Modern.az

Kənd müəllimindən unikal addım - Təhsilsiz valideynlərə dərs keçəcək

Kənd müəllimindən unikal addım - Təhsilsiz valideynlərə dərs keçəcək

Təhsil

20 İyun 2021, 17:58

“Daha zəif  və özünə inamsız xanımlar qalmayacaq!

 

Yeni layihə çox evlərə çıraq olacaq!”

 

Ucarın Təzə Şilyan kənd orta məktəbinin müəllimi aynur İbrahimova təhsil adına  unikal addım atıb.

 

O, müxtəlif səbəblərdən təhsildən kənar qalan xanımların yenidən tədrisə cəlbi ilə bağlı layihə ərsəyə gətirərək, könüllü surətdə icrasına baxşlayıb.

 

A.İbrahimova AzEdu.az-a açıqlamasında bu barədə ətraflı məlumat verib:

 

"Oxumaq heç vaxt gec deyil" layihəsi mənim həyatımda bu günədək ən vacib qərarlarımdan biri oldu. Hər zaman ən böyük arzum təhsil almaqdan məhrum olan xanımların təhsil almasına şərait yaratmaq, dəstək olmaq olub.

 

Öncə uşaq evindəki uşaqlarla başladığımız bu missiya indi şagirdlərimin ailələrində davam edəcək. Müəllim kimi fəaliyyət göstərdiyim kənddə bir zamanlar təhsil almaq istəyi olub, ancaq maddi imkansızlıqdan, valideyn müdaxiləsindən , erkən nikaha cəlb olunma səbəbindən bu arzusu reallaşmayan  bir çox xanımlar artıq ən böyük arzularını reallaşdıracaqlar.

 

Onlar müxtəlif fənlər üzrə ödənişsiz təşkil olunan hazırlıqlara qoşulub arzusunda olduğu ali məktəb , kollec və texnikumlarda təhsil ala biləcəklər.

 

Öncə ancaq işlədiyim kənddəki xanımları nəzərdə tutsaq da, artıq Ucarın bir neçə kəndlərindən müraciətlər var. Hamısını qəbul edib bu yola birgə çıxacağıq. Qeyd edim ki, təhsil almaq istəyən valideynlər sırasında  nənələr, analar və nişanlı qızlarımız da var.

 

Artıq təhsildən nikaha gedən yox, ər evindən, ailədən təhsilə addım atan xanımlar olacaq!

 

ISESKO-nun 2021-ci ili “Qadınlar ili” elan etməsini biz də əmələ çevirəcəyik.

 

Bu layihəyə başlayanda tək idim. Ancaq bir neçə müəllim həmkarım mənə dəstək oldu, biz bu komandanı genişləndirdik. Rəhimə müəllimə, Aynurə müəllimə ilk yanımda olan həmkarlar idi. Var olun. Bu yola birgə çıxdıq, birgə də davam edəcəyik.

 

Sağlam,  güclü övlad ancaq özünə inanan, güclü və iradəli anaların sevgisiylə böyüyə bilər!

 

Böyük xeyriyyəçi Zeynalabdin Tağıyevin dediyi kimi "Bir kişi təhsil alırsa, bu yalnız bir savadlı insanın olması deməkdir. Amma bir qızın təhsil alması gələcəkdə həm savadlı qadın, həm də dünyagörüşlü bir ana deməkdir”

 

Bu xanımlara şərait yaradan atalara, həyat yoldaşlarına təşəkkür edirəm!

 

Həyatınızı dəyişdirmək üçün heç vaxt gec deyil, əziz insanlar! Saat həmişə ürəyinizin bunu anladığı an üçün ən yaxşı vaxtı göstərəcəkdir. O vaxtı biz özümüz təyin edə bilərik.

 

"Gec" ifadəsi yalnız cəhd etməməyiniz üçün bir bəhanədir. İstədiyiniz yaşda hədəflərinizə çata bilərsiniz”.

 

Qeyd edək ki, layihə iyunun 16-dan start götürüb, valideynlərə  ilk dərslər keçirilib.

 

İlk dəfə Ucarda başlayan layihəmiz tezliklə ölkə üzrə davam edəcək.

 

P.S. Azedu.az layihənin rəhbəri Aynur İbrahimova ilə geniş müsahibəni tezliklə oxuculara  təqdim edəcək. Layihənin əsas tərəfdaşı AzEdu Təhsil Portalıdır.

.

#BizBirlikdəGüclüyük

#OxumaqHeçVaxtGecDeyil

#SavadlıAnaSavadlıGələcəkDeməkdir

 
 
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı