Modern.az

Hər yetəndən bal ALMAYIN - Loğman MƏSLƏHƏTİ

Hər yetəndən bal ALMAYIN - Loğman MƏSLƏHƏTİ

23 İyun 2021, 12:11

Balın faydasından, müalicəvi əhəmiyyətindən yazmağa ehtiyac yoxdur . Hamı bilir ki, balın tərkibində insan orqanizimi üçün gərək olan bütün faydalı elementlər var, özü də çox gözəl düzülüş və tənasübdə. Ona görə də el arasında belə bir deyim əsrlər boyu yaşayır: “Bal - min bir dərdin dərmanıdı”.

Əlbəttə, söhbət təmiz baldan gedir. Təmiz balı isə ancaq təmiz əqidəli, əxlaqı təmiz insanlar hasilə yetirir. Arıçılar arasında belə insanlar qalıbmı? Qalıb, amma çox az. Onların da öz müştəriləri olur və balı tez alınır.

Balın təmiz olmasına dəlalət edən bir neçə nişanə var. Amma vicdanını pula satan dələduzlar bunun da çarəsini tapıblar. Elə edirlər ki, natəmiz balda da həmin nişanələr üzə çıxır.

Bəs laboratoriyalar? Təəssüf ki, orda işləyənlərə də etibar qalmayıb, dələduzlar onların da qəlbinə yol tapa bilirdlər.

Soruşacaqsınız: bəs təmiz balı hardan alaq?

“Hardan almayaq” desəydiniz daha rahat cavab verə bilərdim. Hər halda, qapıları gəzib ucuz qiymətə bal təklif edən “xeyirxah” alverçilərdən almayın. Yarmarkalara da inamım yoxdur, onu təşkil edən təşkilatlar ancaq öz mənafelərin güdürlər. İl boyu bal satan arıçılar da sizə təmiz bal təklif edə bilməz. Təmiz bal yetişdirməyə üstünlük verən arıçılar öz məhsullarını iyun-avqust aylarında satıb qurtarırlar.

Şəxsən mən ancaq tanıdığım və inandığım arıçıların qapısını döyürəm. O, hər il 100 kq bal alan daimi müştərini itirmək istəmir və arılara gül-çiçək əvəzinə, şəkər tozu vermir. Həm də dəqiq bilir ki, əgər arılara süni qida versə, onlar xəstələnəcək və kütləvi şəkildə qırılacaq.

Məndə olan məlumata görə, bu il məhsul bir qədər tez yetişib. Ona görə də indidən etibarlı arıçı axtarın, tapsanız - itirməyin. Saxtakarların at oynatdığı indiki qarışıq zəmanədə yaxşı adam və yaxşı arıçı tapmaq müşkül işdir.

Balı heç nə əvəz edə bilməz. Bir çay qaşığı balı səhər-səhər acqarına çiy suya qatıb içmək, qara çay əvəzinə, itburnu və qaragilə dəmləməsini balla içmək hər bir xəstəlik vaxtı gözəl fayda verir. Çox istərdim ki, insanlar şəkərə, şəkər tozuna, konfetə, şokolada verdiyi pulları bala versin, balın köməyi ilə orqanizmin immmun sistemini gücləndirsin, daima yüksək səviyyədə saxlasın.

Ərşad Əzimzadə,

“Ana Təbiət” NGM rəhbəri, yazıçı-jurnalist.

23.06.2021

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?