Arxiv
25 İyun 2021, 09:12 | REPORTAJ
Doğulan qızını görməyən şəhid: “Adını Məryəm qoyarsız” - FOTOLAR

Azərbaycan silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsi  zamanı verdiyi şəhid sayı  sonuncu rəsmi statistikada 2901 nəfər qeyd edilib. Müdafiə Nazirliyi Vətən müharibəsi  şəhidlərinin sonuncu siyahısını 14 iyun  2021-ci il tarixində dəyişib. Həmin siyahıya əsasən, 10 hərbi qulluqçumuz hazırda itkin düşmüş sayılır.

Şəhidlərimizdən bəziləri heç ata olmadan, bəziləri isə dünyaya gələcək olan sonbeşiklərini görmədən bu dünyadan köçdülər.


Modern.az
-ın məlumatına görə, Vətən müharibəsindən sonra 100 şəhid övladı dünyaya gəlib. Bu körpələrin ayrı-ayrılıqda təqdimatına davam edirik.

 

Dünyaya gələcək övladına ad verib, üzünü görmədən həlak olan şəhidlərimizdən biri də Vüsal Tahir oğlu Quliyevdir


Arayış:
Vüsal Quliyev 1985-ci il iyunun 5-də Lənkəran şəhərində anadan olub. Lənkəran şəhər Xarici Dillər Gimnaziyasında təhsil alıb. Azərbaycan Ordusunun kapitanı olan Vüsal Quliyev 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı Tərtərin Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sentyabrın 28-də  Suqovuşan döyüşləri zamanı şəhid olub. Lənkəran şəhər Şiləvar qəbristanlığında dəfn olunub.


Şəhidin həyat yoldaşı Fərqanə Quliyeva Modern.az-a döyüşçümüz haqqında danışıb:


“Həyat yoldaşım Tərtər rayon N saylı hərbi hissədə kəşfiyyat rəisinin köməkçisi vəzifəsində xidmət edirdi. Suqovuşan, Ağdərə istiqamətində gedən döyüşlərdə sentyabrın 27-də qəhərmancasına şəhid olub. Rayonmuzun 4-cü, Lənkəran şəhərinin 1-ci şəhididir. 2018-ci ildə “Azərbaycan ordusunun  100 illiyi” medalı ilə təltif olunub. Ölümündən sonra isə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub”.


Fərqanə xanım deyir ki, Vüsalın övladının dünyaya gələcəyindən xəbəri var idi:

“Körpəmizin qız olacağını bilmirdik, amma Vüsal demişdi ki, “qızım olacaq, adını Məryəm qoyarsız”. Böyük uşaqlarımıza- 8 yaşlı qızımıza Rüqəyya, 7 yaşlı oğlumuza isə Hüseynəli adını vermişdi. Şəhidim Allaha, dininə çox bağlı olduğu üçün övladlarına dini adlar seçmişdi. Ən böyük arzusu övladlarına mükəmməl təhsil vermək, onları cəmiyyətə xeyirli övlad kimi yetişdirmək idi. Həmişə övladlarına deyərdi ki, “hansı sahəni seçirsizsə seçin, amma çalışın ki, işinizdə mükəmməl olasınız”. Arzuları çox idi, danışmaqla bitməz. Övladlarına həm ata, həm də dost idi.  35 illik ömrünün 18 ilini hərbi sahəyə həsr etdi. Gözlərini əbədiyyən yumdu, arzuları yarımçıq qaldı...”.


Humay İsgəndərova

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv