Modern.az

Muradına çatmayan Murad - Nişanlı şəhidin HEKAYƏSİ

Muradına çatmayan Murad - Nişanlı şəhidin HEKAYƏSİ

Reportaj

21 İyun 2021, 09:23

Məqamı hər şeydən ucada duran,
O Bayraq oğullar,Vətən oğullar...
Torpağın köksünə öz canlarıyla
Diriliş toxumu səpən oğullar
Vətənin köksündə sipərə döndü.
Hər biri bir evin doğması idi,
Hər biri el boyda qəhərə döndü... 
(Əyyub Qiyas)


Muraddan danışacağam. Dəcəl və  hazırcavab Muraddan. O Murad Qurbanov ki, döyüşə gedəndə 24 yaşı var idi. O Murad ki, oxuduğu 51 saylı məktəbin ən dəcəl və ən sevimli şagirdi idi… O Murad ki, muradına çatmadı… O Murad ki, indi Bayılda Ş.Allahverdiyev küçəsində qonşusu və dostu Bilal Qənbərovla şəkli qoşa asılıb. O Murad ki, hamı onun üçün darıxır… Bu dəfə qəhrəman şəhidimizi  uşaqlıq və gənclik  sərgüzəştləri ilə tanıdıram oxuculara. Muradın sərgüzəştlərini anası Mehriban Qurbanovanın xatirələri əsasında qələmə alıram:

                                                          

Dəcəl Muradın sərgüzəştləri

 

Murad dərsədən evə gəlib anasına deyir:

- Ana, Almaz müəllimə məni təriflədi.

Anası Mehriban xanım:

- Nə dedi ay bala?

- Dedi ki, sinifdə ən təzə sənin kitabların qalıb.

- Sevindin bala?

- Hə, ana, sevindim.

- Ay yazıq, sən heç kitab açıb oxuyursan ki, kitabın vərəqi  köhnəlsin? Kitab yazıq təzə gəlib, təzə də qayıdır...

 
***


Texnikumda oxuyanda qrupda oxuduğu bir qızdan xoşu gəlirdi. Qızın da atası yox idi.. Bu qız bir dəfə Muradın yanında deyir ki, bizim evdə heç vaxt küknar ağacı (yolka) bəzənmədi. Qızı da elə çox istəyirdi ki... Bir gün iş yoldaşlarım mənə zəng edib dedilər ki, Murad metrodadır. Əlində də bəzənmiş bir iri küknar ağacı var. Dərhal Muradın telefonunu yığdım:

- Ay Murad hardasan?

- Heç işim var, ana, axşam gələcəm…

- Hara gedirsən?

- İşim var da ana, gələndə deyərəm…

- “Neftiçlər” metrostansiyasında neynirsən?

- Uy daaa…. Ana, daha sənə sözüm yoxdur, metroda da sənin radarına düşürəm…

Həmin qızın arzusunu yerinə yetirmək üçün gedib bir bəzənmiş iri küknar ağacı alır. Gedib evlərində onları təbrik edir. Qayıdıb gələndə məhəllənin oğlanları Muradı təkləyib döyürlər. 6 nəfərin içərisində qızın əmisi oğlu da olur. Murad evə gələndə üstü başı cırıq-cırıq idi. Təlaşlandım. Bir də onda ayıldım ki, məhəllədəki dostlarını yığıb gedir “Neftçilər” tərəfə. Tez həmin qızın qohumlarını tapdım, uşaqları barışdırdım. 18 yaşları var idi də… Buna görə düşmənçilik etməyəcəkdim ki…


***

Murad hər yay qonşuların balaca oğlan uşaqlarını yığır, maşınına mindirib dənizə aparırdı. 6-10 uşaq olardı. Evdən çıxmazdan əvvəl uşaqları göndərirdi üstümə ki, gedin “ANABANK”dan pul alın, sizə peçenye alacam, su alacam. Uşaqlar da gəlirdi ki, Mehriban xala, bizə pul ver, dənizə gedirik. Deyirdim ay bala, qonaq sənindir, pulu məndən niyə alırsan ki?  Axşamüstü və ya  günorta uşaqları çimərlikdən qaytaranda, tumanlarını əlində saxlayıb, salırdı onları həyətə, uşaqlar da cücə kimi o baş-bu başa qaçıb çığırışırdılar ki, Murad bizim tumanımızı vermir. Valideynləri çıxıb gülürdü, o da uşaqlarla belə məzələnirdi. Uşaqları çox sevirdi, balam.


***

Murad mənə deyirdi ki, ana, sən məktəbimizin dərs hissə müdirini görəndə, onun yanından keçmə, uzaqdan keç. Deyirdim - ay bala, niyə? Yenə nə hadisə törətmisən? Dalaşqan idi, mehriban idi. Sinif rəhbəri deyirdi ki, siniflərinin qapısından böyük siniflərin oğlanları keçə bilmirdi, başının dəstəsi ilə, onlarla dalaşırdı.
Şəhid olandan sonra bildim ki, məktəbdə oxuyanda qızların hər birinə ayrı-ayrılıqda sevgi məktubu yazıbmış... Hər ay bir qızı sevirmiş... Sinif uşaqları o xatirələrini danışıb kədərli-kədərli gülürdülər.


***

Novruz  əyyamı idi. Bir də gördüm ki, ik qonşu gəlib qapını döyür ki, Murad zivələrimizin taxtasını götürüb, aparıb tonqal qalayıb. Heç nə demədim. Gedib hər qonşuya 4 metirlik zivə taxtası alıb gətirdim. Muradı dəcəl kimi tanıdıqlarından, başqa uşaqlar da etdikləri dəcəlliyi, cığallığı onun üstünə atırdılar.

 ***



Bir gün qonşu məhəllədə qabağımı kəsib dedi ki, Ay Mehriban, hamının uşağı yolla gedir məktəbə, Murad damların üstü ilə gedir.

Yenə dərsdən gələndə baxdım ki, üst-başı toz-tozanaqdır. Sorudum:

- Murad, niyə bu gündədir üstün-başın? Dərsə niyə yolnan getmirsən?

- Ana, məktəbin yaxınlığındakı it məni görəndə üstümə cumur?

- Murad hamının üstünə cumur ya sənin?

- Təkcə mənim.

- Niyə ay bala? İtin də yanında hörmətin yoxdur?

- Yox eeee..., onu çox cırnatmışam, indi məndən qorxur və zəhləsi gedir...

 Həmin it Muradın əlindən o qədər zara gəlmişdi ki, heç bir uşağın ayaqqabısını qapı ağzından götürmürdü, Muradın ayaqqabısını isə həmişə oğurlayıb aparırdı. Mən də gedib JEK-in, mağazanın yanından bunun ayaqqabılarını tapıb gətirirdim... Eh ay balam, dəcəl balam...


****

Həyətdə samovar qaynadıb, qonşuları başına yığırdı Murad. Anasının bişirdiyi qutabları götürüb qonşulara bölürdü, ana da ayılanda görürdü ki, 50 qutabdan dişə vurmağa biri də qalmayıb. Çayı süzəndə də deyirdi ki, evə aparacaqsınızsa stəkanı 50 qəpik, yerində içənə 30 qəpikdir. Hamı da Muradın başına yığışırdı. Qonşular Muradın şirin zarafatlarından, söhbətlərindən doymurdu. Muraddan sonra daha o küçədə samovar qaynatmırlar.


***

Murad döyüşə getməzdən 10 gün əvvəl məhəllənin içərisində anası ilə rastlaşır. Və sevincək ona deyir:

- Ana, həyətdə talvarın üstündən sənin üçün gözəl bir işıq plafonu bağladım. İndi həyət həmişə işıqlı olacaq. Ancaq ki, plafonun pulunu ver, lampanın pulunu istəmirəm.

Mehribandan 10 manat alıb, yola düşür Murad.

Mehriban evə gəlir, başını qaldırıb talvara baxanda, ağ rəngdə bir plafon görür. Eynəksiz olduğuna, yuxarıdan nə asıldığını seçə bilmir. Baxır ki, plafonun üstündə markası qalıb. Fikirləşir ki, bazar günü  həyəti süpürəndə plafonun üstündəki kağızı da qoparar.  Səhərisi günü işıqlı havada bir də başını qaldırıb plafona baxanda görür ki, bu ağzı bıçaqla əyrı-üyrü kəsilmiş, emulsiya qabıdır. Sən demə qonşunun emulsiya vedrəsini  götürüb, plafon əvəzi həyətə bağlayıb. İndi həmin emulsiya vedrəsi, Muradın əlindən yadigar qalmış işıq fənəri kimi özü olmayan həyəti işıqlandırır.

P.S: Bura qədər danışdıqlarımız 24 yaşında da içərisində bir uşaq ruhu gəzdirən Murad Qurbanovun həyatının məzəli səhifələrindən fraqmentlər idi. Əslində bir insan xarakterinin cizgilərini açmaq istədim. İstədim ki, biləsiniz ki, bir gözündə 7 faiz görmə, ayaqlarının altı düz, bir qolunda sınığı olan bu dəcəl oğlan əsgərliyə yararsız idi. Lakin bütün bu göstəriçilərinə rəğmən əsgər də gedib, Vətən qarşısında borcunu da vermişdi. Sonda isə Vətən müharibəsində də yaşıdlarından geri qalmadı.

                                                    


Bu dünyaya 1996-cı il martın 23-də bir Murad gəlmişdi, Salyan şəhərində. 2000-ci ildən isə anası və bacısı ilə Səbail rayonunun Bayıl qəsəbəsində yaşadılar. Murad buradakı 51 saylı məktəbə getdi. Sonra texnikumu bitirdi. Sonra isə Binə Ticarət Mərkəzində uşaq paltarları şöbəsində satıcılıq etdi. Anasının, bacısı İlahənin, qonşularının, dostlarının sevmlisi oldu. Ətrafında olan hər kəsin sevgi və rəğbətini qazandı. Bircə ata sevgisi və məhəbbətini görə bilmədi. Onun başını atasının əvəzinə dayısı tumarladı. Anası Azərbaycan Neft-Kimya İnstitutunun mühənbdislik fakültəsini bitirsə də, Bayıla köçəndən sonra Səbail rayonu Səfərbərlik İdarəsində əmək fəaliyyətini  davam etdirdi. İki ciyərparasını - qızı İlahəni və oğlu Muradı xoşbəxt görmək idi arzusu. Mehriban xanım atasız böyütdü balalarını. Bir saçını qara, birini ağ hördü. Vəfasız atadan heç nə istəmədi, özünə güvəndi, əməyinə güvəndi. Yurd salıb, ömür sürdüyü Bayıldakı məhəllədə qonşular ona həyan oldular, bacı-qardaş oldular. Hörməti elnən bir oldu Mehribanın.  


Polkovnik İlqar Mirzəyevin əsgəri...


Murad 2015-ci il iyulun 23-də  hərbi xidmətə yola düşdü. Onun ilk əsgəri xidməti Tərtərdəki N saylı hərbi hissədəki artilleriya bölüyündə başaldı. 2016-cı ilin mart ayının 23-də Mehriban  Bakıdan tədürükünü görüb, qətrə-qatar yükünü tutaraq, oğlunun görüşünə getdi. Hərbi hissəyə çatıb görüş aldı, oğlu üçün apardığı nemətlərə, yeməklərə onunla eyni bölükdə olan uşaqların hamısını qonaq etdi. Komandir, polkovnik İlqar Mirzəyevlə görüşdü. Oğlunu soruşdu. Həm də dedi ki, “komandir, mənim də balam bir dənədir, sənə tapşırıram. Göz-qulaq ol, oğlumdan. Cavabında polkovnik İlqar Mirzəyev belə dedi:

- Mehriban xanım, sizin xəbəriniz yoxdur, evinizdə bir qəhrəman böyütmüsünüz. Burada qulluq edən uşaqların hamısı mənim balamdır. Arxayın olun!

Murad ümidi, gümanı, arzusu, muradı idi Mehriban Qurbanovanın. Mehriban bilirdi ki, oğlu hərb sahəsini çox sevir. Necə də olsa, uşaqlıqdan Səfərbərlik İdarəsində böyümüşdü. İşlədiyi kollektivin də uşağı idi. Səfərbərlik İdarəsində onu məşhur bir kinoda deyilən kimi “Polkun oğlu” adlandırırdılar.

Mehriban Bakıya dönəndən üç gün sonra “Aprel döyüşləri”nin başlanması barədə xəbərdən narahat oldu. Muradın komandiri, polkovnik Mübariz Qurbanovla əlaqə saxladı. “Oğlumdan muğayat olun!” dedi.
“Mənim balamdan başqa kimsəm yoxdur, komandir. Dəliqanlıdır Murad, sözəbaxan deyil, birdən ön cəbhəyə gedər haaa... nəbadə onu önə buraxasınız”.

Komandir “Arxayın olun!”-dedi. Əslində hərbi hissədə daha təcrübəli nişanlayıcı və atıcılar olduğundan, əsgər Murad Qurbanova Tərtərdə qalmağı əmr etdi. Murad bilirdi ki, burada anasının əli var. Və birdən dönüb komandirə dedi: “Komandir, anamdan nə qədər pul almısınız? Əgər məni ön cəbhəyə yazmasanız, nazirliyə şikayət edəcəm sizdən...”.
Bu qəfil deyilən sözün qarşısında, komandir çox sarsıldı. Uşağın həm iti düşünməsinə, həm də vəziyyətdən çıxış yolu üçün belə bir fikri uydurmasına məəttəl qaldı. Özlüyündə düşündü ki, kaş bu uşaq bizim kəşfiyyatda olaydı, erməni dilini də öyrənəydi... Nə bilmək olar, gələcək göstərər. Bizim hərbi hissəyə belə cəsarətli və qorxmaz, əsgərlər lazımdır.... Və komandir həmən əsgər Qurbanova əmr etdi:

- Əsgər Qurbanov, döyüşə getməsəydik, səni cəzalandırardım, ancaq indi döyüşə gedirik. Hazırlaş min maşına. Sən ön cəbhədə  döyüşəcəksən!!!


Murad sevincindən  özünü saxlaya bilməyib, komandirə hərbi təzim etdi və sonra dedi:

-  Komandir, özüm ölüm, kişi adamsınız. Mən sizinlə zarafat edirdim.

Aprelin 3-ü və 4-ü ön cəbhədən həm torpaqlarımızın alınması xəbəri , həm də şəhid xəbərləri gəlirdi. Bütün Azərbaycan anaları kimi Mehribanın da ürəyi qan ağlayırdı, əsgərlərimizin göstərdikləri rəşadət xəbərlərinə isə gözüyaşlı sevinirdi. Anası Murada zəng vuranda oğlan söhbəti tez bitirib, “Ana, mənə iş tapşırıblar, sonra zəng edərsən”- deyib, yayınırdı. Elə bu qarışıq günlərdə Tərtərdəki hərbi hissədə qulluq edən bir zabit  Mehriban xanıma zəng edərək, həyat yoldaşına münasib həkim tapmaqda yardımçı olmasını istədi. Mehriban onunla görüşdüyündə, oğlu Muradı soruşdu. Zabit Muradın  döyüşə yollandığını, Qaradağlıda ehtiyat hərbi hissədə olduğunu  bildirdi. Yer Mehribanın ayağını altından qaçdı. Həmin gün nə qədər zəng etsə də, Muradın komandiri Qurbanov telefona cavab vermədi. Daha sonra isə öyrəndi ki, Murad Ağdamın Quzanlı kəndindədir. Bilirdi ki, oğlunun xidmət etdiyi hərbi hissə həmlə  bölüyüdür. Dizlərini yerə qoyub Tanrıya əl açdı: “Ay Allah, mənim səndən başqa gümanım- amanım yoxdur. Düşmənlə üz-üzə gələn balalarımızı, övladlarımızı qoru!”- deyə göylərdən imdad dilədi.
Səhərə yaxın telefonuna zəng gəldi. Baxdı ki, oğlunun komandiridir.  Elə ilk dediyi söz bu oldu: “Mehriban xanım, Muradı arxada saxlaya bilmədik. Narahat olmayın, burada döyüşə girən hamının Allahı var. Bizi ona tapşır...”. Mehriban çarəsiz halda: “Komandir, Murad amanatı, o mənim bir dənəmdir. Məni çiyinlərində son mənzilə Murad aparacaq...”- deyə bildi. Sonra Muradla danışdı. Murad anasının qarşısında günahkar olduğunu bilirdi. Yenə şirin dilini işə saldı: “Ana, darıxma, gəlib sənə nələr danışacam...”. Oğlu ilə danışdıqdan sonra, bir az ürəyinə təpər gəldi.


Həmin günün səhərisi Mehriban işdən evə qayıtdıqda həyətlərində polis maşını, təcili yardım briqadası, icra nümayəndəsi və tanımadığı adamların yığışdığını gördü. Gördüyü mənzərədən dizləri tutuldu. Elə MİK-in (mənzil istismar kontoru) qarşısında yerə çökdü. Yoldan gedən qonşunun birindən nə baş verdiyini soruşdu. Qonşu dedi ki, məhəllədə tək yaşayan qadın ölüb. Ona görə gəliblər...”. 
Bundan sonra yenə dərindən nəfəs aldı. Tanrıya şükr elədi ki, qapısına oğlunun qara xəbəri gəlməmişdi. Lakin evə getməyə taqəti qalmamışdı. Həmin gecə məlum oldu ki, Mehriban infarkt keçirib. Lakin oğluna bu haqda heç nə bildirmədi.

Aprel ayında  düşmənlə üzbəüz mövqelərdə yenidən atəşkəs elan edildikdən sonra, Murad Qurbanov Ağdamın Quzanlı kəndi yaxınlıqdakı hərbi xidmətini davam etdirdi.
Hər həftə Bakıda bir taksinin baqajını əsgərlərin yeyə biləcəyi ərzaq və su ilə doldurub, oğlunun xidmətdə olduğu hərbi hissəyə göndərirdi. Əslində sanitar qaydalara gör və təhlükəsizlikləəlaqədar belə bağlamaları götürmək qadağan idi. Lakin Mehriban Qurbanovaya etibar var idi. Artıq oğlu ilə xidmət edən bütün əsgərlərin anası idi. Qadının bu təşəbbüsünə məhəllədəki imkanlı qonşular da qoşulmuşdular.

2017-ci iln yanvarında Murad da hərbi xidmətini başa vurub evə qayıtdı. Özü ilə polkovnik İlqar Mirzəyevin verdiyi təşəkkürnaməni də gətirmişdi. Tək oğul böyüdən ana üçün bundan gözəl nə ola bilərdi ki?

Murad anasına əsgərlik xatirələrini belə  nəql elədi:

“Kənd uşaqları bir başqa cür olur. Bizim tabordakı kənd uşaqları ilanın başını kəsib, ağaca bağlayırdılar. Sonra onun dərisini soyurdular. Ocaq qalayırdılar. İlanı doğrayıb lapatkanın içərisinə qoyub, ocaqda bişirirdilər. Ana, Quzanlı kəninin adamları da çox mehriban və qonaqpərvərdirlər. Kəndin camaatı bizə çox hörmət etdi. Qoca bir kişi var idi. Gəlirdi hərbi hissənin yaxınlığına. Deyirdik ki, yaxınlaşma atəş açarıq. Deyirdi ki, yox eeee, ay bala, atəş açmayın, bu vedrəyə sizin üçün yemək qoymuşam, ipi çəkin onu götürün. Vedrəni çəkirdik özümüzə sarı. Ağzını elə səliqə ilə bağlayırdı ki, içərisindəkilər tökülməsin. Vedərədə, bişmiş toyuq, ət, yumurta, kartof, pendir, göyərti, çörək olurdu. Kənd camaatı evində nə varsa, bizdən əsirgəmirdi.

- Yaxşı, ay Murad bu “Təşəkkür məktubu”nu niyə almısan?

- Topçular bölüyünün komandiri Mübariz Qurbanovla bir dəfə gecə saat 10-da düşmənlə üzbəüz döyüşə girdik. Minmyotumuzu hazır vəziyyətə gətirdik. Birimiz nişanladıq, birimiz tuşladıq. Komandirimiz ilə birlikdə düşmənin bir zirehli texnikasını, üç canlı qüvvəsini məhv etdik. Erməni çox qorxaq millətdir. Bizi görəndə dovşan kimi qaçırdılar.


Nişan üçün alınmış  101 dənə qızılgül


...Murad hərbi xidmətini başa vurduqdan sonra, özünə uyğun iş yeri tapmadı. Bir aya qədər şəhərdə boş-bekar gəzdi. Belə olmazdı. Anasından  əhlikef  kimi pul almaq xüsusiyyəti yox idi. Özü nəsə qazanaıb evə gətirəndə, könlü də rahat olurdu. Anasının yardımını isə geri qaytarmırdı. Lakin hər şeyin bir həddi olduğunu gözəl  bilirdi. Çıxış yolunu Binə ticarət mərkəzində xırda alver etməkdə gördü. Bir uşaq paltarları dükanı götürüb, onu işlətməyə başladı. Bu günlərin birində isə könlü bir qıza düşdü. Qızın adı Nəzrin idi. Nə illah etdisə, qız onunla danışmağa razılıq vermədi, dedi ki, əgər mənimlə danışmaq istəsən, əvvəlcə analarımız görüşməlidir. Murad bir gün  istəyini anasına bildirdi. Mehriban oğlunun xasiyyətinə bələd idi. Bəzi analar kimi oğluna əvvəlcədən qız bəyənmədi. Çünki Murad ipinin üstünə odun yığılası adam deyildi. Muradın öz qanunları var idi. Və bir də ki, artıq evinin kişisiydi Murad. Bilirdi ki, düşünülməmiş addım atan deyil. Nəzrinin anası ilə tanış oldular. Ailələrin sosial durumu eyni idi. Murad atasız böyümüşdü, Nəzrin də atasını çox erkən itirmişdi. Qız evinə elçi gedəndə isə Mehriban oğlunun xarakterindən danışdı, Nəzrinə dedi ki: “Sənin güləyən, zarafatcıl kimi tanıdığın Muradın həm də qısqanc xasiyyəti var. O sənə çox şeyləri qadağa qoyacaq. Bunlara dözə biləcəksənsə, ocağımın başında yerin var”.

2020-ci ilin avqust ayında nişan hazırlıqlarına başladılar. Nişan üçün 101 qızılgül almışdı...

“Bir-birlərinə elə yaraşırdılar ki... Boylu-buxunlu idi balam. Şəkil kimi oğlan idi”, - deyə ana oğlunun xoş günlərini xatırlayır.


Qayıtmaq üçün gedirəm...  


Vətən torpaqlarını düşməndən azad etmək üçün nisbi səfərbərlik elan edildiyindən Mehriban Qurbanova  demək olar ki, evə gecə saat 3-də gəlirdi. Səbail rayonunun hərbi çağırış və səfərbərlik məntəqəsi 49 saylı internat məktəbə köçürülmüşdü. Könüllülər dayanmadan gəlib  döyüşmək üçün yazılırdılar. Artıq təkcə bu rayondan könüllü yazılanların sayı 600-ü keçmişdi. Adlarını siyahıda görməyənlər əsəbiləşir, qışqırır, narazılıq edirdidlər. 15 yaşından 70 yaşına qədər ayağı yer tutan, əli silah tuta bilən Səbail sakinləri döyüşə getmək üçün növbəyə dayanmışdılar. Murad da anasının yanından əl çəkmirdi. Sənədləri hazırlayan, gecə-gündüz çalışan hərbi əməkdaşlar üçün su, çay, yemək alıb gətirirdi. Hələ dəhlizlərdə tanıdığı zabitləri görəndə də, onlardan xahiş edirdi ki, anasını yola gətirsinlər. Eyni zamanda hər 1 saatdan bir anasından soruşurdu: “Mehriban, nə oldu... Hamı getdi, mənim adım niyə çıxmadı...”. Mehriban xanım da əlacsız-əlacsız, oğlunu hürkütməmək üçün deyirdi ki, adlar Müdafiə Nazirliyində təsdiq olur, sonra gəlir.

Qonşuluqda yaşayan Bilal Qənbərovu da çağırdılar. 29 sentyabrda yenə anasının iş otağına gəlib naraz-narazı soruşdu:

- Ana, bunlar məni niyə çağırmırlar?

- Ay Murad sənin sağlamlığında müharibəyə yaramayan qüsurların var ay bala....  Qanun nə deyirsə, odur.

- Ay ana, vallah burada sənin əlin var...

- Ay bala, görürsən ki, nə qədər şəhid gəlir. Getmə...

- Olsun da, ana, siz günah edirsiniz. Orada 1 uşağı olan, 2 uşağı olan atanı aparırsınız, uşaq yetim qala bilər. Mənim ki, əmanətim yoxdur. Mən getməliyəm, başa düş məni... Düşmən mənim komandirimi - İlqar Mirzəyevi şəhid edib. Qanını almalıyıq...

- Ay bala, o dediklərin komanda ilə çağırılanlardır. Hamısının qisası alınır şükür Allaha...

Oğlu ilə aralarında baş verən həmin mübahisələri belə xatırlayır ana:

- Murad onsuz da könüllü yazılmaq üçün bizim məntəqəyə müraciət edirdi. Onun adı gələndə isə silirdim. Fikirləşə bilərsiniz ki, digər oğlanları yola salır, öz oğlunu saxlayır. Qanunda belə qüsurlarla, adətən müharibəyə aparmırlar. Əlbəttə Murad da heç kimin balasından artıq deyil ki, lakin o artıq “Aprel döyüşləri”ndə də iştirak etmişdi. Əslində öz borcunu vermişdi Vətən qarşısında. Muradın bir gözü tam zəif görür, bir qolu da sonradan sınmışdı, birdəki, yuxarıda qeyd etdiyim kimi, ayağının altı düz idi.

İ
şi belə görəndə Murad Müdafiə Nazirliyinin “qaynar xətt”inə onlayn müraciət edib.

- Mən də  operatorlara oğlumun telefon nömrəsini verib dedim ki, onu yazmayın, gedib kiməsə yük olar. Murad mənimlə mübahisə edəndən sonra yenidən nazirliyin “qaynar xətt”inə telefon açır. Ondan soruşurlar ki, sənin anan Mehriban Qurbanovadır, “yox” deyib, operatoru yanıldır. Deyirlər ki, axşam saat 9-da yola düşəcəksiniz. Murad hərbi çağırış məntəqsindən tez-tələsik evə gəlir. Otağına qalxıb, ən təzə paltarlarını, krassovkasını geyinir, toyu üçün aldığı bahalı ətirini açıb üstünə səpir. Gedir bərbərxanaya saçlarını toya gedən qonaqlar kimi qaydaya salır. Bacısı İlahə qabağını kəsib, nə qədər yalvarırsa, onun da sözünü yarımçıq qoyur. Bacısı dalınca ağlaya-ağlaya qalır...

- Axşam düşmüşdü. Otaqda  yola salacağımız əsgərlərin sənədlərini yazırdım. Bir də baxdım ki, stolumun üstünə bir çağırış bileti atıldı. Üstündə “Qurbanov Murad” yazılıb. Başımı qaldırdım ki, dayanıb qabağımda. Gözləri dolmuş halda yalvardım:

- Murad getmə...


- Mehriban, Qurana and olsun ki, mən bu axırıncı  avtobusda getdim, getdim. Getməsəm, taksi ilə gedəcəm.. Hamı deyəcək ki, anası hərbi idarədə işləyir, ona görə getmədi. Qrup yoldaşlarımın şəhid xəbəri gəlib. Ana, mənim orda, indi döyüşən qrup yoldaşlarım var. Heç nəyi yox, Xocalıda donub qalan uşaqları unuda bilmirəm. Gərək onların qanını alaq.

-Murad, məni kimə tapşırıb gedirsən? Müharibədən yayınmamısan, xəstəyəm, bacın təkdir, işləmir. Bacın sənə əmanətdir. Balaları başsızdır. Sən getdin, mənə nəsə oldu, son mənzilə kim aparacaq?

- Ana, camaat sənə adam tapşırır, səni kimə tapşıracam ki...


Qolundakı saatını açdı və telefonunu atdı əl çantama. Qoluna bir gümüş qolbaq qaldı. Baxdım ki, uşağım gedir əlimdən, saxlaya bilmirəm. Baxıram uşağıma, 180 sm boy. Yaraşıqlı. Dedi Mehriban, qolbağımı qolumdan çıxarmıram. Minaya-zada düşsəm, bu qolbaqdan məni tanıyın.

Getdi oturdu Səbaildən həmin gecə çıxan axırıncı avtobusa. Baxdım ki, balam gedir əlimdən. Qucaqlayıb öpmək istədim. Dedi ki, ana, burada elə uşaqlar var ki, yanlarında anaları yoxdur. Öpmə məni.  Dedim ay bala, avtobusda olan bütün uşaqları öpüb, xeyir-dua verib yola salacam. Uşaqların hamısı ilə görüşdüm. Dedim ki, uşaqlar baxın ha, birdən çətinə düşsəz, ölünüz gəlməsin, öldürüb gəlin. Torpağı alıb qayıdacaqsınız. Hamınız da sağ-salamat mənim yanıma dönəcəksiniz!!!
Murad da oturub qabaq oturacaqda. Qoymadı öpüm onu. Səhərisi gün getdim Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki hərbi hissəyə, gözlədim ki, gəlsin, görüm onu. 1 saat yarımdan sonra çıxdı. Dedim, bala gəl qayıt, dön bu yoldan, bizi intizar qoyma. Dedi belə fikri heç ağlının ucundan keçirmə. Qolunda bir gümüş qolbaq var idi. Dedi ki, bunu qolumdan çıxarmıram. Nişanlısı da gəldi. Ayrılanda ona dedi ki, Nəzrin, gedib-qayıdacağam. Diplomunu mənsiz alma, gedib birlikdə götürəcəyik.

2020-ci ilin 30 sentyabrında Mehriban xanım son dəfə oğlunu belə yola saldı...



Bildim ki, balam gəlir, arzusu talan gəlir


Səbail rayonundan olan könüllü çağırışçıların Bakıdan başlayan yolu əvvəl Beyləqana, sonra Cəbrayıla uzandı. Anası ilə telefonla danışanda  təhlükəsizlik qaydalarına uyğun olaraq, yerini demirdi. İşarələrlə, kodlarla danışırdı. Belə telefon danışıqlarının birində yenə anasına etiraz etdi:

- Ay ana, burda da qoymursan rahat oturum, indi də dostların Füzulidən olduğumuz yerə su və yemək gətiriblər. Ancaq burada hamı ilə birlikdə yemək ləzzət edir. Buna görə də çox sağ ol... Burada hər şey yaxşıdır. Bizdən nigaran olma.

Əslində isə vəziyyət heç də yaxşı deyildi. Yanında bomba atıla, mərmi partlaya, bir az öncə tanıdığın yaşıdın şəhid ola, komandirin yaralana, kiminsə başı bədənindən ayrıla, kiminsə qolu qopub yerə düşə... Bütün bunları görüb və müşahidə etmək və sonra da qisas hissi ilə düşmən üzərinə yerimək, həmlə etmək insandan xüsusi ruh və əzmkarlıq tələb edir. Vətənin müdafiəsinə könüllü qalxan Azərbaycan oğulları isə bunu çox gözəl bacarırdılar.
Onlar irəlilədikcə, qələbənin nişanəsi olan düşmən leşləri ətrafda cansız qalırdı. Murad o leşlərin yanından keçdikcə qışqırırıd: “Al gəldi, bu Xocalının qisası, bu Kəlbəcərə görədir, bu Laçındır, bu Ağdərədir, bu Mübarizə görədir, Bu generala görədir...”.


Taborda da artıq Muradı deyib-gülən bir oğlan kimi tanıyırdılar. Anası Mehriban isə harada olsa da, onu tapıb telefon əlaqəsi saxlayırdı. Hadruta gedən yolda olarkən anası ilə telefonda belə dialoqu oldu:

- Murad, salam.

- Salam ana.

- Necəsən balam, özünü qoruya bilirsənmi? Hansı tərəfdəsiniz?

- Ana, oturmuşuq burda təbiəti seyr edirik.

- Ay bala o nə guppultudur gəldi?

- Heç nə, şkafdan qab düşdü...

- Bəs o bərk gələn səs nə idi?

- Heç, oğlan su gətirirdi, büdrədi yıxıldı, vedrə əlindən düşdü, onun səsidir...

Beləcə anası ilə danışanda da zarafat edə-edə onu yayındırmaq istəyirdi.


Oktyabrın 9-u isə anasına sonuncu mesajını yazdı: “Məndən nigaran olmayın, telefonumuz bir neçə gün açıq olmayacaq!”.

Aşağıdan xəbər verdilər ki, 4-cü tabor artıq Hadruta girib. Arxadan gələn 5-ci tabor isə mövqeləri əldə saxlamaq üçün irəliləyirdi. Səhər saat 6-dan yola çıxmışdılar. Gündüzlər yuxarıdan düşmən atəşinə tutulurdular, gecələr isə yollar qərib olduğundan azıb, pusquya düşmək ehtimalı var idi...

Ayın 10-u Muraddan cavab gəlmədi. Yarpaq kimi əsirdi Mehribanın ürəyi. Ön cəbhədən həm qələbə, həm də şəhid xəbərləri gəlməkdəydi. Bütün ölkəmizin vətəndaşları, bütün dünya Ali Baş Komandan İlham Əliyevə qulaq kəsilmişdi. Hər kəs onun verəcəyi qələbə xəbərlərini, əsgərlərimizin qəhrəmanlıq şücaətləri barədə xəbərləri eşitməyə təşnə idi. Sevinc və kədərlə dolu göz yaşları bir-birinə qarışmışdı.


Azərbaycan Ordusu irəliləyirdi. Zəfərlə, Qələbə ilə, düşməni xar edə-edə irəliləyirdi. Murad Qurbanov və onun da aid olduğu tabor gedib Hadrutun mərkəzində oturmalıydı. İndi erməni hər vəchlə əlindən çıxan bu ərazi uğrunda mübarizə aparırdı. Lakin artıq Tanrının da səbri tükəndmişdi. 30 il ərzində öz sahiblərinin ayaqlarının izinə həsrət torpaqlar indi əsgələrimizin ayaqlarına güc, qollarına qüvvət verirdi. Bayılda Muradla eyni qəsəbədə yaşayan Nicat Şükürlü, Vuqar Mehdiyev də onunla birlikdə gedirdilər. Ölümün, qorxunun üzünə dik baxa-baxa, ölümü öldürə-öldürə gedirdilər.


Murad cəsarəti, yorulmazlığı, fədakarlığı və qələbə ruhu ilə hamıdan seçilirdi. Tez-tez öndə, kəşfiyyata gedən, döyüş yoldaşları üçün təhlükəli şəraitdə uzaq məsafədə olan kəndlərdən ərzaq və su gətirirdi. Döyüş meydanından yaralıları, Şəhidlərimizi çıxarıb təxliyə qrupuna verirdi. Düşməndən layiqincə qisas alaraq işğalçıların başına od ələyən bir döyüşçü kimi hamının hörmətini qazanırdı. Bura elə yerdir ki, kimin kim olduğunu bir saatın içərisində təyin edirsən.


3 gün idi ki, 4 və 5-ci tabor dayanmadan irəliləyirdi. Səhər saatlarında bölük komandiri uşaqlara dincəlmək üçün zaman verdi. Muradın ətrafında nə qədər dostu, tanışı həlak olmuşdu. Bilirdi ki, belə bir qara güllə onu da haqlaya bilər. Həmin vaxt kəsiyindən istifadə edib  nişanlısı Nəzrinə belə mesaj göndərdi: “Nəzrin, gedirəm, darıxma, başını uca tutarsan. Mən şəhid olsam, pis olma. Bircə şey xahiş edirəm ki, Murad öldü deməyin, şəhid oldu deyin!. Alnın açıq olacaq, başın dik olacaq!”.
Su çəlləyi qoyulan ağacın altına yaxınlaşanda yuxarıdakı mövqelərdən ermənilər onların dayandığı yerə minamyot mərmisi atdı. Mərmi uşaqları göyə qaldırıb, yerə çırpdı... Şəhid olanlar Nicat Şükürlü, Murad Qurbanov, Natiq Əhmədov idi... Onlar Vətən yolundan canlarından keçərək Tanrıya doğru uçmuşdular!!!


Bakıda oğluna telefon zəngi çatmadığından Mehriban xanım gündə min dəfə ölüb-dirilirdi. Əli heç yerə çatmırdı. Kimsə ona oğlu  haqqında xəbər söyləmirdi. Oktyabrın 13-də İlahə yenə qardaşının telefon nömrəsini yığdı. Bu dəfə  telefona cavab verən başqası idi. İlahə həmən qardaşını soruşdu. Dedi ki, bu mənim qardaşımın nömrəsidir. Anam narahatdır. Verin qardaşıma telefonu. Telefona cavab verən adam Muradın şəklini istədi. İlahə həmən qardaşının şəklini göndərdi. Ancaq bilmədi ki, şəkli niyə istədilər...

Bir az sonra  bacısına Muradı tanımaq üçün bir neçə şəkil göndərdilər. Şəkillərdə Muradın gözləri açıq, üstü başı qanlı, üzü gülürdü... dünyanın ən xoşbəxt gülüşü var idi sifətində. İlahə bu qara xəbəri anasına verdi.

Mehriban Qurbanova oğlunun qara xəbərini alanda işdə idi. Səsinə bütün bina yığıldı. “Muradım vayyyy!!!”-deyib haray çəkdi. İş yoldaşları onu evə gətirdilər. Baxdı ki, məhəllə bayraqlarla bəzənib. Muradın tabutunu o balaca dar dalandakı məhəlləyə gətirdilər. Evləri çox balaca olduğundan tabutu elə küçədə qoydular.
Həmin ağır günlərini belə xatırlayır ana:

- Bildim ki, balam gəlir. Arzusu talan gəlir. Həmin gün işdə qonşu Təranənin oğlu Əli Tağıyevin şəhid xəbərini də almışdım. Mənə dedilər ki, sən de. Dedim ki, deyə bilmərəm. Onsuz  da həmin xəbərdən viran olmuşdum.
Tabutu açdırıb baxdım, əlindən-ayağından, çənəsindən tanıdım. Üzü azca tüklənmişdi. Görəsən 1 metr 80 sm boyu olan balamın boyu necə sığdı tabuta? Necə yerləşdi ora? Adam anasının üstünə belə gəlməzdi. Muradı həyətdə yer olmadığından tabutu morqa apardılar. Mən də getdim balamın dalınca. Bir də açdırdım üstünü. Bir də baxdım balama... Bir də gözümü açanda başımın üstündə adamlar gördüm. Muradımı soruşdum. Dedilər ki, dur otur, Muradı gətirirlər. Morqdan məni evə necə, hansı vəziyyətdə gətiriblər xəbərim olmayıb. İş yoldaşlarım, bütün səfərbərlik xidmətinin işçiləri, qonşularım, dostlarım, tanışlarım, bütün Salyan rayonu  bu həyətə sığmışdı. Dəliqanlılığından polislərlə “qaçı-tutdu” oynayan balama indi polislər təzim edirdilər. Əmrə tabe olmayan balamın əmrinə tabe idi hamı. Birinci qəlpə ürəyindən dəyib, sonra qarnından, qıçından, qollarından dəyib. Sevinirəm ki, ürəyinə dəyən kimi keçinib, sonrakı ağrılardan xəbəri olmayıb. Quş kimi uçub balam. İnanmıram ki, ona qəlpə dəyəndə məni çağırmamış olsun. Çünki o hər zaman köməyinə məni çağırırdı. Əlləri xınaya batmamış, öz qanına batdı. Murad toyuna nə alacaqsa hamısını seçmişdi, bütün hazırlığını görmüşdü, toy dəvətnaməsi siyahısını yazmışdı.  Nişanə verdiyi qolbağı  balam şəhid olandan sonra, gedib Daşburunda qanın içərisində tapdım.


Məhəllənin gircəyəində şəklini böyüdüb vurdurmuşam. 2021-ci ilin çərşənbə axşamları və Novruz bayramları günlərində bu məhllənin uşaqları tonqal qalamadı. Dedilər ki, bizim üçün tonqalın ən gözəlini Murad qalayırdı. Oğlumun arzusu idi ki, müharibə bitəndən sonra Məşhədə və ya Kərbəlaya getsin. Bu yaxınlarda bir videolentdə Muradın şəklinin Kəbəlada divara vurulmuş gördüm. Bir iraqlı qız da onu qucaqlayıb öpdü. Murad getmədiyi yerə şəkli getdi. Şəkli gedibsə, ruhu da ordadır bilirəm. Arzuları da özü ilə apardı Murad.


Muncuq-muncuq axıdır göz yaşlarını Mehriban xanım. Yağış belə yağmaz, tufan belə qopmaz. Ana dərddən dəli kimi danışır. Bala dərdi nə yaman olurmuş.



Bir məktəblinin Murada yazıdığı məktub...


Söhbətinin sonunda Mehriban ana Muradın  məzarı üstündən tapdığı bir məktəblinin məktubunu oxudu mənə. Orada belə yazılmışdı:

“Salam mənim nur üzlü şəhidim. Sənə bu məktubu yazan mənəm - Balaxan. Mən hər il Şaxta babaya məktub yazıram, amma bu il sənə yazıram. Bu il Şaxta babadan səni geri qaytarmağını istədim. Amma bilirəm ki, bu mümkün deyil. Çünki sən cənnətdəsən. Sən məni tanımasan da, mən səni tanıyıram. Sən mənim şəhid Muradımsan. Biz yaşayaq deyə, öz canından keçən şəhid Murad! Yolda hər tərəfdə sənin şəklini görəndə fəxr edirəm səninlə. Ruhuna salamlar diləyirəm. Sənə canım qurban olsun, şəhid Murad! Anam deyir ki, sən məni görürüsən. Axı şəhidlər ölməz! Yəqin sənə yazdığım məktubu oxuyacaqsan. Mənə cavab yaza bilməyəcəksən, bilirəm. Əsas odur ki, oxuyacaqsan. İstədim bayramını bu məktubla təbrik edim. Əgər məni görürsənsə, bil ki, səni tanıyan gündən çox istəyirəm. Sən həm də çox gözəlsən. Yeni ilin mübarək, Şəhid! Tez-tez sənə gül gətirəcəyəm.

Yazdı, Teymurov Balaxan. 2020-ci il dekabr”.


Söhbətimizin sonunda anadan Muradın nişanlısını soruşdum. Dedi ki, o qızın da arzuları ürəyində qaldı. Muradın tabutunun üstündə uzun buruq-buruq saçlarını yoldu. Ağladı-sızladı, qışqırdı ki, “sən mənə söz vermişdin ki, atam-qardaşım olacaqsan... Bu necə etibar, necə vəfadır?! Niyə peşiman etdin məni?”.
Üzüyü qaytarmaq istədilər. Qəbul etmədim. Dedim ki, Murad onu sənin üçün alıb. Dedim qızım, nə qədər ki, ailə həyatı qurmamısan, mən sənin qapına gəlinim kimi gələcəm, ailə həyatı qurandan sonra isə gözümü və əlimi çəkəcəm. İndi uşaqdır, deyir ki, siz mənim anamsınız. Deyirəm ki, elə demə. İndi başı qanlıdır. Cavandır. Ancaq  gələcəkdə, başı ayılandan sonra, yəqin ki, həyatı başa düşəcək. Murada Tanrı bəxt yazmadı, qoy sevdiyi xoşbəxt olsun!


Murad Qurbanov Cəbrayılın, Füzulinin, Hadrutun azad olunması əməliyyatlarında iştirak etdi. Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olundu.
Fikirləşirəm ki, indi bu uşaqların adını yaşatmaq üçün Səbail rayonunun 15 şəhidinin adı küçələrə verilsə, dünya dağılmaz!. Qəhrəmanlıqların yaşaması üçün bağçalar, məktəblər, meydanlar, küçələr, parklar yaşatmalıdır o uşaqların adını...


Aida Eyvazlı GÖYTÜRK

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər