Modern.az

AzTV-nin savaş müxbiri: “Ailəmdən, dostlarımdan, yaxınlarımdan hallallıq da almışdım” - MÜSAHİBƏ

AzTV-nin savaş müxbiri: “Ailəmdən, dostlarımdan, yaxınlarımdan hallallıq da almışdım” - MÜSAHİBƏ

25 İyun 2021, 15:16

Vüsal Qaraca: “Əmimin şəhid olduğu Aşağı Veysəlli kəndinin azad olunduğunu eşidəndə çox duyğulandım və hönkürtü ilə ağladım”


“Təsəvvür edin ki, aparıcı deyir: Şuşadan canlı bağlantımız var.  Bu cümlə üçün canımızdan belə keçməyə dəyərdi” 


Bir var tarixi yaradanlar, bir də var bu tarixi yazanlar. Ötən ilin 44 günündə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu tariximizin ən şanlı səhifələrini yaratdılar. Onların bu qəhramanlığını yazıya və görüntüyə alanlar isə jurnalistlər oldu. Milli Mətbuat günü ərəfəsində Azərbaycanın 44 günlük şərəf tarixini yazanlarla bağlı layihəmiz davam edir.

Modern.az-a növbəti həmsöhbətimiz Dövlət  Televiziyasının (AzTV)  əməkdaşı, savaşın başladığı ilk gündən ən qaynar nöqtələrdən reportajlar hazırlayan Vüsal Qaracadır.
 

- Vüsal etiraf edim ki, hərbi əməliyyatlar dövründə mən yerli jurnalistlərdən ən çox sənin reportajlarını izləyirdim. Səni Bakıda görməyə alışmışdıq. Bizdə xüsusi hazırlıq görmüş hərbi jurnalistlər olmadığından müharibə dövründə əsasən bu funksiyanı Qarabağ üzrə bölgə müxbirləri öz üzərlərinə götürmüşdülər. Amma bir baxdım sənin də səsin hərbi əməliyyatlar bölgəsindən gəlir. Necə oldu qaynar nöqtəyə gedəsi oldun? Təşəbbüs özündənmi gəldi, yoxsa rəhbərlikmi belə məsləhət gördü? 


- Əvvəlcə mənim fəaliyyətimi dəyərləndirdiyiniz və müharibə dövründə izlədiyiniz üçün təşəkkür edirəm. Sizin məni izlədiyinizi eşitmək çox xoş oldu və qürurlandırdı. Sualınıza gəlincə, mən Lider televiziyasında çalışdığım müddətdə Müdafiə Nazirliyində hərbi jurnalist kimi akkreditasiyadan keçmişdim.  Lider TV-də hərbi mövzularda  əksər reportajların hazırlanması  mənə tapşırılırdı. Təbii ki, bu sahəyə marağım çox idi. Ona görə də rəhbərlərim də bunu bildikləri üçün bu sahəni mənə həvalə etmişdilər. Sonra hərbi vətənpərvərlik və idman redaksiyası yaradıldı və mən o redaksiyada işləməyə başladım. Hərbi sahə ilə bağlı xüsusi reportajlar, araşdırmalar aparırıdım. Eyni zamanda hərbi texnikaları, silahları, minaların xüsusiyyətləri, bir sözlə bu sahəyə aid nə varsa hər zaman öyrənirdim və yaxından izləyirdim. Aprel döyüşləri zamanı da çəkilişlərdə iştirak etmişdim. Ondan sonrakı vaxtlarda azad olunmuş strateji yüksəklik olan Lələtəpədən reportajların olmuşdu. ARB televiziyasında çalışdığım müddətdə də hərbi çəkilişlərlə bağlı bir neçə dəfə mənə etimad göstərilmişdi. Yəni, demək istəyirəm ki,  bu sahədən elə də uzaq biri sayılmıram. AzTV-də çalışdığım müddətdə də hərbi sahəylə bağlı ara-sıra reportajlar hazırlayırdım. Tovuz hadisələri yaşananda mən evdə idim. Xəbəri eşidən kimi dərhal rəhbərliklə əlaqə saxladım və Tovuza ezam olunmamı xahiş etdim. Çox sağolsunlar dəyərləndirdilər və mən ailəmlə sağollaşaraq Tovuza yollandım. Orada cərəyan edən hadisələrlə bağlı birbaşa bağlantılarla məlumatları yerindən çatdırır və reportajlar hazırlayırdım. Sentyabrın 27-də Vətən Müharibəsi başlayanda da dərhal müraciət etdim. Yerindən xəbər vermək üçün hədsiz istəkli olduğumu dedim və rəhbərlik dərhal, “hazırlaş, get”, deyə göstəriş verdi. Ailəm də qərarlı olduğumu gördü və məni yola saldılar. Yollandım Füzuli istiqamətinə. Həm də mən əslən beyləqanlı olduğumdan o tərəfləri daha yaxşı tanıyırdım. Düşünürdüm ki, o bölgədən daha yaxşı və çox informasiya toplaya bilərəm. Digər tərəfdən də hərbi strukturdakı əlaqələrim və mütəmadi olaraq reportajlar hazırlayarkən əlaqə saxladığım zabitlərin də müharibədə iştirak zamanı informasiyaların toplanmasında hansı məqamlara diqqət etməli olduğum, hansı informasiyanın sızmaması, hansının verilib - verilməməsi ilə bağlı mənə kömək olacaqlarını bildiyimdən  bu işi bacaracağımı düşünürdüm. Və beləliklə Vətən Müharibəsindən məlumatları çatdırmaq kimi şərəfli bir missiyaya başladıq.  



- Biz bu savaşda hansısa sıradan bir hadisəni çəkən bir jurnalist deyildik. İllərdir nankor qonşunun vəhşiliklərindən əziyyət çəkən bir xalqln övladlarıyıq. Ona görə də bir çox hallarda baş verənlərə jurnalist soyuqqanlılığı nümayiş etdirmək əlimizdə olmurdu. Bu müharibə boyu jurnalist olduğunu unutduğun, hisslərinə hakim ola bilmədiyin  məqamlar oldumu? 
 


-  Yol boyu əsgərlərimizin cəbhəyə yollanmasının, yerli sakinlərin onları necə coşğuyla yola salmalarının şahidi olmaq artıq həyəcanlandırmışdı məni. Həm də hər birimiz torpaqlarımızı azad görmək yanğısıyla gedirdik o yolu. Bir düşüncə vardı: “Nə olur olsun, torpaqlarımzı azad edək!”. Bir də ölkəmizin xüsusilə son 17 ildəki artan gücü, Ali Baş Komandanın qətiyyəti və siyasətinə də güvən var idi. Ona görə sanki hər kəs əvvəlcədən qələbəyə inanırd və o ruhda savaşa gedirdik. Mənim əmim İsayev Yusif Qaraca oğlu 1-ci Qarabağ savaşında Füzulinin Aşağı Veysəlli kəndində şəhid olub. Üstəlik illərdir xalqımıza qarşı törədilən vəhşiliklər, Xocalıda törədilən soyqrımı faktı... Ona görə də torpaqlarımızı azad edəcəyimiz, qisasımızı alacağımız günü səbrsizliklə gözləyirdim. Yəni jurnalist kimi məlumatları çatdırmağa çalışırdım, amma emosiyalarımı, yaşadığım duyğunu qətiyyən gizlədə bilmirdim. Nə baş verirdisə, hansı xəbərləri vermək mümkündürsə, dərhal çalışırdım sevincimi hamıyla bölüşüm. Dünyaya car çəkim ki, baxın budur Azərbaycan ordusunun gücü, budur Azərbaycan xalqının qüdrəti. Demək olar ki, orda olduğum müddətdə hislərimə hakim ola bilməmişəm. Sadəcə əsas diqqət etdiyim məqam o idi ki, nə olur- olsun, sevinc hisslərinə qapılıb düşmən üçün kəşfiyyat məlumatı sayıla  biləcək informasiyaları səsləndirməyim. Hadisələrin gedişatına təsir edəcək, ordumuza zərər verə biləcək informasiyaları səsləndirməyim və strateji ərazilərin görüntülərini yaymayım.  


-
Ayrı-ayrı kəndlərin, şəhərlərin qələbə xəbərlərini alanda hansı hissləri keçirirdin? Ən çox hansı xəbər səni  sevindirdi?  


- Həmin hisləri sözlə ifadə etmək çətindir. Bəlkə də bir atanın ilk dəfə körpəsini qucağına almasından daha gözəl, daha xoşbəxt hislər idi. Təbii ki, bütün kəndlərin, qəsəbələrin, şəhərlərin azad olunması xəbəri məni hədsiz sevindirirdi. Amma açıq etiraf edim ki, əmimin şəhid olduğu Aşağı Veysəlli kəndinin azad olunduğunu eşidəndə çox duyğulandım. Həmin an hönkürtü ilə ağladım və sonra bibimə zəng edərək xəbəri verdim. İndi o bibim də dünyadan köçüb.  Ömür boyu o anlar mənim üçün unudulmaz xatirə qalacaq. Bəlkə həyatım boyu o andakı qədər sevinc hissi yaşamamışdım. 

- Bu müharibə sırasında erməni terrorunun dəhşətli üzünü gördünüz.  Bu dəhşətlərdə ən çox  üzüldüyünüz an hansı oldu? 


- Cəbrayılda və Ağdamda gördüklərim sözlə ifadə ediləcək bir vəziyyət deyildi. Ətrafın necə xarabalığa çevrildiyini görmək həqiqətən dəhşət idi. Sonra Kəlbəcər boşaldıldıqdan sonra ilk səfər edənlərdən biri də mən oldum. Orda evlərin necə dağıdıldığını, ağacların necə məhv edildiyini görəndə çox pis olmuşdum. Amma mənə ən təsiredici, ən çox üzüldüyüm Zəngilanda və Ağdamda qəbiristanlıqda qəbirlərin qazılması, məhv edilməsi oldu. Hələ də orda gördüklərimi unuda bilmirəm və hələ də hansı əqidə ilə belə vandallığın törədildiyini anlamamışam. Yəni, bir azərbaycanlının belə birşeyi etməsi deyil, düşünməsinin belə mümkün olmadığına inanıram.  



- İş prosesi necə idi? Güllə, mərmi yağışları altında necə işləyirdiniz? Operativliyi necə təmin edə bilirdiniz?  


- İş prosesi… İş prosesi də adlandırmaq olar, amma mən daha çox Vətənə xidmətimiz adlandırıram ordakı işimiz. Çünki orada çalışdığımız qurumun tələbləri çərçivəsində deyil, Vətənimiz, müllətimiz, ordumuz üçün nə edə bilərik, əlimizdən nə gələ bilər deyə canfəşanlıq edir, həm də informasiya çatdırmağın, yaşananlar barədə, qələbələr barədə xəbərlər verməyin xoşbəxtliyini yaşayırdıq. İlk 3 gün bizim üçün bir qədər çətin oldu. Çünki, hər güllə səsi, mərmi səsi istər - istəməz insanı vahiməyə salırdı. Amma sonra alışdıq.  Bir mddət sonra artıq hansı ərazidən, hansı texnikadan hansı mərminin atıldığını belə səsindən anlaya bilirdik.  Gecə- gündüz çalışırdıq. Torpağın üstündə gecələdiyimiz günlər də az olmadı. Amma birbaşa yayınlara qoşula biləcək ən müasir aparatlarla təmin olunmuşduq. Ona görə anında dərhal vaxt itirmədən  xəbərləri çatdıra bilirdik. Füzuli rayonun Kərimbəyli kəndində Mərdan müəllim var. Mərdan müəllim və ailəsi orda olduğumuz müddətdə bütün çətinliklərimizin həllində, qidalanmağımızda, gecələməyimizdə əllərindən gələni əsirgəmirdilər və bütün yerli vətəndaşların hamısının qapısı üzümüzə açıq idi. Nəsə xırda bir zərurət yarandıqda belə istənilən qapını döyüb kömək istəyirdik və dərhal həllini tapırdı.  


- Sənin  bir neçə dəfə ciddi həyati təhlükəylə də üzləşdiyindən xəbərim var.  Belə hallarla harada qarşılaşdın? Necə dəfə belə hallarla üz-üzə qalmısan? 


- Təbii olaraq hara getdiyimi bildiyim üçün hətta həyatımı itirməyi belə gözə almışdım. Ailəmdən, dostlarımdan, yaxınlarımdan hallallıq da almışdım. Amma qətiyyən ölmək fikrim yox idi (gülümsəyir). Tovuz hadisələri zamanı da bəzi təhlükəli vəziyyətlərin içində olmuşdum. Artıq ona görə elə bir ciddi qorxu da yox idi. Füzulidə bir dəfə kəndin biri atəşə tutulmuşdu. Həmin yerə çəkilişə getmişdim. Orda olduğum zaman yaxınlığımıza mərmi düşdü. Mən tam açıqlamaq istəmirəm hansı ərazidə nə baş verdiyini. Amma 3 dəfə çox yaxınımıza top mərmisi düşüb. Təbii ki, təlimatlıydıq və necə qorunmaq lazım gəldiyini  bildiyimiz üçün ciddi bir problem yaşanmadı. Bir də şans və qismət məsələsi də var yəqin. 



- 44 gün boyunca heç yorulduğunuz, çəkilişlərə ara vermək istədiyiniz məqamlar oldumu? 
 


- Nə 44 gün boyunca, nə ondan sonrakı vaxtlarda, nə də indi əsla zəfərimiz barədə, azad olunmuş torpaqlarımız barədə xəbər verməkdən yorulmadım və əsla yorulmaram. 


- Möhtəşəm Qələbə Günümüzü necə xatırlayırsınız? 44 günlük ağır günlərdən sonra Qələbəni lentə almaq necə bir duyğu idi?
 


- Möhtəşəm qələbə günü paytaxta qayıtmışdım. Gecə gec saatlarda məlum sənədlər imzalandı və biz qələbəni qeyd etməyə başladıq. Gecəylə hərkəs küçələrə axışdı. Hərkəs bir-birini qucaqlayır, bir yanda göz yaşı, bir yanda nəfəsi tükənənədək bağıranlar, bir tərəfdə rəqs edənlər.... o anları şərh etməyə tam səmimi deyim ki, mediada çalışmağıma, jurnalist olmağıma baxmayaraq, söz, cümlə tapa bilmirəm. Və həyatımın ən unudulmaz anlarından biri - Azad olunandan sonra Şuşaya getmək və Şuşadan ilk canlı yayıma bağlanmaq da qismətim oldu. Şuşadan canlı bağlantımız var: bu cümlə üçün canımızdan belə keçməyə dəyərdi. Təsəvvür edin, 28 ildən sonra ilk dəfə aparıcı deyir: Şuşadan canlı bağlantımız var. Vüsal Qaraca bizimlə birbaşa bağlantıdadır. Buyur, Vüsal səni eşidirik. Bax, həmin an elə bildim nəfəsim gələcək. Ürəyim sürətlə çırpınırdı. Öz-özümə təkrarladım ki, Vüsal sakit, Vüsa sakit, normal günlərdən biridir və sən də normal canlı yayımdasan. Həmin efirdə canlı bağlantı necə başladı, necə bitdi heç anlamadım. Təxminən 10 gün müddətində demək olar ki, 18 saatdan artıq bir müddətdə dayanmadan Şuşadan, hər küçəsindən, hər nöqtəsindən canlı bağlantılara qoşulurduq, Reportajlar hazırlayırdıq. Evlərini, məhəlləsini, küçələrini, məktəbini ekrandan izləyən hərkəs sosial şəbəkələr vasitəsilə mənə yazırdı və kimlər haranı görmək istəyirdisə, telefonla da olsa çəkib göndərirdim. Hətta ABŞ-dan, İngiltərədən, Rusiyadan və Fransadan şuşalılar mənə yazırdılar və onların da yaşadıqları ərazilərdən çəkilişlər edirdim. O anlar, o çəkilişlər, şuşalılarla söhbətlərimi əsla unuda bilmərəm. Bu gün küçədə gəzərkən, harasa gedəndə də sual verirlər sən o müharibə vaxtı orda olan jurnalist deyilsən? O sualı eşitmək, sənə olan münasibəti görmək tamamilə başqadır. Mən orada olduğum müddətdə qonşulardan tutmuş tanımayan hər kəs bizim evə gəlib tez-tez atamgildən, “nəyəsə ehtiyacınız varmı, Vüsal yoxdur biz burdayıq”, deyirmişlər. Bu millətin birliyi, bu xalqın varlığı, həmrəyliyi bəlkə də dünyanın heç bir yerində yoxdur. Millətimizi, xalqımızı Ali Baş Komandanın rəhbərliyi ilə hələ daha gözəl günlərin gözlədiyinə əminəm. MƏN FƏXR EDİRƏM Kİ, MƏN AZƏRBAYCANLIYAM! 


Azadə Balayeva

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...