Modern.az

“Əlçatan metro” xidməti - Kim, necə İSTİFADƏ EDİR

“Əlçatan metro” xidməti - Kim, necə İSTİFADƏ EDİR

Aktual

19 İyun 2021, 10:03

“2019-cu ilin mart ayında istifadəyə verilmiş “Əlçatan metro” xidmətilə bağlı ümulikdə 916 sifariş daxil olub. Onlardan 781- i sifariş icra olunub. Qalan hallarda isə sərnişin sifarişini ləğv edib”.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

B.Məmmədov qeyd edib ki, may ayının 31-də sərnişindaşıma fəaliyyətini bərpa etmiş metropolitendə “Əlçatan metro” xidməti də sərnişinlərin xidmətinə başlayıb^

“Ötən müddət ərzində 16 sifariş icra olunub. İllər üzrə 2019-cu ildə 740 sifarişdən 609-u, metropolitenin pandemiya səbəbilə sərnişindaşıma fəaliyyətində məhdudiyyətlərin tətbiq olunduğu və ya müxtəlif dövrlərdə sərnişindaşıma fəaliyyəti dayandırıldığı 2020-ci il ərzində cəmi 160 sifarişdən yalnız 4-ü sərnişin tərəfindən imtina edilib”.

Qurum rəsmisi əlilliyi olan şəxslərə yönəlik bu xidmətdən hansı şəkildə göstərildiyinə də aydınlıq gətirib:

“Ümumiyyətlə, bu xidmət metropolitenin Yaşıl və Qırmızı xətlərində xüsusi texniki qurğular, Bənövşəyi xəttində isə liftlərdən istifadə olunmaqla həyata keçirilir.

Bu xidmətdən yalnız əlil arabası istifadəçiləri deyil, eyni zamanda metropoliten stansiyalarına enib-qalxmasında bu və digər səbəblərdən çətinlik çəkən bütün şəxslər istifadə edə bilər. Ötən müddət ərzində müvəqqəti olaraq sağlamlıq imkanları məhdudlaşaraq, eskalator və pilləkənlərdən istifadə edə bilməyən sərnişinlər, o cümlədən əsa və qoltuqaltı ağaclardan istifadə edənlər, görmə və eşitmə qabiliyyəti məhdud olanlar, uşaq arabaları ilə metropolitenə daxil olanlar, ahıllar, əl yükü olan hamilə qadınlar və başqaları bu xidməti sifariş edə bilərlər. Bunun üçün müvafiq xidmət 5 ehtiyat əlil arabası ilə təchiz edilib”.

B.Məmmədov deyib ki, sərnişinlər xidmətə (050) 268 00 65 nömrəli mobil rabitə və mobil əlavə vasitəsilə müraciət edə bilərlər:

“Xidmətin genişləndirilməsi sərnişin sifarişlərindən asılıdır. Lakin bununla bağlı dünya təcrübəsi və aparıcı texnologiyalar mütəmadi izlənilir. İşçilər isə daim müvafiq təlimatlandırmaya cəlb edilir, sərnişin məmnunluğunun səviyyəsi ölçülür”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!