Modern.az

Mübariz İbrahimovun şəhadətindən 11 il ötür - TARİX

Mübariz İbrahimovun şəhadətindən 11 il ötür - TARİX

19 İyun 2021, 09:25

11 il öncə bu gün bir qəhrəmanlığa şahid olduq... Elə bir qəhrəmanlığa ki, həm bizi üzdü, həm də qürurlandırdı.

 

18 iyun Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhid olduğu gündür. O gündən Azərbaycan xalqı üçün yeni bir eranın – Mübarizlik erasının başlanğıcı qoyuldu.

Modern.az xatırladır ki, Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. M.Piriyev adına Əliabad kənd orta məktəbini 2005-ci ildə bitirib və elə həmin il həqiqi hərbi xidmətə çağrılıb.

Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.



2009-cu ilin avqust ayında könüllü olaraq hərbi xidmətə qayıdıb. Bu dəfə gizir rütbəsində xidmətə başlayıb və öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.
2010-cu ilin aprel ayından taqım komandirinin müavini vəzifəsində xidmət edir. Mübariz İbrahimov sanki hər an plan cızır, düşməni məhv etmək istəyi ilə alışıb-yanırdı.

Vətənpərvərlik elə bir emosional hissdir ki, bütün şəxsi maraqlarını vətən yolunda qurban verməyə, vətəninin və xalqının marağını daha uca tutmağa hazır olmalısan. Bəzən deyirlər ki, vətənpərvərlik hissi uşağa ilk növbədə atadan, anadan gəlməlidir. Razılaşmamaq olmur. Məhz ailə uşağı elə tərbiyə eləyə bilər ki, o vətənə, torpağa, elə-obaya, orduya, şəhidlərə məhəbbət ruhunda, düşmə­nə isə ni­frət hissləri ilə böyüsün... Mübarizin ailəsi onu belə böyütmüşdü, mərd, vətənpərvər…


2010-cu il iyunun 18-dən 19-na keçən gecə gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin mövqeyinə hücum edib. Qeyri-bərabər döyüşdə o, çox sayda düşmən hərbçisini məhv edib.
M.İbrahimov düşmənin öz silahlarını özünə qarşı istifadə edərək, onlarla 5 saat təkbətək döyüşub. 


Azərbaycan giziri həmin gecədən səhər saatlarınadək davam edən qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.


Mübariz bir gecədə xalqının qəhrəmanına çevrildi. Adı Azərbaycanın qəhrəmanlıq tarixinə yazıldı.

O, öz qəhrəmanlığı ilə göstərdi ki, canını Vətən torpaqlarının yolunda hər an qurban verməyə hazır olan igidlərimiz hələ çoxdur. Mübariz öz həyatını qurban verməklə Azərbaycana bir örnək göstərdi.

Mübariz İbrahimovun şəhid olduqdan sonra valideynlərinə yazdığı son məktubunun əlyazması tapılıb. Məktubda deyilir:


“Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz.. Haqqınızı halal edin”.


Azərbaycan Prezidentinin 2010-cu il 22 iyul tarixli sərəncamına əsasən, Mübariz Ağakərim oğlu İbrahimova ərazi bütövlüyümüz və müstəqilliyimizin qorunmasında müstəsna xidmətlərinə görə Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adı verilib.

 

Fidan İlqar

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?