinə dair illik proqnoz yüksəlmə istiqamətində təshih edilib.

Profisitli tədiyə balansı şəraitində strateji valyuta ehtiyatları ilin əvvəlindən bəri 2.8% (1.5 mlrd. ABŞ dolları) artaraq 52.3 mlrd. ABŞ dolları səviyyəsinə yüksəlib.

 

AMB-nin məlumatına görə, dünya ərzaq qiymətlərinin yüksəlməsinin daxili inflyasiyaya birbaşa və dolayı artırıcı təsirləri davam edir. Dünya ərzaq qiymətləri may ayında 4.8%, son 12 ayda isə 39.7% yüksəlib.

Bildirilib ki, monetar şəraitdə əhəmiyyətli dəyişiklik baş verməyib.

İlin əvvəlindən bəri pul bazasının dəyişimi pozitiv zonaya keçib. İlin qalan dövründə pul təklifinin artımının əsasən vahid xəzinə hesabı qalığının dəyişimindən asılı olaraq davam edəcəyi gözlənilir. Ölkədə nağdsızlaşma prosesinin sürətlənməsi pul təklifinin strukturuna da təsir edir, nağd pula tələbin azalması müşahidə edilir.

Monetar və makroprudensial stimullar, eləcə də dövlətin güzəştli proqramları kredit aktivliyini dəstəkləyir. 5 ayda bank sistemi üzrə kredit portfeli 3.8%, o cümlədən biznes kreditləri 2.4% artmışdır. Bu dövrdə tikinti və bir sıra əlaqəli real sektor sahələrində iqtisadi fəallığa dəstək verən ipoteka kreditləri 7.2% artmışdır. İstehlak tələbinin fəallaşması fonunda istehlak kreditləri 5.1% artsa da pandemiyadan öncəki səviyyəni bərpa etməyib.

 

Rəsmi məlumata görə, maliyyə bazarlarının müxtəlif seqmentlərində faizlər fərqli istiqamətlərdə dəyişir. Ötən iclasdan sonra dövlət qiymətli kağızlarının gəlirliyi azalıb, depozit və kredit faizlərində isə əhəmiyyətli dəyişiklik baş verməyib. Kreditlərə tələbin tədricən artması bəzi bank qrupları üzrə depozit və kredit faizlərinə artırıcı təsir edir.

Həmçinin, dollarlaşmanın azalmasının davam etdiyi vurğulanıb. Fiziki şəxslərin əmanətlərinin strukturunda manatla depozitlər 2015-ci ilin fevralından bəri ilk dəfə üstün paya sahib olub. 5 ayda əhalinin müddətli manat əmanətləri 16.1% artıb.

 

Bildirilib ki, peyvəndləmənin geniş miqyas alması və epidemioloji vəziyyətin nisbətən yaxşılaşması iqtisadi aktivliyə müsbət təsir edir. 2021-ci ilin yanvar-may aylarında qeyri neft-qaz sektorunda 4.5%-lik iqtisadi artım olub. Qeyri neft-qaz sektorunun ticari sahələrində 10.1% (sənaye və kənd təsərrüfatı), qeyri-ticari sahələrində isə 3.2%-lik artım baş verib.

İqtisadi artım dövlət investisiyaları, işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin başlanması, xarici tələb, eləcə də istehlak tələbinin nisbi canlanması ilə dəstəklənir. Bununla belə, qiymətləndirmələrə görə məcmu tələb pandemiyanın başlamasından əvvəlki səviyyəyə hələ çatmayıb.

Risklər balansına gəldikdə, inflyasiya üzrə risk balansında artırıcı amillərin rolu artıb. Artırıcı amillərə əsasən qeyri-monetar xarakter daşıyan xərc amilləri aiddir. İqtisadi artımın və uyğun olaraq məcmu tələbin bərpası prosesinin qısa və ortamüddətli perspektivdə əhəmiyyətli inflyasiya təzyiqi yaradacağı gözlənilmir. Qiymətləndirmələrə görə ilin qalan dövründə monetar amillərin inflyasiyaya artırıcı təsiri əhəmiyyətli olmayacaqdır. Tədiyə balansının yaxşılaşması valyuta bazarında sabitliyi möhkəmləndirməklə xarici və daxili xərc amillərinin, xüsusilə də dünya ərzaq bazarında bahalaşmanın inflyasiyaya artırıcı təsirlərini neytrallaşdırır.

 

Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar inflyasiya hədəfinə nail olunması vəziyyəti, inflyasiya gözləntiləri, xarici və daxili risklərin dəyişiminin təsirləri nəzərə alınmaqla qəbul ediləcək.

Bu qərar 18 iyun 2021-ci ildən qüvvəyə minir. Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı 2021-ci il iyul ayının 30-da ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir