Modern.az

İki dəfə məzarı dağıdılan BAKILI MİLYONÇU...

İki dəfə məzarı dağıdılan BAKILI MİLYONÇU...

İqtisadiyyat

4 Mart 2020, 13:02

4 mart tarixi Vikipediya-da məşhur neft milyonçusu Musa Nağıyevin vəfat etdiyi gün kimi göstərilib.

Modern.az-ın məlumatına görə, M.Nağıyev 1842-ci ildə Bakı quberniyasının Biləcəri kəndində anadan olub. Bibiheybət ərazisində yerləşən ona məxsus olan torpaq sahələrindəki mədənlərdə bir-birinin dalınca vuran neft fontanları onu neft milyonçusu edib. Onun oğlu İsmayıl vaxtsız vəfat etdiyindən İstiqlaliyyət küçəsində tikdirdiyi bina da İsmayılın xatirəsinə "İsmailiyyə" adlandırılıb.
28 may küçəsindəki qoşa imarətlər, yenə həmin küçədə qırmızı kərpicdən tikilmiş əzəmətli bina, Nizami küçəsində Opera teatrının yanındakı yaşayış evi, Azərbaycan prospektində köhnə Mərkəzi poçt binası, Nigar Rəfibəyli küçəsindəki əzəmətli yaşayış binası, Səməd Vurğun küçəsində Qış klubu (indiki Zabitlər evi), "Astoriya" və "Yeni Avropa" mehmanxanaları və sair bu kimi şəhərin gözəgəlimli binaları Ağa Musa Nağıyevin vəsaiti hesabına tikilib.
Musa Nağıyev 1919-cu ilin mart ayında 77 yaşında vəfat edib.

Musa Nağıyevin çox maraqlı həyat hekayəti var...


Ağa Musa Nağıyev 1849-ci ildə Bakı quberniyasının Biləcəri kəndində çox kasıb ailədə doğulmuşdu. Atası Nağı ailəsini saman satmaqla dolandırırdı. O, vəfat edəndə Musaya heç bir miras qalmamışdı. Əksinə, onun 300 manat borcu var idi.  Bu vaxt Musa 25 yaşında idi.

Təbiəti etibarı ilə zirək adam olan Ağa Musa kənd təsərrüfatı ilə məşğul olmaq üçün torpaq sahəsi almaq istəyirmiş. O, bir neçə il qəpik-qəpik pul yığaraq axırda lazım olan məbləği düzəldib və Bibiheybətdə torpaq sahəsi almağa müyəssər olub. Torpağı suvarmaq üçün quyu qazmağa başlayanda taleyi onun üzünə gülür: o qədər də dərin olmayan quyudan neft fəvvarə vurur. Musa gecə-gündüz quyunun başından aralanmadan, ən ağır işləri özü görür, elə fəhlələrə də dinclik vermir. Bu fontan hamballıqla dolanan Musanı neft sənayeçisi Ağa Musa Nağıyevə çevirir.

Gəliri artıqdca o, Sabunçuda, Ramanada və Suraxanıda yeni yataqlar alır və istismarına başlayır. O, istehsalın təkmilləşdirilməsi məsələsini də unutmur. Başqa neft sənayeçilərindən nümunə götürən Nağıyev Qaraşəhərdə əvvəlcə kiçik neft emalı zavodu tikdirir, sonar onu genişləndirir. Bir müddət sonra Xəzərdə onun ilk gəmisi peyda olur.
O zaman cəmiyyətdə bəxti gətirərək “adam olmuş” neft sənayeçilərini tanımaq istəmir, onlar barədə rəvayətlər danışırdılar.

Başqa neft sənayeçilərindən fərqli olaraq Ağa Musa Nağıyev mühafizəçi saxlamırdı. Bir dəfə kiminsə sifarişi ilə qoçular onu girov götürmüş və şəhər kənarında bir zirzəmidə saxlayıb 20 min manat tələb etmişdilər. Əks təqdirdə onu öldürməklə hədələmişdilər. Ancaq Ağa Musa küçədə böyümüşdü, onun qayda-qanunlarını bilirdi və özünü müdafiə etməyi bacarırdı. Kəsəsi o, axırda cəmi min manatla canını qurtarır.

Bir dəfə bir qəbul zamanı Ağa Musa Nağıyevi xeyriyyə aksiyasında iştirak etməyə dəvət edirlər. O, məcməyiyə az bir məbləğdə pul qoyur. Bunu görən xeyriyyəçilər baxışırlar və bu, Ağa Musanın nəzərindən yayınmır. “Nə olub?” – deyə o, nəzakətlə soruşur. O zaman onlar deyirlər ki, bir az əvvəl onun oğlu bundan 3 dəfə artıq pul ianə edib.

– Nə olsun, bu təəccüblü deyil, - Ağa Musa cavab verir, - o, milyonçu oğludur, mən – samançı.

Rəsmi məlumatlara görə, o illərdə Nağıyevin Balaxanı, Ramana və Sabunçu kəndlərindəki neft mədənlərində 45 məhsuldar, həm də texniki baxımdan yaxşı təchiz edilmiş quyu vardı və onlarda 800-dən artıq fəhlə işləyirdi. Uğurun əldə edilməsində şirkətin müdiri, istedadlı azərbaycanlı mühəndis Fətulla bəy Rüstəmbəyovun və mədənlərin rəhbəri mühəndis-geoloq Hüseyn xan Talışxanovun rolu böyük idi. Artıq 1908-ci ildə Ağa Musa Nağıyev 12.328.300 pud xam neft hasil edərək rekord səviyyə göstərmişdi. Beş il ərzində, 1913-cü ilədək isə onun müəssisələri artıq ən iri Azərbaycan şirkətlərinin ilk onluğuna daxil olmuş, müxtəlif illərdə 6-7-ci yerləri tutmuşdu. 

Neftin hesabına qısa müddətdə varlanan Nağıyev sərmayəsini daşınmaz əmlaka yatırmağa başladı. Bu, daha az gəlirli olsa da, əvəzində daha etibarlı qaynaq idi.

Özünün tikinti meylini o, atasının vəsiyyəti ilə izah edərdi: “Allah ev tikənin ömrünü uzadır. Yadında saxla, oğul, nə qədər tikəcəksənsə, ömrün o qədər uzanacaq”.

Ağa Musa Nağıyevin gəlir götürdüyü binaları “Qasımov qardaşları və K” şirkəti tikirdi. Müxtəlif qaynaqların yazdığına görə, ümumilikdə M.Nağıyev Bakıda 98-ə yaxın müxtəlif tipli bina tikdirib. Bir binanın tikintisi qurtarmamış başqası başlayırmış. Bu miqyasda inşaat işləri ilə hətta Hacı Zeynalabdin Tağıyev də ayaqlaşa bilmirdi.

1900-cü ildə Nağıyevin ailəsin faciə baş verir – Onun qızı Ümbülbanu doğum zamanı vəfat edir. Ümbülbanu milyonçu Şəmsi Əsədullayevin xanımı idi. Onların nikahından bir qız doğulmuşdu. Bu qız sonradan Parisdə yaşadı və bütün dünyada yazıçı Banin kimi tanındı.
Nağıyevin yazıçı nəvəsi bu yaxınlarda rəhmətə gedib. 

Aradan iki il keçməmiş Ağa Musa Nağıyev taledən ikinci, daha ağır bir zərbə aldı. Dünyanın ən yaxşı xəstəxanalarında müalicə almasına baxmayaraq, onun 27 yaşlı yeganə oğlu Ağa İsmayıl İsveçrədə vərəmdən öldü. 1908-ci ildə atası onun nəşini Kərbəlaya köçürdü və vəsiyyət etdi ki, öləndə onu da müqəddəs məkanda, oğlunun yanında dəfn etsinlər.

Oğlunun xatirəsinə yadigar olaraq Ağa Musa Nağıyev Bakının mərkəzində qeyri-adi saray tikdirmək qərarına gəlir. O, tanınmış polşalı memar İ.Ploşkonu memarlıq nümunəsi seçmək üçün İtaliyaya göndərir. Ploşko örnək kimi Venesiyadakı Palasio Kantariya sarayını təklif edir. 1907-ci ildə Nağıyev “İsmailiyyə” adlandırılan sarayın layihəsini təsdiqləyir və tikinti işləri başlanır. Bu saray öz gözəlliyi ilə Bakının bütün imarətlərini kölgədə qoyur. Binanın alınlığında dördüncü xəlifə imam Əlinin aşağıdakı sözləri həkk edilmişdi:
“İnsan əməyi ilə ucalır və arzularına yalnız zəhməti ilə çatır. İnsan doğulandan ölənə qədər öyrənməlidir. Müsəlmanlar! Sizin dövrünüz sizinlə birlikdə ölür, öz övladlarınızı yeni dövrə hazırlayın!”.

İ.Ploşkonun sözlərinə görə, Bakının mərkəzində milli ornamentlərlə bəzədilmiş bir binanın layihələndirilməsi onun həyatında ən böyük arzusu olub. O, bu arzusunu “İsmailiyyə” binası ilə həyata keçirib. Hazırda bu binada Milli Elmlər Akademiyasının Rəyasət Heyəti yerləşir.  
Həmin illərdə maarifçi və xeyriyyçi cəmiyyətlərin fəaliyyəti aktivləşmişdi. Bu, hansısa bir vahid müsəlman xeyriyyə və mədəni mərkəzinin yaradılmasını tələb edirdi. “İsmailiyyə” belə bir mərkəzə çevrildi. Onun zallarında “Nəşri-Maarif” cəmiyyəti tərəfindən çay süfrəsi arxasında xeyriyyə axşamları təşkil olunurdu. Zaman keçdikcə burada siyasi müzakirələr də aparılmağa başlamışdı. Məsələn, məlumdur ki, 1917-ci il aprel ayının 26-da bu binada xalq müəllimlərinin iştirakı ilə tələbə konfransı keçirilib.


Ağa Musa Nağıyev istedadlı mülki mühəndis N.Q.Bayevin layihəsi üzrə Bakıda böyük şəhər xəstəxanası da tikdirib – hazırda həmin xəstəxana məhz onun adını daşıyır. Təsadüfi deyil ki, bina “H” (kiril əlifbası ilə Nağıyevin soyadının baş hərfi) formasındadır. Bina 1918-ci ildə istismara verilib. Böyük xəstəxananın tikintisi Nağıyevə 300 min qızıl rubla başa gəlib.

Xəstəxana ərazisinin ümumi sahəsi 100 min kvadratmetrdən artıqdır, ambulator hissəsi 1000 çarpayı üçün nəzərdə tutulub. Ağa Musa çox istəyirdi ki, bu xəstəxanada ağır xəstəliklərin profilaktikası həyata keçirilsin və effektiv müalicə işləri aparılsın ki, insanlar, xüsusilə də gənclər, onun oğlu kimi həyatdan vaxtsız köçməsinlər.

M.Nağıyev Bakıda 98 bina tikdirib. Bunların içində ən çox seçilənləri “İsmailiyyə”, 28 May küçəsindəki əkiz binalar və həmin küçədəki daha altı bina, o cümlədən bişmiş kərpiclə tikilmiş binadır. Onun indiki Nizami küçəsində iki gözəl evi vardı. Həmin evlərdən biri birdən-birə üç küçəyə - Rəsul Rza, Nigar Rəfibəyli və Nizami küçələrinə açılır. Binanın altında çiçək passajı yerləşir. Nağıyevin tikdirdiyi başqa məşhur binalar da var: “Qış evi” (indiki Zabitlər evi), Bakıda ilk yeddimərtəbəli bina olan “Yeni Avropa” mehmanxanası – hazırda burada “LUKoyl”un Bakı ofisi yerləşir. O, Bakı realnı məktəbinin tikintisinin başa çatmasını da maliyyələşdirib, hazırda burada İqtisad Universiteti yerləşir. 

Böyük xeyriyyəçi Ağa Musa Nağıyev hər il müxtəlif ali təhsil müəssisələrində oxuyan təqaüdçü tələbələrin təhsilinə 8 min rubl pul ayırırdı. Departament direktoru Kobalevski Bakıda ticarət məktəbi yaradılması təklifi ilə çıxış edəndə qısa müddətdə 170 min manat toplanmışdı. Bu məbləğin 50 minini H.Z.Tağıyev vermişdi. İlk pul köçürənlər arasında M.Nağiyev və Şəmsi Əsədullayev də vardı.

1898-ci ildə Bakıda yetim uşaqlar üçün evin tikintisi başlandı, ancaq ilin sonunda məlum oldu ki, toplanmış pul vəsaiti azlıq edir. Onda M.Nağıyev və Ş.Əsədullayev ilk olaraq iri məbləğli ianə verdilər. M.Nağıyev vərəmlə mübarizə üzrə Qafqaz cəmiyyətinin ən aktiv iştirakçısı idi.

Neft sənayesinin inkişafına, Qara dənizdə üç iri zavodun tikintisinə sərmayə qoyuluşuna, eləcə də “qara qızıl”ın hasilatı üçün yeni mexaniki üsulun tətbiqinə görə imperator II Nikolay onu Andreyev lenti üzərində qızıl medalla və III dərəcəli Müqəddəs Stanislav ordeni ilə təltif etmişdi.

Nağıyev pulunun qədrini bilən adam idi. Bu, xalq arasında onun xəsisliyi barədə çoxlu şayiələrin yayılmasına səbəb olmuşdu. Hərdən hər qəpiyinin hesabını aparsa da, M.Nağıyev digər milyonçulardan geri qalmayaraq təhsil sahəsinə kifayət qədər iri məbləğli ianələr verirdi. Belə ki, o, Bakı realnı məktəbini himayəsinə götürərək hazırlıq sinifində təhsil alan iyirmi beş müsəlman balasının məsrəflərini ödəyirdi. Nəticədə qısa müddətdə müsəlman şagirdlərin sayı 50 faiz artmışdı. 

1872-ci ildə Nağıyev Ruqiyyə xanımla evlənmişdi. Qızın ailəsi Nağıyevin ailəsindən daha tanınmış və daha varlı idi. Axı onları tanış edəndə Musa hələ neft maqnatı deyildi. Ancaq, görünür, gəlinin atası bu gəncin ailə saxlamaq qabiliyyətində olduğunu hələ o vaxt görmüşdü. Üç ildən sonra onların ilk övladı, oğulları İsmayıl, daha sonra isə qızları Ümbülbanu dünyaya gəldi.

Nağıyevin nəvəsi Dilarə xanımın (milyonçunun oğulluğu Fərəc Nağıyevin qızı) sözlərinə görə, onun ikinci arvadı da vardı - Gürcüstan yəhudisi Liza xanım. Kübar məclislərə Nağıyev Ruqiyyə xanımla getmirdi, çünki qadınlar orada açıq axşam libaslarında olurdular, Ruqiyyə xanım isə hicab örtürdü. Ona görə də Ağa Musa cəmiyyət içinə həmişə Liza ilə çıxırdı. Onlar axşam ziyafətlərinin birində tanış olmuşdular. O, Lizanı arvadı, Ruqiyyə xanımı isə uşaqlarının anası adlandırırdı.

1919-cu ildə ərinin vəfatından sonra Liza Nağıyeva Tiflisə, doğmalarının yanına köçür, sonradan yenidən Bakıya qayıdır. Daha sonralar o, bir daha ərə gedir, ancaq övladı olmur. O, ötən əsrin 60-cı illərinin ortalarında Bakıda vəfat edir və Çəmbərəkənddəki rus qəbiristanlığında dəfn olunur. Onun məzar daşının üstündə belə bir yazı həkk olunub: “Nağıyeva Yelizaveta Qriqoryevna”.

Nağıyevin yüzlərlə binası və onlarla gəmisi vardı. 1914-cü ilə qədər artıq onun varidatı yetmiş milyon rubl qızıl pul təşkil edirdi. Daşınan və daşınmaz əmlakı, bütün sərvəti isə daha yüksək məbləğdə qiymətləndirilirdi.


Musa Nağıyev 1919-cu ildə 70 yaşında vəfat etdi.


1919-cu ildə Nağıyevin mirasının bölünməsi üçün məhkəmə prosesi başlandı. İşə üç dəfə baxıldı. Məsələ onda idi ki, ruhani idarəsi mirasın onda bir hissəsinin məscidə verilməsini tələb edirdi, ona görə ki, Nağıyev şiə idi. Bu münasibətlə “əməli-saleh atalar” hətta məhkəməyə rəsmi sənəd də təqdim etmişdilər. Ruhani idarəsinin iddialarından narahat olan varislər isə məhkəməyə öz sənədlərini təqdim etdilər. Həmin sənəddə göstərilirdi ki, Ağa Musa bəhai təriqətinə mənsub olub və hətta bir dəfə məhkəmədə şahid kimi ifadə verərkən Qurana əl basmaqdan imtina edərək, şeyx Bəhaullanın kitabına and içib. Məhz buna görə onun cənazəsi məsciddən çıxarılan zaman dəfn mərasiminə az adam gəlibmiş. 


Bəhailər ruhun və bədənin ölməzliyinə etiqad edirdilər. Ağa Musa Nağıyev səmimi şəkildə inanırdı ki, o, heç vaxt ölməyəcək. Bəhai təriqətinin qanunlarına görə, mərhumun mirası onun arvadına, övladlarına, nəvələrinə, qohumlarına çatır, iyirmidə bir hissəsi isə təhsil məsrəflərinə gedir. Son nəticədə məhkəmə Nağıyevin iki arvadını – müsəlman və gürcü qadınları onun qanuni varisləri kimi tanıdı.


1919-cu il martın 4-də Ağa Musanın qardaşı Ağaəli onu Çəmbərəkənd qəbiristanlığında dəfn etdi. Onun nəşinin sonradan Kərbəlaya aparılıb oğlu İsmayılla yanaşı dəfn edilməsindən ötrü məzara “əmanət daşı” qoyuldu.


1931-ci ildə Bakıda Dağüstü park salınarkən və Kirova abidə qoyularkən bütün məzarlığı söküb-dağıtdılar. Ağaəli Musa Nağıyevin qalıqlarını əmanət daşı ilə birlikdə Biləcəri qəsəbəsindəki qəbiristanlığa köçürdü.


1938-ci ildə Ağaəli özü də vəfat etdi və onu da qardaşının yanında dəfn etdilər. Həmin il Ağa Musanın oğulluğu, Ağaəlinin doğma oğlu Fərəc Nağıyevə xəbər çatır ki, bu məzarlığın yerində vaqon deposu tikiləcək. Fərəc həmin vaxt təqib olunduğu üçün gizlənirdi. Ağa Musanın məzarını yenidən dəfn etmək üçün onun Bakıya gəlməsi təhlükəli olduğundan bu işi görməyə onun arvadı gedir. Sonradan o, danışırmış ki, çox dəhşətli mənzərəydi. O zaman milyonçunun nəşini bükmək üçün onların hətta ağ kəfən almaq imkanı belə yox idi, ona görə də qadın evdən üstündə xırda gülləri olan yastıqüzü gətirməli, onu kəfən yerinə işlətməli olub.


Bu dəfə Ağa Musanın qalıqlarını Biləcəri qəsəbəsindəki təpənin belində salınmış məzarlıqda dəfn ediblər. O, burada 1998-ci ilə qədər qalır. Həmin vaxt Fərəc Nağıyevin övladları Biləcərinin icra nümayəndəliyinə müraciət edərək M.Nağıyevin qalıqlarının yenidən dəfn edilməsi üçün icazə istəyirlər. İcazə verilir və keçmiş milyonçunun yenidən dəfn olunmasına xeyriyyəçi Hacı Əvəz kömək edir. Bu dəfə Nağıyevin qalıqlarını uzağa aparmaq lazım gəlmir, onu elə həmin qəbiristanlığın girəcəyində torpağa tapşırırlar.


Doğmaları onun məzarı üstündə “İsmailiyyə” abidəsi tikdiriblər: Ağa Musa həmişə oğlunun yanında dəfn olunmaq istəyirdi, ancaq dəfn məsələsində İsmayılın bəxti atası ilə müqayisədə daha çox gətirdi, onun qalıqları Kərbalada dinclik tapıb – o yerdə ki, M.Nağıyev özü də uyumağı arzulayırdı. Buna görə də keçmiş milyonçunun yaxınları sırf simvolik olaraq, bu iki doğma adamı yaxınlaşdırmaq üçün atanın məzarı üstündə, onun vaxtilə oğlunun şərəfinə tikdiyi binanın təsvirini andıran abidə tikiblər. 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir