Modern.az

İşğaldan azad edilmiş bölgəyə ilk köç Kəlbəcərin timsalında GERÇƏKLƏŞİR

İşğaldan azad edilmiş bölgəyə ilk köç Kəlbəcərin timsalında GERÇƏKLƏŞİR

Reportaj

19 İyun 2021, 13:44

Qoyunçuluq və arıçılıq təsərrüfatlarının işğaldan azad edilmiş Kəlbəcər rayonunun yaylaqlarına köçürülməsilə Kəlbəcərdə həyat işıqları yenidən yanmağa başlayıb.

 

Modern.az-ın məlumatına görə, həyata keçirilən pilot layihə çərçivəsində bu il ümumi sayı 10 min başı keçməməklə 6 qoyunçuluq təsərrüfatının Kəlbəcər yaylaqlarına köçürülməsi nəzərdə tutulur.

Artıq Kəlbəcər rayonundan olan fermerlərə məxsus 5 təsərrüfatın və Kənd Təsərrüfatı Nazirliyi yanında “Azəraqrar Dövlət Emal və İstehsalat Birliyi” MMC-yə məxsus damazlıq qoyunçuluq təsərrüfatlarının əvvəlcədən müəyyən edilmiş dislokasiya nöqtələrinə aparılması başa çatıb.

Pilot layihə həyata keçirilməzdən əvvəl təsərrüfatların yaylaqlara köçürülməsi riskləri qiymətləndirilib, sürülərin və arı pətəklərinin, onlara qulluq edəcək vətəndaşların təhlükəsizliyinin təmin olunması üçün müvafiq yerli icra orqanları ilə birlikdə ərazilərə baxış keçirilib. Ehtiyat bitki örtüyü və vətəndaşlarla bağlı risklər müəyyən olunduqdan sonra müvafiq dislokasiya xəritələri hazırlanıb. Həmin xəritələr əsasında təsərrüfatların yerləşəcəyi ərazilərin dislokasiya koordinatları fermerlərə təqdim olunub. Öz təsərrüfatlarını Kəlbəcər yaylağına köçürməyə razılıq vermiş fermer təsərrüfatlarının əməkdaşlarına ANAMA-nın Göygöl Regional Təlim Mərkəzində müvafiq təlimlər keçirilib, dislokasiya bölgəsində davranış qaydaları izah edilib. Təsərrüfatların yaylaqlara köçürülməsi Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində, birbaşa yerli bölmələrinin iştirakı ilə həyata keçirilib.

 

Kənd Təsərrüfatı Nazirliyinin Torpaqlardan istifadəyə nəzarət və Heyvandarlığın təşkili və monitorinqi şöbələri yaylaq mövsümü dövründə Kəlbəcər ərazisinə köçürülmüş qoyunçuluq və arıçılıq təsərrüfatlarının fəaliyyəti, vətəndaşların dislokasiya ərazilərində tətbiq olunan qaydalara riayət etməsi, risklərin dəyərləndirilməsi ilə bağlı mütəmadi monitorinq aparacaq.

Pilot layihənin məqsədi ilkin mərhələdə işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Kəlbəcər rayonunda yaylaqlardan istifadə imkanlarını dəyərləndirmək, riskləri müəyyənləşdirmək, buna uyğun olaraq növbəti illərdə daha çox sayda təsərrüfatın Kəlbəcər yaylaqlarına köçünü təmin etməkdir.

 

Kəlbəcəri parlamentdə təmsil edən deputat Aqil Məmmədov Modern.az-a deyib ki, bu, əslində işğdaldan azad olunmuş ərazilərə ilk qayıdışdır:

"Pilot layihə olmasına baxmayaraq, arıçılar və fermerlərin Kəlbəcərə qayıdışı bizi çox sevindirir. Köçün nə vaxta qədər davam edəcəyi, bütün ərazilərə köçün mümkün olub-olmaması ilə bağlı kənd təsərüfatı nazirinin müavinilə mütəmadi əlaqədəyik. Kəlbəcər işğaldan azad olunduğundan, ərazini boş da qoymaq olmaz. Bu, həm də qarşı tərəfə sübut edir ki, artıq torpaq sahibi torpağına qayıdır, yaşamağa, yaratmağa, torpağına sahib çıxmağa gəlir".

 

Parlamentatinin sözlərinə görə, ilk köçü siyasi gediş kimi də qiymətləndirmək olar.

"Bilirsiniz, Kəlbəcərin örüş-otlaq sahəsi çox genişdir, ərazi kənd təsərrüfatı istiqamətində çox perspektivlidir. Kəlbəcərdə 90 mon hektardan çox örüş-otlaq sahəsi, 100 minlərlə iri və xırdabuynuzlu heyvanın saxlanılması üçün şərait yaradılacaq.

Ona görə də biz bundan hər şəkildə yararlanmalıyıq. Fermerlər, arıçılar, Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumlarının Kəlbəcərdə yerləşməsi alqışlanmalıdır.

Hərbçilərimiz öz yerində, Kəlbəcərdə rayon Polis Şöbəsinin, Fövqəladə Hallar Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları fəaliyyətdədirlər, digər qurumların əməkdaşları mütəmadi olaraq, gedib-gəlirlər. Bu baxımdan adaptasiya dövründən, möhkəmlənmədən sonra köçün ardı gedəcək. İnanın hər gün ayrı-ayrı insanlar, fermerlər tərəfindən köçlə bağlı yeni müraciətlər daxil olur. Amma minalar səbəbindən hər yerə köçün reallaşması mümkün deyil. Ona görə vətəndaşlarımız da bunu anlayış göstərməlidirlər. İnanırıq ki, növbəti mərhələdə köç edəcəklərin sayı daha da çox olacaq".

 

Qeyd edək ki, işğaldan azad edilmiş Kəlbəcər rayonunda heyvandarlığın inkişafı üçün böyük potensial mövcuddur. Kəlbəcər yaylaqları sovetlər dövründə heyvan sürülərinin əsas köç yeri olub. İşğaldan əvvəlki dövrlərdə Azərbaycanın 30-dan artıq rayonunun heyvandarlıq təsərrüfatı mövsüm zamanı bu yaylaqların imkanından yararlanıb. Rayonun Sarıyer, Söyüdlü, Qoşadaş və digər yaylaqlarında zəngin ehtiyat bitki örtüyü mövcuddur. Hazırda bölgənin bitki örtüyü ehtiyatlarının qoyunçuluq və arıçılığın inkişafı baxımından dəyərləndirilməsi davam edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər