Arxiv
20 İyun 2021, 15:10 | AKTUAL
Azərbaycan Türkiyədəki təlimlərə qatılmaqla rəqiblərinə hansı mesajı verəcək? - AÇIQLAMA

İyunun 21-də Türkiyənin Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimi başlayacaq.

 

“Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimində Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 və 2 ədəd Su-25 təyyarələri iştirak edəcək.

 

Hərbi ekspert Ədalət VerdiyevModern.az-a bildirib ki, təlimlər döyüş hazırlıqlarını daha üst səviyyəyə gətirib çıxardacaq:

 

“Bu təlimlər ilk növbədə təlimə qatılacaq pilotlarımızın döyüş hazırlığını, onların bilik və bacarıq təcrübələrinin artırmağa, heyətlərin yalnız qələbəyə ruhlandırılmasına, peşəkar hazırlıq səviyyəsini sistematik şəkildə qiymətləndirilməsinə və b. hədəflərin əldə olunmasına şərait yaradacaq.

 

Azərbaycan bu təlimlərdə Qətər, Pakistan, Türkiyə silahlı qüvvələrinin döyüş və dəniz vasitələri ilə birlikdə iştirak edəcək. Dəniz vasitələri yalnız Türkiyə tərəfindən təqdim ediləcək. Digər ölkələr isə silahlanmasında mövcud olan müasir aviasiya vasitələri ilə bu təlimlərdə iştirak edəcəklər. Məsələn, Qətərin bu təlimlərdə "Rafale" və ya Pakistanın JF "Thunder" Block II qırıcıları ilə təmsil olunması Azərbaycan pilotları üçün çox maraqlıdır. Çünki bu təlimlər çərçivəsində Fransa və Pakistan qırıcıları ilə Azərbaycan pilotlarının çox yaxından tanış olmaq imkanı yaranacaq.

 

Azərbaycanlı pilotlar bizim neçə illərdir yaxından maraqlandığımız və hətta əldə olunması üçün bəzi ehtimalların mövcud olduğu Pakistan "JF Thunder"ləri ilə çox yaxından maraqlana biləcəklər.

 

Ümumiyyətlə, istənilən təlim döyüş heyətlərinin hazırlıqlarını daha üst səviyyəyə gətirib çıxarmağa imkan verəcək ”.

 

Ekspertin sözlərinə görə, təlimdə iştirak etməyən digər dövlətlər müşahidəçi statusunda izləyəcəklər:

 

“Digər tərəfdən Azərbaycan bu təlimlərlə bir daha rəqib ölkələrə qarşı öz real potensiallarını NATO səviyyəsindən geri qalmadığını nümayiş etdirmək məqsədilə qatılır.

 

Bu təlimlərdə iştirak edən dövlətlərdən başqa Ukrayna, Yaponiya, Gürcüstan, İordaniya, İsveç və başqa ölkələr təlimləri müşahidəçi statusunda izləyəcəklər. Onlar da ordumuzun real imkan və potensialları haqqında geniş məlumatlar əldə edəcəklər. Ordumuz bir daha beynəlxalq təlimlərdə öz potensiallarını dünyaya nümayiş etdirmək və o cümlədən rəqiblərimiz mesaj vermək imkanına malik olacaqlar.

 

Bu mesaj altında isə Azərbaycana qarşı xoşniyyətli olmayan iddialar səsləndirənlər bir daha öz hesab-kitablarını yenidən tərtib etməli olacaqlar”.

 

Fidan İlqar

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv