Arxiv
23 İyun 2021, 11:16 | MÜSAHİBƏ
Space TV-nin Qarabağ müxbirləri: “Yaxınlığımıza düşən mərmilər son reportajımız ola bilərdi” - MÜSAHİBƏ+VİDEO

“Hər bir hadisə yerinin jurnalistin son mənzili ola biləcəyini anlayırdıq”

 

Bir var tarixi yaradanlar, bir də var bu tarixi yazanlar. Ötən ilin 44 günündə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında  Azərbaycan Ordusu tariximizin ən şanlı səhifələrini yaratdılar.  Onların bu qəhramanlığını yazıya və görüntüyə alanlar isə jurnalistlər oldu. Milli Mətbuat günü ərəfəsində Azərbaycanın 44 günlük şərəf tarixini yazanlarla bağlı layihəyə start veririk.  İlk müsahiblərimiz Vətən müharibəsi günlərində Azərbaycan tamaşaçısını hərbi əməliyyatlar bölgəsindən operativ məlumatlarla təmin edən Space TV  əməkdaşları – reportyor Emin Babayev və operator Şamo Adıgözəlovdur. Qeyd edək ki, Emin və Şamo özləri də qarabağlıdır. Emin Ağdam rayonunun Qızıl Kəngərli kəndindən, Şamo isə Xankəndidəndir.

 

- Emin müharibə xəbərini necə aldınız və həmin vaxtı hardaydınız?

 

EMİN BABAYEV: - Əslində müharbənin başlanması mənim üçün gözlənilməz deyildi. Vətən Müharibəsindən bir müddət əvvəl, Tovuz döyüşləri başlayanda çalışdığımız Space televiziyasının  əməkdaşları olaraq operatorum Şamo Adıgözəlovla birlikdə  Tovuz rayonuna ezam olunmuşduq. Qısa müddətli döyüşlərdən sonra Qarabağ bölgəsinə qayıtdım. Biz Ermənistan ordusunun cəbhədə hərəkətliliyi, sanki muharibə hazırlıqları görmələri barədə xəbərlər verirdik. Tovuz döyüşlərindən sonra Qarabağ cəbhəsində tez-tez atəşkəsin pozulması qeydə alınırdı.  Sentyabrın 27-də səhər saatlarında düşmən ordusunun təxribatı barədə xəbər aldıq. Həmin vaxt evdəydim, dərhal operatorumla birlikdə  cəbhənin Tərtər istiqamtinə yola düşdük. Yaşayış məntəqələrimizin, mulki əhalinin  artreliya atəşinə tutulduğunun şahidi olduq.  

 

- Siz hərbi jurnalist deyilsiniz, amma birdən-birə müharibənin içinə düşdünüz. Ən çox nədə çətinlik çəkdiniz?

 

EMİN BABAYEV: - Mən düşünürəm ki, əslində Qarabağ bölgəsində calışan mətbuat nümayəndələrinin hamısı hərbi jurnalistdir. İllərdir həmin media nümayəndələri atəş altında hərbi jurnalist kimi fəaliyyət göstərir, reportajlar hazırlayırlar. Uzun illər Qarabağ bölgəsində çalışdığım üçün erməni silahlı birləşmələrinin davamlı olaraq atəşə tutduqları əvvəlki cəbhə xəttində yerləşən yaşayış məntəqələrimizdən, eləcə də 2014-cü ilin avqust və 2016-cı ilin aprel döyüşlərində jurnalist olaraq ən qaynar nöqtələrdən xəbərlər hazırlamışam. Vətən Müharibəsinə qədərki dövrlərdə  informasiya cəbhəsihdə calışıb üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə calışmışıq. Atəşkəs dövründə əldə etdiyimiz təcrübə bu müharibədə jurnalist kimi fəaliyyətimizdə yardımçımız oldu. Cünkü biz cəbhə muxbirləri və operatorları olaraq atəşin, güllənin, mərminin nə olduğunu, təhlükəsizlik qaydalarına necə əməl etmək lazım gəldiyini, nəyi lentə alıb – almamalı olduğumuzu, hansı xəbəri vermənin vacibliyini bilirdik.

 

- Müharibə günlərində erməni işğalçıları bir gündə bir neçə məkanda partlayış törədir, artilleriya atəşinə tuturdular. Bunların hamısını necə çəkib çatdıra bilirdiniz?

 


EMİN BABAYEV:
- Məcbur idik, işimiz budur. Düşünün ki, Tərtərdə  hansısa bir evə mərmi düşürdü, dərhal hadisə yerinə yollanırdıq. Çəkiliş aparan zaman xəbər gəlirdi ki, ermənilərin Ağdamı atəşə tutması nəticəsində daha bir ev dağlıb, yaralılar var. Dərhal bir hadisə yerindən digərinə yollanırdıq və birinci hadisə yerindən  çəkdiyimiz materialı elə maşında yol gedərkən hazırlayıb göndərməli olurduq. Bunun da öz çətinlikləri olurdu. Bəzən kompüter sönürdü, İnternet kəsilirdi.  Bütün bu çətinliklərə baxmayaraq süjeti, görüntüləri vaxtında çatdırmağa calşırdıq. Cunki Azərbaycan əsgəri ön xəttdə düşmənlə üz-üzə silahlı ilə vuruşurdusa, biz də öz qələmimizlə, sözümüzlə informasiya cəbhəsində var gücümüzlə calışmağa borcluyduq.


- Müharibə həm qan, həm də ölüm deməkdir. Həyatınız üçün heç ciddi təhlükə yaradacaq məqamlar oldumu? Və oldusa da harada oldu?

EMİN BABAYEV: - Əlbbəttə oldu,  dəfələrlə ölümlə üz-üzə gəldik. Hər bir hadisə yerinin jurnalistin son mənzili ola biləcəyini anlayırdıq.  Dəfələrlə yanımıza mərmi düşdü. Hətta yüngül xəsarət də aldıq. 44 günlük Vətən Müharibəsi zamanı  operatorum Şamo Adıgözəlovla birlikdə Tərtərin Qapanlı, Düyərli kəndləri, Sixarx qəsəbəsində reporatj hazırlayarkən yaxınlığımıza düşən mərmilər bizim son reporajımız ola bilərdi. Ancaq bu qismət işidir. Sükürlər olsun ki, həmin haidsələr zamanı yüngül xəsarətlə qurtulduq.  Bütün bu kimi təhlükələr bizi yolumuzdan döndərə bilməzdi. Cünki illərdi bu günün həsrəti ilə yaşamışdıq.

 

- 44 gün boyunca heç yorulduğunuz, çəklişlərə ara vermək istədiyiniz məqamlar oldumu?

 

EMİN BABAYEV: - Qətiyyən. Belə bir yorğunluq, çətinlik və yaxud bezmək kimi hisslər adamın ağlına belə gəlmirdi. Bəlkə də bu o səbəbdən idi ki, hər gün Azərbaycan Ordusu daha bir neçə kəndi işğaldan azad edirdi və bu xəbərlər bizi işləməyə ruhlandırırdı. İnanın bu 44 gündə bir dəfə də olsun, evə dönüm, rahat yatım kimi bir hiss keçmədi içimdən... Düşünürdüm ki, bu əziyyətlərin sonunda illərdi həsrətində olduğumuz torpaqlara, Qarabağa gedəcəyik. Bu arzu mənə güc verirdi. Cünki mən özüm də məcburi köckünəm.  1993- cü ildə ermənlərin işağalçılıq siyasəti nəticsində ailəmlə birlikdə  el-obamızdan, Ağdamın Qızıl Kəngərli kəndindən köckün düşərək Bərdə rayonunda müvvəqəti məskunlaşmışıq. Bu illər ərzində torpaqlarımıza qayıdacağımızla bağlı hec vaxt ümidimiz itirməmişik.

 

- Ayrı-ayrı bölgələrin azad olunması xəbərlərini alanda hansı hissləri keçirirdiniz? Ən çox hansı xəbərə sevindiniz?

 

EMİN BABAYEV: - Biz demək olar ki, qaynar bölgədə  olan insanlar olaraq hər gün qələbə xəbərlərini eşidirdik və haranın artıq ordumuzun nəzarətinə keçməsi ilə bağlı Bakıdakılardan daha tez xəbər tuturduq. Amma xəbərlər yalnız rəsmən təsdiqləndikdən sonra  biz də süjetlərimizdə məlumat verirdik.  Azərbaycan Ordusunun hər gün bir kəndi, qəsəbəni, rayonu işağldan azad etməsi bizə böyük sevinc yaşadırdı. Müharibənin başa catması, Azərbaycan Ordusunun qələbə qazanması xəbərini aldığımız gün biz opertorum Şamo Adıgözəlovla Tərtərdə  evləri ermənilər tərəfindən dağıdılmış, viran edilmiş şəxslərin qələbə sevincini lentə alırdıq. Bu həm fərqli hisslər, həm də unudulmaz tarix idi. Bir jurnalist kimi özümü müharibədən qələbə ilə çıxmış əsgər kimi hiss edirdim və çox sevincli idim. 44 günlük çətinliklər arxada qalmışdı. Şuşanın alınması xəbəri məni daha çox sevindirdi. Bu sevincin içində bir sevinc də vardı. Mənim ata yurdum Ağdamın da erməni işğalından azad edilməsi üçün tarix müəyyənləşmişdi və bu prosesdə mənim də bir jurnalist kimi əməyim vardı. Bunun üçün hisslərimi ifadə etməkdə söz tapmıram.

 

- Gənc yaşınızda müharibənin, erməni terrorunun dəhşətli üzünü gördünüz. Bu dəhşətlərdə ən çox üzüldüyünüz an hansı oldu?

 

EMİN BABAYEV: - Mənim yaşadışım rayonda baş verən faciə... Terror... Bərdə terroru. Biz hadisə yerinə çatanda orada partlayış yenicə olmuşdu və mən qanlar axan küçədən canlı yayım edirdim. Bu dəhşət idi... Hər tərəfdə ermənilərin atdığı  raket nəticəsində parçalanmış meyidlər.. Bəzən jurnalist olduğumu unudub, onlara yardım edirdim. Amma bu hadisədən bir gün öncə Bərdənin Qarayusifli kəndində daha bir raket dinc sakinin həyətinə düşmüşdü. Orda balaca qızcığaz yellənçəkdə yelləndiyi yerdə qanına qəltan olmuşdu. Həmin gün 5 yaşlı Aysun və başqa 4 mülki şəxs həyatını itirdi. Mən Aysunun atası ilə həmsöhbət olarkən həyatımın ən böyük acısını yaşadım. Deyirlər jurnalist soyuqqanlı olmalıdır. Amma mən həmin vaxt o atanın bütün yaşadıqlarını öz içimdən keçirmişdim və mən həmin hadisəni, o cümlədən Bərdədə baş verən erməni terrorunu ömrümün sonuna qədər unutmayacağam. Bu dəhşət idi..

 


SAMO ADIGÖZƏLOV
- Mənim ailəm məburi köckün olaraq bu muharibənin acısını bir necə dəfə yaşayıb -1988- ci ildə Xankəndi şəhərindən,  1993- cü ildə isə Ağdam rayonundan köckün düşmüşük. İki dəfə yaşadğımız məcburi köckünlük həyatı uşaqlıq xatirələrimdə böyük iz buraxıb. 2017- ci ildə Space TV-nin operatoru kimi Qarabağ bölgəsində əmək fəaliyyətinə başladım. Cəbhə bölgəsində mütəmadi olaraq hazırladığımız reportajlar hər zaman bizi Qarabağa doğru aparırdı. Müharibə başlayan gün ən sevincli günlərimdən biri idi. Baxmayaraq ki, Ermənistan ordusu qəsdən və bilərəkdən mülki əhalini atəşə tutub, terror hadisələri tərədirdi. Amma sanki bunun son olacağına əmin idim.  Mənim ücün ən ağır günlər Tərtər və Bərdədə yaşandı. Terror nəticəsində həyatını itirmiş insanlar, yerdə qalmış cansız cəsədlər....bütün bunları lentə almaq cox ağır idı....

 

- Möhtəşəm qələbə günümüzü necə xatırlayırsınız? 44 günlük ağır günlərdən sonra  Qələbəni lentə almaq necə bir duyğu  idi?

 

EMİN BABAYEV: - Elə bilirdim ki, hər kəsdən çox mən sevinirəm. Bəlkə də bu belə deyildi.  Amma mən elə hiss edirdim. Qələbə qazanan bir ordunun, zəfər çalan bir xalqın jurnalisti idim. Mən qələbə qazanan bir ölkənin jurnalisti idim.

 


Azadə Balayeva

 

 

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv